Məhkəmə qərarları › İş №2(006)-567/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-567/2024

26.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-567/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1, Cavabdeh X1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə rəsmi nikah qeydiyyatından keçərək, ailə qurmuşdur. Bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Hazırda nikahlarının pozulması üçün məhkəmədə iddia qaldırmış və iş Nəsimi rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır. O, gəlin köçərkən Bakı şəhəri, T.Abbasov küçəsi, ev 40, mənzil 7-yə gəlin köçmüş və cehizlərini də ora aparmışdır. Hazırda onlar ev aldıqdan sonra 2019-cu il tarixdə aldıqları ünvan 1 ünvanına köçmüşlər və cehizlərini və ora aparmışdır. Həmin mənzil alınanda qaynanası Cavabdeh2 adına alınmışdır. Lakin ailə münasibətləri pozulduğu üçün onu hazırda uşaqlarla birlikdə qeydiyyatda olub yaşadığı mənzildə yaşamağa qoymurlar. Onun yaşayış üçün hər hansı evi yoxdur. Uşaqlarla orda-burda qalmaq məcburiyyətindədir. Ona görə də qanuni şəkildə o, evə köçürülüb yaşamaq istəyir. Ona görə ki, onun və uşaqlarının yaşamaq üçün hər hansı bir mənzili yoxdur. Göstərilənlərə əsasən, onun və övladları xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materialları: 4 saylı Bakı Asan Xidmət X3 tərəfindən 02 aprel 2015-ci il tarixində verilmiş AZ-İİİ № 517035 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır. 5 saylı Bakı Asan Xidmət X3 tərəfindən 16 dekabr 2018-ci il tarixində verilmiş AZ-İİİ № 219352 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 62 saylı evin, 43 saylı mənzili xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 62, 43 saylı mənzil xx.xx.2020-ci il tarixində satıcı X5 tərəfindən alıcı Cavabdeh2 satılmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsi ilə iddia ərizəsinə etiraz ünvanlayaraq, bildirmişdir ki, iddiaçının dediyinə görə hazırda cavabdehlər ona qeydiyyatda olduğu ünvan 2 ünvanda yerləşən mənzildə yaşamağa imkan vermirlər. İddiaçı iddia tələbinin hüquqi əsası kimi yanlış olaraq Azərbaycan SSR-nın 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddəsinə istinad etmişdir. Belə ki, həmin maddi norma mülkiyyət hüququ statusuna malik mənzil münasibətlərini tənzimləmir. İddiaçı iddia tələbini tamamilə qanunsuz və əsassız hesab edir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı işin faktiki hallarını biləbilə təhrif etmişdir və əsl həqiqəti məhkəmədən gizlətməyə çalışmışdır. Belə ki, iddiaçı yanlış olaraq qeyd etmişdir ki o, 2014-cü ildə ünvan 3 ünvanda yerləşən mənzilə gəlin köçmüşdür. Bu, tamamilə yalandır, ünvan 4 ünvanda olan mənzil 2013-cü ildə sökülərək onun yerləşdiyi torpaq sahəsi Mənzil-Tikinti Kooperativinin sərəncamına verilərək sökülmüşdür və həmin mənzilin torpaq sahəsi çoxmərtəbəli binanın tikilməsi üçün Mənzil Tikinti Kooperativinin qanuni istifadəsinə verilmişdir. Xülasə, mövcud olmayan mənzilə cavabdeh necə gəlin köçə bilərdi? İşin həqiqi halları isə ondan ibarətdir iddiaçı nikaha daxil olandan sonra kirayə mənzilə köçmüşdür və uzun müddət kirayə mənzildə yaşamışdır. İddia ərizəsində yanlış olaraq göstərmişdir ki, 2019-cu ildə ünvan 5 ünvanda yerləşən mənzil əldə etmişlər və həmin tarixdən yeni mənzilə köçüb orada yaşamağı davam etmişdir. İşin bu halları da həqiqəti əks etdirmir. ünvan 5 ünvanda yerləşən mənzili Cavabdeh2 şəxsi vəsaiti hesabına alqı-satqı müqaviləsi üzrə əldə etmişdir və DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən adına xx.xx.2020-ci il tarixli ********** qeydiyyat mömrəli dövlət reyestrindən “Çıxarış“ verilmişdir. Müəyyən olunur ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır və onun həmin mənzilə hər hansı hüquq mövcud deyil. Bu fakt həmin Mülk Məcəllənin, həm Mənzil Məcəlləsinin, həm də Ailə Məcəlləsinin müvafiq müddəalarından irəli gəlir. Bu kateqoriyadan olan məsələlərin həllinə yönəlmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında eyni hüquqi mövqe ifadə edilmişdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq, qeyd edilməlidir ki, mübahisəli mənzil xx.xx.2020-ci il tarixdən dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alındığı üçün, həmin yaşayış sahəsinə digər ailə üzvlərinin istifadə hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə və ya hazırda qüvvədə oan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmş əsaslara və qaydalara uyğun həll edilməlidir. Göründüyü kimi Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozisiyasına görə də İddiaçı Cavabdeh2 ailə üzvü deyil və mənzildən istifadə hüququnu tələb etmək üçün subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə, iddiaçı cavabdehin ailə üzvü deyil, mülkiyyətçinin ailə üzvləri dairəsinə daxil deyil, habelə mülkiyyətçi onu saxlamaq öhdəliyini daşımır. Belə olan halda, iddiaçının mənzildə istifadə hüququ yaranması mülkiyyətçinin razılığı ilə notariat qaydasında təsdiq edilmiş müqavilə üzrə mümkündür. Belə bir müqavilə isə mövcud olmadığı üçün iddiaçı mənzilə köçürülə bilməz. İddiaçı iddia tələbinin digər əsası kimi özünün mübahisəli mənzildə qeydiyyatda olmasını göstərmiş, bu fakta istinadən hesab edir ki, onun mənzildən istifadə etmək hüququ vardır. Bunula bağlı qeyd edilməlidir ki, iddiaçı mənzilə qeydiyyata alınmış olsa da, bu hal onun mənzildən istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması inzibati-hüquqi münasibətlərdən irəli gələn məsələdir və bu münasibətlər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunla tənzimlənir. Şəxsin hər hansı ünvan üzrə (o cümlədən polisin inzibati binasının ünvanı üzrə) qeydiyyata alınması inzibati tələbdir, bu, mənzildən istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Mənzildən “istifadə hüququ” mülki hüquq kateqoriyasıdır və inzibati hüquq normaları ilə deyil, mülki və mənzil qanunvericiliyin normaları ilə tənzimlənir. Şəxsin mənzilə qeydiyyata alınması mülki hüquqi fakt sayılmır və bu hal istifadə hüququnun yaranması üçün əsas deyil. Göstərilənlərini nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Ailə Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdir. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin qiymətləndirməsi: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 iddiaçının əri, digər Cavabdeh2 isə iddiaçının qaynanasıdır. İddiaçı Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, iddiaçının bildirdiyinə görə əvvəlcə ünvan 6 ünvanında, 2019-cu ildən etibarən isə ünvan 7 ünvanında yaşamağa başlamışdır. İddiaçı ilə cavabdeh arasında rəsmi nikah münasibətləri olmuş, bu münasibətlərdən xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı və uşaqları Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 62 saylı evin, 43 saylı mənzilində qeydiyyatdadırlar. İddiaçı iddia ərizəsində 2019-cu ildən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 62 saylı evin, 43 saylı mənzilinə köçdüyünü və qeydiyyata düşdüyünü bildirsə də, onunla mülkiyyətçi arasında sözügedən mənzilə istifadə hüququnun həyata keçirilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq verilməmişdir. Eyni zamanda iddiaçı mübahisəli mənzilə 2019-cu ildən köçüb yaşadığını bildirsə də, həmin mənzilə dair təqdim edilmiş alqı-satqı müqaviləsindən və müvafiq reyestrdən çıxarışdan görünür ki, həmin mənzil Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixli satın alınmış və həmin mənzil üzərində onun mülkiyyət hüquqları reyestrdə xx.xx.2020-ci il tarixli çıxarış əsasında rəsmiləşdirilmişdir. İddiaçının irəli sürdüyü tələb mənzilə köçürülmə olsa da, faktiki olaraq mənzilə köçürülmə özündə istifadə ilə bağlı digər hüquqi nəticələri də ehtiva edir. Mənzilə köçürmə ilə bağlı iddia tələbinin hüquqi əsasını müəyyən etmək üçün əvvəla mübahisəli mənzilə dair tərəflər arasında hansı münasibətlərin olması araşdırılmalıdır. Yəni mənzilə köçürülmək istəyən şəxsin mənzilə dair hansı əşya hüquqlarının və ya məhdud əşya hüququnun (istifadə hüququnun), o cümlədən əşyadan (əmlakdan) istifadə edilməsi ilə bağlı digər hüquqların olması aydınlaşdırılmalıdır. Eyni zamanda tərəflərin izahatları ilə işin mübahisəsiz halı kimi müəyyən edilən digər məqam, iddiaçının mənzilə köçdüyü vaxt mənzilin mülkiyyətçisinin onun rəsmi nikahda olduğu ərinin anası olması və ailə üzvü olmaması olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçı faktiki gəlin kimi 2019-cu ildən mübahisənin obyekti olan mənzilə köçərək 2023-cü ilədək orada yaşamışdır. Bu səbəbdən tərəflər arasında mübahisəli hüquq münasibəti həmin tarixdə qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməlidir. Yuxarıda sadalanan normalardan, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarındakı mövqedən və işin müəyyən edilmiş hallarından məhkəmə o qənaətə gəlir ki, tərəflər arasındakı münasibətlər 2019-cu ildən yarandığına görə həmin münasibətlərə Azərbaycan Respublikasi Mənzil Məcəlləsinin 30.4-cü maddəsnin müddəalarının tətbiq edilməsi, iddiaçının mübahisəli mənzilə köçdüyü zaman mənzilin qaynananın mülkiyyətində olması, köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinin analogiya üzrə tətbiqini istisna etdiyindən, həm Mülki Məcəllənin 228-ci maddəsinin, həm qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbi baxımından iddiaçı mülkiyyətçinin ailə üzvü deyil və onun həmin mənzildən istifadə hüququ onunla Cavabdeh1 arasında olan ailə münasibətlərinə xitam verildiyindən aradan qalxdığından onun mənzilə köçürmə tələbinə dair iddiası təmin edilə bilməz. Göründüyü kimi şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə iclası zamanı tərəflərin verdikləri izahatlarından və işin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı 2023-cü ilin yaz aylarında öz iradəsi ilə mübahisəli mənzili tərk edərək valideynləri ilə birgə digər yaşayış sahəsindən istifadə etməyə başlamışdır. Hazırki mənzili iddiaçı öz iradəsi ilə tərk etmiş, sonradan onunla Cavabdeh1 arasında olan rəsmi nikah münasibətlərinə də məhz hazırki iddia üzrə iddiaçının tələbi əsasında xitam verilmişdir. Bu müddət ərzində müəyyən olunan hallardan biri də odur ki, iddiaçı bu və ya digər formada yaşayış sahəsi ilə özünü təmin edə bilmişdir və hazırda o, yaşayış sahəsi ilə təminatsız hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar