Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5711/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 50 saylı evin 8 saylı mənzilindən (ümumi sahəsi 24,46 m2 olan 1 otağından) istifadə hüquqlarına xitam verilməklə, onun həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 50 saylı evin 8 saylı mənzilindən (ümumi sahəsi 24,46 m2 olan 1 otağı) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 11.11.2014-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh (nümayəndəsi X1 vasitəsi ilə) mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 50 saylı evin 8 saylı mənzilinin ümumi sahəsi 24,46 m2 olan 1 otağını Bakı şəhəri 1 saylı Bakı «ASAN Xidmət» mərkəzinin notariat kontorunda ona satmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 10.12.2014-cü il tarixli RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 50 saylı evin 8 saylı mənzilinin ümumi sahəsi 24,46 m2 olan 1 otağı onun tam mülkiyyətindədir. Onun mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan Cavabdeh mənzili ona satdıqdan sonra 11.12.2014-cü il tarixədək qeydiyyatdan çıxacağını bildirsə də, bu günədək əsassız olaraq pasport qeydiyyatından çıxmamışdır. Bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehin harada yaşaması da ona məlum deyil. 04.08.2021-ci il tarixdə Bakı şəhəri ASAN-1 tərəfindən verilmiş Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, cavabdeh hazırda ünvan 1 ünvanda qeydiyyatda qalmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərinə görə, yaşayış sahəsindən çıarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 1 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontorunda 11.11.2014-cü il tarixdə təsdiq edilmiş AN-İ seriyalı ******* saylı alğısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh (nümayəndəsi X1 vasitəsi ilə) özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 50 saylı evin 8 saylı mənzilinin ümumi sahəsi 24,46 m2 olan 1 otağını İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 10.12.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 50 saylı evin 8 saylı mənzilinin ümumi sahəsi 24,46 m2 olan 1 otağı xüsusi mülkiyyət kimi İddiaçı adına 238 saylı reyestr kitabının 23664 saylı səhifəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, alğı-satqı müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçıya satılmış, hazırda iddiaçının mülkiyyətində olan otaqdan qeydiyyatdan çıxmamışdır. Halbuki, keçmiş mülkiyyətçi Cavabdeh mənzili satarkən müqavilənin 11.12.2014-cü il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 50 saylı evin 8 saylı mənzilinin ümumi sahəsi 24,46 m2 olan 1 otağı İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh arasında 11.11.2014-cü il tarixdə göstərilən otağa dair alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Lakin cavabdeh göstərilən qanunun tələblərini pozaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan otaqda formal olaraq qeydiyyatda qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, otağa mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehin hazırda iddiaçının mülkiyyətində olan otaqda formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından, cavabdehin otağa olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 50 saylı evin 8 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qətnamə cavabdehin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 50 saylı evin 8 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh qeyd olunan ünvan üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5711/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5711/2021
11.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver