Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5737/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «öhdəliyin icra edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «öhdəliyin icra edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona sığorta pulunun ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailəlidir, iki azyaşlı qız övladı var. Əsgərlik zamanı beta talassemiya, ara forma splenktomiyadan sonrakı vəziyyət; digər irsi hemolotik anemiyalar xəstəliklərinə düçar olmuşdur. Belə ki, 9 ay hərbi xidmət keçdikdən sonra səhhəti pisləşdiyi üçün o, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalında 3 ay müalicə almışdır. 03.11.2001-ci il tarixli 1753 saylı xəstəlik haqqında şəhadətnamədə də xəstəliyi təsdiq edilmişdir. O, daha sonra evdə valideynlərinin köməyi ilə müalicələr almağa başlamışdır. Həm Bakı şəhərində, həm də digər ölkələrdə həkimlərin qəbulunda olmuş və müayinə olunmuşdur. 2001-ci ildən daim həkim nəzarətindədir, müayinə və müalicə olunur. Belə ki, valideynləri onun səhhətinin pis olması səbəbindən xəstəliyi ilə bağlı sığorta ödənişi və yaxud da əlillik dərəcəsi təyin edilməsi üçün heç bir dövlət qurumuna müraciət etməmişlər. Onlar Türkiyə Respublikasında işləyərək, onu müalicə edirlər və xəstəlikdən az da olsa azad olmasına ümid edirlər. Lakin sonradan xəstəliyini bilən yaxın ətrafı ona və ailəsinə izah etmişlər ki, xəstəliyi ömürlük olduğu üçün ona əlillik dərəcəsi təyin edilə bilər. Bundan sonra müəyyən müayinələrdən və komissiyadan keçdikdən sonra ona 2013-cü ildə İİİ qrup əlillik dərəcəsi müəyyən edilmişdir. 2016-cı ildə isə təkrar komissiyadan keçən zaman xəstəliyinin kəskin olması və irəliləməsi səbəbindən ona İİ qrup əlillik dərəcəsi verilmişdir. O, əlillik dərəcəsi aldıqdan sonra rəsmi ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Hər iki Nazirlikdən və şirkətdən ona məktub göndərilmişdir. Müdafiə Nazirliyindən gələn cavab məktubunda izah olunmuşdur ki, sığorta məbləğinin ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və "xxxx" Dövlət Şirkətinin səlahiyyətindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə ərizəsinin baxılmasını Azərbaycan Respublikası DSKŞ-yə həvalə etdiyini rəsmi cavab ilə ona izah etmişdir. DSKŞ-dən gələn cavab məktubu isə onu çox məyus etmişdir. Həmin məktubda bildirilir ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətinə əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Əgər hərbi xidmətdən buraxıldığı gündən 3 il müddətində TSEK tərəfindən əlillik qrupu təyin edilsə idi, bu halda ona sığorta ödənişi verilə bilərdi. O isə 2001-ci ilin dekabr ayında həqiqi hərbi xidmətdən xəstəliklə əlaqədar tərxis olunmuş və bundan 12 ildən artıq müddət keçdikdən sonra, 2013-cü ildə İİİ qrup əlillik dərəcəsi aldığını bildirmişdir. O, bu cavabla razı deyil. Çünki, yuxarıda da qeyd etdiyi kimi valideynləri onun həmin xəstəlikdən yaxa qurtarması üçün sözün əsl mənasında çabalamışlar və hazırkı gündə onun ayaqda qalmasına nail olmuşlar. Ona 12 il sonra əlillik dərəcəsi təyin edilsə də, Hərbi Hospitaldan ona verilmiş 23.11.2001-ci il tarixli 1753 nömrəli xəstəlik haqqında şəhadətnamədə xəstəliyi açıq aşkar yazılmış və o, 12 ildən sonra yenə də, həmin xəstəliklə əlillik dərəcəsi almışdır. Hətta onu da qeyd edir ki, o, əsgərliyə gedən zaman tam sağlam idi. Əgər onun bu problemləri əvvəldən var idisə, hərbi xidmətə gedə bilməzdi. Bu, məlum məsələdir. Onun xəstəliyi ailəsini elə bir vəziyyətə salmışdır ki, ailəsi yalnız onun sağlamlığı üçün əllərindən gələni etməyə çalışırdılar. O vaxtlar ona əlillik dərəcəsi almaq üçün heç bir yerə müraciət etməmişlər. Lakin sonradan qəbul etmişlər ki, xəstəliyi sağalmaz xəstəlikdir. O, ağır formalı bədxassəli qan xəstəlikləri daşıyıcısı olduğu üçün 6 yaşlı qızı İlayda da həmin xəstəliyin ağır formasından əziyyət çəkir. Cənab Prezidentin və birinci xanımın sayəsində qızı hazırda Türkiyə Respublikasında «Medical Park» xəstəxanasında əməliyyat olunmuşdur və müalicə alır. O, bu xəstəlikdən əlavə 2 dəfə ağır əməliyyat keçirmişdir. Bir sözlə yarımcanlıdır və müalicələrlə ayaqda qala bilir. Hər ay özünün müalicəsi üçün təxminən 500-700 manat məbləğində xərci çıxır. Tək gəliri əlilliyə görə aldığı təqaüddür. Bütün xərclərini valideynləri çəkir. Ona görə 70 yaşlı atası işləyir. Artıq bir neçə aydır ki, müalicə oluna bilmir. Çünki, maddi cəhətdən olduqca sıxıntılar çəkir. Müalicə olunmadığı üçün xəstəliyi daha da pisləşir. Həm özünün, həm də ailəsinin vəziyyəti çox pisdir. Elə aylar olur ki, xəstəliyi lap irəlilədiyi üçün ayda 3 dəfə qan vurulur. Bütün bu qeyd etdiklərini sübut etmək üçün ərizəsinə xəstəlik haqqında məlumatları əlavə edir. Məhkəməyə hazırkı ərizə ilə müraciət etməsinin səbəbi məsələnin daha ciddi şəkildə araşdırılaraq ona kömək olunması ilə bağlıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, hərbi qulluqçuların icbari sığorta qaydaları «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: və həmin maddənin «ç» bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə. Sənədlər təhlil edilərkən müəyyən olunmuşdur ki, İddiaçı 2002-ci ildə həqiqi hərbi xidmətdən tərxis edilmiş, əlillik dərəcəsi isə ona 2013-cü ildə təyin edilmişdir. Yəni, adıçəkilən Qanunun istinad olunan maddəsinə əsasən şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra qanunda nəzərdə tutulan müddəti ötürmüş və əlillik dərəcəsi şəxsə 3 il müddət ötürüldükdən sonra təyin edilmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlər toplunsundan görünür ki, İddiaçı xx.xx.1982ci il tarixdə Türkmənistan Respublikasının Çardjo vilayətində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1 ünvanda qeydiyyatdadır (şəxsiyyət vəsiqəsi – AZE seriyalı, ******** saylı, 03.11.2017-ci il tarixdə Sumqayıt «ASAN Xidmət» Mərkəzi tərəfindən verilmişdir). Xəstəlik haqqında şəadətnamədən görünür ki, İddiaçı 21 aprel 2001-ci ildən Silahlı Qüvvələrdə xidmətdə olmuş, ümumi zəiflikdən, baş gicəllənməsindən, sağ qabırğa nahiyəsində olan ağrılardan, fiziki gərginlik zamanı əmələ gələn təngənəfəslikdən şikayətlə aidiyyatı üzrə müraciət etmiş, müayinədən keçərək, ona mülayim dərəcəli kliniki təzahürlərlə ifadə olunmuş Betta*** talassemiya, aralıq forma diaqnozu qoyulmuşdur. Hərbi-həkim komissiyasının 23 noyabr 2001-ci il tarixli qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması qərara alınmışdır. İddiaçı 2002-ci ildə həqiqi hərbi xidmətdən tərxis edilmiş, İİİ qrup əlillik dərəcəsi ona 2013-cü ildə təyin edilmişdir. İddiaçı İİİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı ərizəsinə 10 mart 2020-ci il tarixdə 08/M-109 saylı məktubla cavab verərək, 2001-ci ilin dekabr ayında hərbi xidmətdən tərxis olunub, 12 ildən artıq müddət keçdikdən sonra, yəni 2013-cü ildə İİİ qrup əlillik dərəcəsi aldığından, ərizəsinin təmin edilməsinin qeyri-mümkün olduğu iddiaçının nəzərinə çatdırılmışdır. İddiaçı hazırkı mülki işə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona sığorta ödənişi verilməməsinin qanunsuz olduğunu iddia etmiş və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisənin həlli üçün tətbiq edilməli olan «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Qanunun imperativ tələbindən göründüyü kimi, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Hazırkı halda, İddiaçı əlillik xidmətdən buraxıldığı gündən 3 il müddətində deyil, bundan xeyli sonra təyin edilmişdir və iddiaçı, qanunun tələbinə görə, sığorta məbləğini almaq hüququna malik deyil. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçıya yuxarıda qeyd olunan məzmunda cavab məktubu ünvanlayarkən, sonuncunun hüquqlarını və qanunun tələblərini pozmamışdır. Bu səbəbdən, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «öhdəliyin icra edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «öhdəliyin icra edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5737/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5737/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver