Məhkəmə qərarları › İş №2(006)-5735/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5735/2021

03.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5735/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı yaşadığı ünvan 1 ünvanında olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış özbaşına tikili olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən 11 kv.m sahəsi olan 1 otağına köçürülsün, həmin otağı evin digər sahələrindən ayıran arakəsmənin cavabdehin hesabına əvvəlki vəziyyətdə bərpa edilsin və iddiaçının evə gələn təbii qaz, elektrik, su istilik enerjisindən, habelə mətbəx, sanitar qovşağı və darvazadan ümumi həyətdə yaşayan digər sakinlərlə bərabər şəkildə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı xx xxxxxx 1993-cü il tarixdə ünvan 2 ünvanında doğulmuş və hazırda həmin ünvanda qeydiyyatdadır. Cavabdeh1 onun atası, digər cavabdeh Aynur Abdullayeva isə atasının ikinci həyat yoldaşıdır. İddiaçıdan başqa, onun atası ilə rəsmi nikahı pozulmuş anası və bacısı da həmin ünvanda qeydiyyatdadırlar. Həmin ünvanda ümumi həyətdə birbirindən təcrid edilmiş vəziyyətdə və ayrı olan 6 fərdi yaşayış evi mövcuddur. Həmin evlərdən biri iddiaçının babası X1 məxsus olmuş, təxminən 5 il bundan əvvəl babası rəhmətə getmişdir. İddiaçı heç bir etirazsız ümumi həyətdə olan və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış özbaşına tikili olan digər hazırda 4 otaqdan ibarət olan evdə (bundan sonra - mübahisəli ev) doğulmuş, hazırki vaxtadək yaşamışdır. Mübahisəli ev əvvəl 1 mərtəbədən və biri zal, digəri yataq otağı olmaqla iki otaqdan ibarət olmuşdur. Zamanla iddiaçının valideynləri evin 2-ci mərtəbəsini inşa etmiş və ikinci mərtəbə 2 yataq otağından ibarət olmuşdur. İddiaçı evin birinci mərtəbəsində yerləşən sahəsi 11 kv.m olan yataq otağında yaşamış, həmin otaqdan istifadə etmiş və əşyaları da həmin otaqda olmuşdur. Həmin 1 otaq cavabdehlərlə əldə edilmiş razılıq əsasında iddiaçı tərəfindən arakəsmə ilə ayrılmış və həyətə açılan ayrıca qapı və pəncərə quraşdırılmışdır. Həmin otağın qarşısında həyətdə ayrıca iddiaçının istifadə etdiyi mətbəx, sanitar qovşağı kimi köməkçi sahələr olmuşdur. Yəni iddiaçı mübahisəli evin bir otağında evin digər sahələrindən təcrid edilmiş vəziyyətdə öz evi kimi yalnız yaşamış, istifadə etmiş və ayrıca giriş-çıxışı olmuşdur. 18 iyul 2021-ci il tarixdə heç bir səbəb olmadan cavabdeh Aynur Abdullayeva İddiaçı yaşadığı evdən məcburi şəkildə çıxarmışdır və evə buraxmamışdır. Bu barədə atası Cavabdeh1 bildirdikdə, atası da ikinci həyat yoldaşı olan Aynur Abdullayevanm hərəkətlərini müdafiə etmişdir. Beləliklə, iş üzrə cavabdehlər iddiaçını yaşadığı mənzildən qanunsuz olaraq məhrum etmiş və ona həmin evə köçüb yaşamağa imkan vermirlər. Hətta iddiaçının yaşadığı 1 otağın arakəsməsini də qismən sökmüşlər. Onun əşyalarını küçəyə atacaqları ilə hədələyirlər. İddiaçının daimi yaşamaq üçün başqa yaşayış sahəsi yoxdur. İddiaçı cavabdehlərin bu qanunsuz hərəkətlərinə etiraz etmiş və qanuni qaydada öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdehlər iddiaçıya məhkəməyə müraciət etməməsi üçün hədə- qorxular gələrək, məhkəməyə versə onun üçün pis olacağı, işi uduzacağı, ona evə ayaq basmağa heç vaxt imkan verməyəcəkləri, şəxsi tanışları vasitəsilə qeyri-qanuni yolla mübahisəni xeyirlərinə həll edəcəklərini bildirmişlər. Hesab edir ki, cavabdehlərin bu hərəkəti iddiaçını yaşayış sahəsindən qanunsuz məhrum etməyə yönəldiyi üçün yolverilməzdir. İddiaçı əvvəl yaşadığı evə köçürülməlidir. Belə ki, iddiaçının yaşamış olduğu və hazırda məcburi tərk etməli olduğu ev özbaşına tikilidir. Mübahisəli evin özbaşına tikinti olmasına baxmayaraq hesab edirəm ki, iddiaçı həmin yaşayış sahəsinə köçürülməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, İddiaçı hər şeyi yalan deyir. Bəli 2-ci sinifə qədər onunla yaşayıb. Sonra anasının yanına-Binə qəsəbəsinə gedib. Otaq 11 kv.m yox 9 kv.m-dir. Rəşad 3 il bundan əvvəl bura gəldi və 2 ay qalacağını, toy etdikdən sonra gedəcəyini bildirdi. Otağa 280 manatlıq pəncərə qoydu. Digər lazımi əşyaları özü aldı. Əvvəl aralarında problem yox idi, toyunda da iştirak etmişdi. Bunu bildirmək istəyir ki, onun evi çox balacadır, qalmağa yer yoxdur. Qarşı tərəf qapının kilidini dəyişdirdiyimizi iddia edir. Tamamilə yalandır. Rəşadın öz evi də vardır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, iddianı qəbul etmir. Cavabdeh1 dediklərini təsdiqləyir. Bundan əlavə evin dəyərləndirilməsini, yerli baxışın keçirilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, Cavabdeh1 onun qardaşıdır. Onlar 4 qardaşdırlar, eyni həyətdə qalırlar hər birilərinin öz evi vardır, ancaq qapıları ayrıdır. İddiaçı 3 ildir ki, o evdə qalır. Evdə əşyalar var idi. Toydan sonra evi sökdüklərini görmüşdür. Rəşad da həmin gün orada idi. Tərəflər arasında mübahisə olduğunu bilirdi. Amma səbəbi barədə məlumatı yoxdur. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan 05 saylı Bakı Asan Xidmət X6 tərəfindən verilmiş 01.05.2021-ci il tarixli nikah haqqında şəhadətnaməni surətindən görünür ki, İddiaçı ilə X3 ilə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydlərində 27.05.2021-ci il tarixdə №1790 saylı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şğbəsinin Arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx xxxxxx 1993-cü il tarixdə ünvan 2 ünvanında doğulmuş və hazırda həmin ünvanda qeydiyyatdadır. Cavabdeh1 onun atası, digər cavabdeh Aynur Abdullayeva isə atasının ikinci həyat yoldaşıdır. Mübahisəli ev özbaşına tikilidir. Mübahisəli ev əvvəl 1 mərtəbədən və biri zal, digəri yataq otağı olmaqla iki otaqdan ibarət olmuşdur. Zamanla iddiaçının valideynləri evin 2-ci mərtəbəsini inşa etmiş və ikinci mərtəbə 2 yataq otağından ibarət olmuşdur. İddiaçı evin birinci mərtəbəsində yerləşən sahəsi 11 kv.m olan yataq otağında yaşamış, həmin otaqdan istifadə etmiş və əşyaları da həmin otaqda olmuşdur. Həmin 1 otaq cavabdehlərlə əldə edilmiş razılıq əsasında iddiaçı tərəfindən arakəsmə ilə ayrılmış və həyətə açılan ayrıca qapı və pəncərə quraşdırılmışdır. Həmin otağın qarşısında həyətdə ayrıca iddiaçının istifadə etdiyi mətbəx, sanitar qovşağı kimi köməkçi sahələr olmuşdur. Yəni iddiaçı mübahisəli evin bir otağında evin digər sahələrindən təcrid edilmiş vəziyyətdə öz evi kimi yalnız yaşamış, istifadə etmiş və ayrıca giriş-çıxışı olmuşdur. 18 iyul 2021-ci il tarixdə heç bir səbəb olmadan cavabdeh Aynur Abdullayeva İddiaçı yaşadığı evdən məcburi şəkildə çıxarmışdır və evə buraxmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdırıb, tətbiq edilməli olan hüquq normalarına əsasən onlara qiymət verib belə hesab edir ki, mübahisəli yaşayış evi özbaşına tikinti olduğundan və iddiaçının həmin evə istifadə hüququ olduğundan, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir; Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsi göstərişinin xarakterinə görə səlahiyyətverici norma olmamaqla, yuxarıda qeyd edildiyi kimi qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı yəni, mənzildə yaşamaq səlahiyyəti verilsə idi, bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunması normanın istifadə hüququnun olub-olmadığına aslı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Çünki, obyektiv hüququnun normalarından biri də mühafizə funksiyasıdır. Qeyd edilən məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı yaşadığı ünvan 4 ünvanında olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış özbaşına tikili olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən 11 kv.m sahəsi olan 1 otağına köçürülsün, həmin otağı evin digər sahələrindən ayıran arakəsmənin cavabdehin hesabına əvvəlki vəziyyətdə bərpa edilsin və iddiaçının evə gələn təbii qaz, elektrik, su istilik enerjisindən, habelə mətbəx, sanitar qovşağı və darvazadan ümumi həyətdə yaşayan digər sakinlərlə bərabər şəkildə istifadə qaydasının müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı ünvan 4 ünvanında olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış özbaşına tikili olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən 11 kv.m sahəsi olan 1 otağına köçürülsün, həmin otağı evin digər sahələrindən ayıran arakəsmənin cavabdehin hesabına əvvəlki vəziyyətdə bərpa edilsin və iddiaçının evə gələn təbii qaz, elektrik, su istilik enerjisindən, habelə mətbəx, sanitar qovşağı və darvazadan ümumi həyətdə yaşayan digər sakinlərlə bərabər şəkildə istifadə qaydasının müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar