Məhkəmə qərarları › İş №2(006)-5699/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5699/2024

25.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5699/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı Cavabdeh qarşı (Fövqəladə Hallar Nazirliyi, Əmlak Komitəsi Dövlət Xidməti və Nəsimi Rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb olunmaqla) qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Fövqəladə Hallar Nazirliyi, Əmlak Komitəsi Dövlət Xidməti və Nəsimi Rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nəsimi rayon, Xətai prosp. ev 12, mənzil 2-nin sol və arxa tərəfində müdaxilə edilərək birləşdirilmiş dəmir dirəklərin və koridorun üstündəki obyektin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd etdiyi ünvanda ona məxsus obyektin sol tərəfində obyekti olmuş X1 məlum olmayan sənədlər hazırlamaqla onun obyektinin sol tərəfinə yeni tikili apararaq müdaxilə etmiş və həmin keçiddən istifadə edən 20-yə yaxın mənzildə yaşayan sakinlərin yoldan istifadəsinə maneçilik törətmişdir. Sonradan onlarda olan məlumata əsasən 800.000 manata həmin obyekti Cavabdeh şəxsə sataraq yoxa çıxmışdır. Onun obyektinin sol tərəfi və orda yaşayan 20 mənzildən ibarət yüzlərlə sakinlərin yollarını bağlamışdır və həmin sakinlər üçün nəzərdə tutulmuş koridorun üstündə qanunsuz yeni obyekt tikmişdir. Bu da hər an ona və orda yaşayan yüzlərlə sakinə təhlükədir, belə ki, həmin ərzidə yanğın və s. olsa bütün orda yaşayan sakinlərin həyatları təhlükədə olacaqdır, əlavə olaraq həmin kalidorda təhlükəli şəkildə işıq, qaz və su xətləri vardır ki, bu da çox təhlükəlidir. Xüsusi ilə şikayəti ondan ibarətdir ki, onun obyektinə müdaxilə edilərək birləşdirilmiş dəmir dirəklər çıxarılması, həmin koridorun orda yaşayan yüzlərlə sakinin təhlükəsizliyi təmin edilməsi üçün koridorun üstü və yeni tikilmiş koridorun üstündəki obyektin sökülməsidir. Dəfələrlə bütün aidiyyatı dövlət orqanlarına müraciət etsə də, müraciətinə baxan yoxdur, onun hüquqları pozulub, ona məxsus obyektə su damır, içəridəki divar kağızları və digər mallar kefiyyətin itirməklə sıradan çıxır, o, məcburdur ki, qısa müddətdə burda qanunsuz tikili sökülməsə hüquqlarının bərpası məqsədi ilə onun divarına birləşdirilən dəmir dirəkləri kəsib, özünə məxsus yeri təmir etsin. Odur ki, hazırkı iddianı qaldırmaq məcburiyyətində qalaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı məhkəmə aidiyyəti qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış tərəflərin vergi məlumatlarına əsasən, İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış, fərdi sahibkar statusuna malik olan aktiv vergi ödəyiciləridir. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş fotoşəkillərdən də müəyyən edilir ki, mübahisənin predmeti hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar onlara məxsus qeyri-yaşayış sahələri ilə bağlıdır. Beləliklə, tərəflərin fərdi sahibkar statusuna malik olması, habelə mübahisənin predmeti ilə bağlı tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri, hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməsi üçün qanunla tələb edilən şərtlərin iş üzrə yerinə yetirildiyi barədə qənaətə gəlməyə kifayət edir. Sözügedən hallar da öz növbəsində əsas verir ki, hazırkı mübahisə MPM-in tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli qərarının izahlarına əsasən kommersiya mübahisəsi kimi xarakterizə edilsin. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair hazırkı mübahisəyə, ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.2-ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.2-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən (“Asan Ödəniş”, mədaxil qəbzi **********1********) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı (Fövqəladə Hallar Nazirliyi, Əmlak Komitəsi Dövlət Xidməti və Nəsimi Rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb olunmaqla) qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən (“Asan Ödəniş”, mədaxil qəbzi ******************) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar