Məhkəmə qərarları › İş №2(006)-5563/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5563/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5563/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «öhdəliyin icrası» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «öhdəliyin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın üzərinə ona kompensasiya olaraq 50.000 manatın ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.3.2-ci maddəsi ilə barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə, 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2019-cu il tarixdən hesablanmış, Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə müvafiq olaraq ona Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. O, məhkəmənin hökmü ilə məhkəmə zalından həbs edilmişdir. Həmin hökmdən onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 13 yanvar 2020-ci il tarixli 1(103)-25/2020 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmiş, hökmlə onun əməli Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsindən CM-in 314.2-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə təqsirli bilinmiş və CM-in 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin olunmamışdır. Ona verilmiş ittihamın CM-in 178.3.2-ci maddəsinə dair hissəsi hökmdən xaric olunmuş və onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsi qərarında qeyd etmişdir ki, İddiaçı CM-in 178.3.2-ci maddəsi ilə verilmiş ittiham əsaslı sayıla bilməz. Beləliklə, ona verilmiş əsassız ittihamla məhkum olunduğuna görə 7 ay 10 gün əsassız həbsdə qalmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 13 yanvar 2020-ci il tarixli 1(103)-25/2020 saylı qərarı ona aid hissədə Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli 1(102)-11/2021 saylı qərarı ilə dəyişiklik edilmədən saxlanılmışdır. CPM-in 39.2, 39.3, 36.1, 56.0, 56.0.1, 56.0.2, 56.0.5, 57.1, 58.1, 58.2-ci maddələrinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, 2-ci qrup əlil və xəstə olması onun bu əsassız həbsi ağır keçirməsinə səbəb olmuşdur, xəstəlikləri kəskinləşimşdir. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasına gələ bilmədiyini göstərmiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etiraz təqdim edərək, izahatında bildirdi ki, İddiaçı onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmün sonradan Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirildiyini, əməlinin Cinayət Məcəlləsinin 308.2-ci maddəsindən 314.2-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə təqsirli bilindiyini, CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin olunmamasını, CM-nin 178.3.2-ci maddəsinə dair hissəsinin hökmdən xaric olunmasını və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilərək, məhkəmə zalından azad edildiyini qeyd edərək, cavabdeh təşkilatın üzərinə kompensasiya olaraq 50.000 manat ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Çünki, iddiaçı barəsində qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13.01.2020-ci il tarixli 1(103)-25/2020 saylı qərarından aydın olur ki, Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun əməli CM-nin 308.2-ci maddəsindən CM-nin 314.2-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə təqsirli bilinmişdir. Həmin qərarla İddiaçı CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin olunmamış və onun barəsində CM-nin 178.3.2-ci maddəsinə dair hissə hökmdən xaric olunmuşdur. Həmin qərarın nəticə hissəsində də Quluzadə (Quliyev) Ramiz Mirzə oğluna bəraətin verilməsi və ya bəraətverici əsaslarla hər hansı qeyd (məsələ) əks olunmamışdır. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin tələbinə görə bəraət qazanmış şəxsin ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Lakin İddiaçı barəsində bəraətverici əsaslarla hər hansı qərar qəbul edilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci (cinayət hadisəsi olmadıqda), 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda), 39.1.3-cü (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) və digər maddələrində qeyd olunan hallarda şəxs barəsində cinayət təqibinin başlanıla bilməməsi, başlanmış cinayət təqibinə isə xitam verilməsi təsbit edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraetverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin maddədə şəxs barəsində CPM-nin 39.1.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsi bəraətverici əsas kimi müəyyən olunmamışdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı CPM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinmiş və onunla bağlı hər hansı bəraetverici əsasla cinayət təqibinə xitam verilməmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 1(101)-72/2019 saylı hökmü ilə Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 178.3.2-ci maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2019-cu il tarixdən hesablanmış, Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq ona Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 13 yanvar 2020-ci il tarixli 1(103)-25/2020 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 1(101)-72/2019 saylı hökmü dəyişdirilmiş, hökmlə Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun əməli Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsindən həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə təqsirli bilinmiş və CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin olunmamış, o, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından azad edilmiş, məhkum Quluzadə (Quliyev) Ramiz Mirzə oğluna verilmiş ittihamdan CM-nin 178.3.2-ci maddəsinə dair hissəsi hökmdən xaric olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə və ya cinayət nəticəsində zərər çəkmiş, habelə təqsirsiz məhkum olunmuş, qanunsuz həbsdə saxlanılmış, yaxud cinayət prosesi gedişində hüquqları digər formada məhdudlaşdırılmış şəxslərin hüquqları bu Məcəllə ilə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada bərpa olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.2-ci maddəsinə əsasən haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən, - bəraət almış təqsirləndirilən şəxs; - qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs; - cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, təqdim olunmuş məhkəmə aktlarından görünür ki, Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu bəraət almamış, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməmiş, habelə qanunsuz olaraq həbsdə saxlanılmamışdır. Bu səbəbdən, iddia əsassızdır, təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «öhdəliyin icrası» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «öhdəliyin icrası» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar