Məhkəmə qərarları › İş №2(006)-5640/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5640/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5640/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı «öhdəliyin icra edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı «öhdəliyin icra edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş mal-materialların sənədləri, elektron vergi hesab fakturası və qaimə fakturasının İddiaçı MTK-ya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MTK iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 25 yanvar 2018-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1. X2 – 50 manat; 50 pay haqqı, 50 %, 2. X6 – 20 manat, 20 pay haqqı, 20 %, 3. X3 – 5 manat, 5 pay haqqı, 5 %, 4. X1 – 5 manat, 5 pay haqqı, 5 % və X7 – 20 manat, 20 pay haqqı, 20 %) İddiaçı MTK-nı təsis etmişlər. İddiaçı MTK ünvan 2 ünvanda yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədi ilə sifarişçi "xxxx" MMC ilə İddiaçı MTK arasında 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli əlavə dəyər vergisi ilə birlikdə 5.900.000 manat məbləğində müqavilə bağlanmışdır. Sifarişçi "xxxx" MMC ilə İddiaçı MTK arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri-yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq «Şəhər incisi» yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tkinti işlərinin aparılması üçün İddiaçı MTK müxtəlif fiziki və hüquqi şəxslərdən nisyə mal-materiallar götürmüş və əvəzində isə verilən mal-materialların dəyərinin təminatı olaraq mənzillər girov qoymuşdur. Həmin mənzillər aşağıdakılardan ibarətdir. Beləliklə, bildirirlər ki, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2018-ci il tarixli A-044/15 saylı müqavilə üzrə ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 m2 olan izolə olunmuş 2 otaqdan ibarət A04 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli A-130/15 saylı müqavilə üzrə ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 67,35 m2, yaşayış sahəsi 58,60 m2 olan izolə olunmuş 1 otaqdan ibarət A01 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli A-131/15 saylı müqavilə üzrə ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,67 m2, yaşayış sahəsi 60,80 m2 olan izolə olunmuş 2 otaqdan ibarət A03 saylı mənzillərə dair qeyri-qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilələr bağlamışlar. Diqqətə çatdırırlar ki, yuxarıda göstərilən mənzillər Cavabdeh tərəfindən veriləcək mal-materialların təminatı üçün müqavilələr yazılmışdır. Ancaq hal-hazırda həmin mənzillər cavabdehdə və 3-cü şəxslərdə olmasına baxmayaraq, Cavabdeh tərəfindən nə qədər mal-material, hansı sənədlə, kimə təhvil verilməsi barədə heç bir sənəd yoxdur. Bu baxımdan dəfələrlə elektron vergi hesab fakturasının və qaimə fakturanın verilməsi barədə Cavabdeh müraciət olunsa da, heç bir nəticəsi olmamışdır. Cavabdeh verdiyi mal-materialların sənədlərini, yəni vergi hesab fakturasını və qaimə fakturanı verməli, sonda isə tərəflər arasında üzləşmə aktı tərtib edilməlidir. Cavabdeh verdiyi mal-materialların miqdarını gizlədir və sənədlərin verilməsindən yayınır. Belə olan halda, cavabdehin hərəkətləri iddiaçı tərəfindən qanunsuz sahibkarlıq və vergidən yayınma kimi qiymətləndirilir. Beləliklə, İddiaçı MTK-ya verilən mal-materialların sənədlərini, yəni ciddi uçot blankları kateqoriyasına aid olan vergi hesab fakturasının və qaimə fakturanın verilməsi cavabdeh X4 üzərinə öhdəlik olaraq qoyulmalıdır. Hesab edirlər ki, həmin sənədlərin iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, əks təqdirdə yuxarıda qeyd olunan mənzillərlə bağlı müqavilələr etibarsız hesab edilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, gəlməmə səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, həmin mənzil 169 nəfərə satılıb və buna görə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Orada imzaladıqları mənzilin təhvil-təslim aktının 5-ci maddəsinə əsasən, onların bir-birilərinə qarşı heç bir maddi tələb və iddiaları olmamalıdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddia ərizəsində qeyd edilən alğı-satqı müqavilələrindən, maliyyə arayışlarından və 03 iyul 2021-ci il tarixli mənzilin təhvil-təslim aktından görünür ki, mənzillərin dəyəri tam ödənilib. Aktın 1, 2 və 3-cü bəndlərinin hər birində mənzilin dəyərinin alıcı tərəfindən ödənildiyi qeyd olunmuşdur. Bundan başqa, 4-cü bənddə göstərilmişdir ki, mənzilin dəyəri tam şəkildə podratçıya (hazırkı iş üzrə iddiaçıya) ödənilib, həmin vəsait mülkiyyətçi və podratçı arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqaviləyə əsasən podratçının binanın inşası ilə bağlı çəkilmiş xərclərə aid edildiyinə və podratçının həmin mənzil barəsində bağladığı müqavilə mülkiyyətçi tərəfindən təsdiq edildiyinə görə mənzilin dəyəri tam ödənilmiş hesab edilir. 5-ci bənddə qeyd olunmuşdur ki, akt imzalayanların bir-birilərinə qarşı heç bir maddi tələb və iddaları yoxdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr üzrə cavabdehin iddiaçıya hər hansı borcu yoxdur, icra edilməmiş öhdəliyi qalmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı «öhdəliyin icra edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı «öhdəliyin icra edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar