Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5598/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «qanuni təmsilçilikdən azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «öhdəliyin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiliyindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiliyindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14.09.2007-ci il tarixdən "xxxx" MMC-də (VÖEN **********) direktor vəzifəsində çalışmışdır. 03.06.2019-cu il tarixdən müəssisə fəaliyyətini dayandırmışdır. Həmin tarixdən ona əmək haqqı ödənilmir. O, özünə yeni iş axtarmaq məcburiyyətində qalmışdır. İşdən çıxarılması ilə bağlı ərizə ilə MMC-nin təsisçiləri Cavabdeh1 və X3 müraciət etmişdir. MMC-yə məxsus möhür rəsmi poçt vasitəsi ilə X3 göndərilmişdir (qəbz əlavə olunur). Direktorun direktor vəzifəsinə təyin edilməsi və direktor vəzifəsindən azad edilməsi Təsisçilərin qərarı ilə həyata keçirilir. "xxxx" MMC-nin iki təsisçisi olmuşdur. Təsisçilərdən olan Cavabdeh1 tərəfindən təsisçilikdən çıxarılması barədə müvafiq müraciət olunmuşdur. Digər təsisçi X4 da təsisçilikdən çıxması barədə müvafiq müraciət etmişdir. Ersadık Turan və Cavabdeh1 uzun müddətdir ki, MMC ilə əlaqələrini kəsmişlər. Bu səbəbdən, zəruri olan qərar təsisçilər tərəfindən qəbul edilməmiş və müvafiq dəyişikliyin qeydiyyata alınması üçün vergi orqanına təqdim edilməmişdir. Təsadüf nəticəsində məlum olmuşdur ki, hələ də "xxxx" MMC-nin direktoru, qanuni təmsilçisi qismində reyestr məlumatlarında onun adı qalır. O, hal-hazırda "xxxx" MMC-də direktor vəzifəsində çalışır. Adının başqa şirkətin qanuni təmsilçisi kimi qalması onun əmək və mülki hüquqlarının həyata keçirilməsində maneələr yaradır. Həmçinin əlaqəsinin qalmadığı bir şirkətin formal olaraq qanuni təmsilçisi qalaraq şirkət adına məsul şəxs qalmaq istəmir. Məhkəmənin diqqətinə çatdırır ki, direktor vəzifəsindən çıxması barədə müraciətindən 1 ay sonra e-gov.az hökumət portalında zəruri qeydlər aparılmış, emək müqaviləsinə xitam verilməsi barədə bildiriş götürülmüşdür. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi təsisçilərin qərarı olmadan onu qanuni təmsilçilikdən azad edə bilməyəcəklərini bildirmişlər. Eyni zamanda, təsisçi Cavabdeh1 vergidən onun qanuni təmsilçilikdən azad olunması və yeni qanuni təmsiçinin təyin edilməsi barədə məktub gəldiyini, lakin, Ersadık Turanın ümumi yığıncağa gəlmədiyindən ümumi yığıncaq keçirilə bilmədiyini nəzərinə çatdırmışdır. Hesab edir ki, təsisçilər ömürlük və məcburən onu qanuni təmsilçi saxlaya bilməzlər. Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda, işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, X2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və 3cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, X1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı 14 fevral 2020-ci il tarixdə "xxxx" MMC-nin təsisçilərindən biri olan Cavabdeh1 təqdim etdiyi ərizədən görünür ki, o, Cəmiyyətin direktoru vəzifəsində işləmiş və onunla həmin Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinin 14 fevral 2020-ci il tarixdən ləğv edilməsini xahiş etmişdir. İddiaçı 16 aprel 2020-ci il tarixli ərizəsindən görünür ki, o, Türkiyə, İzmir, Konak, Alsancaq, X6 apartmanı № 71, Konak 6, Dairə 1 ünvanda yaşayan X2 müraciət edərək, onun "xxxx" MMC-nin qanuni təmsilçiliyindən azad edilməsini xahiş etmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə 17 mart 2020-ci il tarixdə xitam verilmişdir (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin MMC-nin təsisçilərinə ünvanladığı 20 may 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) direktor vəzifəsindən azad olunması tələbi ilə bağlı müraciəti Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə daxil olmuşdur. Bununla əlaqədar bildirilmişdir ki, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyşiklik, eləcə də qeydə alınmış faldlarırrhər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə iıə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik gösterilməli və hemin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Həmçinin, Mülki Məcəllənin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin icra orqanını yaratmaq və onların səlahiyyətinə vaxtından gvvəl xitam vermək, o cümlədən icra orqanın üzvlərini təyin etmək və geri çağırmaq onların səlahiyyət müddətini müəyyənləşdirmək təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Bundan başqa, Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığmağın qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək idarəyə təqdim edilməlidir. İş materiallarına əlavə olunmuş, Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə yuxarıda sadalananları nəzərdən keçirərək, qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi üzrə münasibətlərə xitam verilmiş, iddiaçı öz xahişi ilə işdən azad edilmiş, bu barədə məlumat elektron informasiya sisteminə daxil edilmişdir. Lakin, iddiaçı işdən azad olunduğu MMC-nin qanuni təmsilçiliyindən azad edilməmişdir. Bu, iddiaçının əmək hüquqlarının pozulmasına səbəb olmuş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, işəgötürənlə işçi arasında əmək müqaviləsinə xitam verildikdən sonra, işçinin işəgötürənin qanuni təmsilçisi statusunda qalması və rəsmi sənədlərdə göstərilməsi mümkün deyil. Cavabdehlər təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olan məsələni həll etməmiş, iddiaçını qanuni təmsilçilikdən azad etməmişlər. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiliyindən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiliyindən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5598/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5598/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver