Məhkəmə qərarları › İş №2(006)-5809/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5809/2020

09.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5809/2020 09.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, onun vəkili X1, cavabdeh Kayman Adalarının "X4" Şirkətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Kayman Adalarının "X4" Şirkətinə qarşı "xx.xx.2020-ci il tarixli, 25X-OK №-li əmrin etibarsız hesab edilməklə iddiaçının işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün cavabdeh tərəfindən əmək haqqının iddiaçıya ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Kayman Adalarının "X4" Şirkətinə qarşı "xx.xx.2020-ci il tarixli, 25X-OK №-li əmrin etibarsız hesab edilməklə iddiaçının işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün cavabdeh tərəfindən əmək haqqının iddiaçıya ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2000-ci il tarixdə “xxxx” OC-də quyuların əsaslı və yeraltı təmir sexinə usta vəzifəsinə təyin edilmiş və müxtəlif vəzifələrdə çalışmaqla, sonuncu dəfə xx.xx.2015-ci il tarixdən 1 saylı NQÇİ-də sahə rəisi vəzifəsinə təyin edilmişdir. Lakin “xxxx” OC-nin xx.xx.2020-ci il tarixli, 25X-OK №-li əmrilə iddiaçı sahə rəisi vəzifəsindən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏMnin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçıya cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə vaxtından əvvəl işdən getmə barədə jurnalın müvafiq qrafasında imzaladığından Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “töhmət” elan edilmişdir. Lakin sonuncu dəfə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə, işdə olarkən xx.xx.2020-ci il tarixdə iş zamanı saat 15:52 radələrində R.N.Şirəliyev iddiaçıya mobil telefon vasitəsi ilə zəng edərək 211 saylı quyuda baş vermiş qəza barədə məlumat vermiş və quyu ətrafını neftdən təmizləmək üçün vakuum maşını və traktor istəmişdir. Lakin iddiaçı tərəfindən vakuum maşının xarab olduğunu və traktorçunun isə istirahət günü olduğundan əl əməyindən istifadə edilməklə yerində təmizlik işlərinin aparılması tapşırığı verildiyindən, Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh “xxxx” ASC iddiaçının əmək funksiyalarının icrasına səhlənkar yanaşdığına və xidməti vəzifəsini vicdanla yerinə yetirmədiyinə və əmək vəzifəsini kobud şəkildə pozaraq işə səhlənkarlıqla yanaşaraq əmək və icra intizamını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etmək qənaətinə gəlməklə qanunsuz işdən azad etmişdir. Cavabdeh əmrdə qeyd edir ki, iddiaçı əmək funksiyalarının icrasına səhlənkar yanaşdığından və xidməti vəzifəsini vicdanla yerinə yetirmədiyindən, əmək qanunvericiliyinin tələblərinin pozulması kimi 70-ci maddəsinin “ç” bəndini əsas götürmüşdür. Bundan başqa, cavabdeh 70-ci maddənin “ç” bəndinin tətbiqinin əsası kimi həmin Məcəllənin 186.2-ci bəndini və 187-ci maddələrə əsasən əmək funksiyalarının icrasına səhlənkar yanaşdığına görə ciddi intizam tənbehinin görülməsini əsas götürmüşdür. Belə ki, cavabdeh əmrdə iddiaçının əmək funksiyalarının icrasına səhlənkar yanaşdığının əsası kimi 211 saylı quyuda baş vermiş qəza barədə tədbir görmədiyini və bu barədə MMTX-yə, Texniki təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühütün qorunması şöbəsinə və şirkətin filialının rəhbərinə məlumat vermədiyini qeyd edir. Lakin hadisə baş verən gün vakuum maşınının xarab olduğu və traktorçunun isə istirahət günü olduğundan işləmədiyinə görə əl əməyindən istifadə etməklə əraziyə dağılmış neftin yığılması barədə tədbir görülməsi üçün tapşırıqlar vermişdir. Belə ki, həmin gün vakuum maşınının işləməməsi texniki baxımdan təmiri-bərpa işlərinin aparılması iddiaçının səlahiyyətləri daxilində deyildir, traktorçunun isə istirahət günü olduğundan onun məcburi əməyə cəlb edilməsi isə iddiaçının səlahiyyətlərinə ziddir. Bu səbəbdən də iddiaçı neftin ərazidən yığılması barədə müvafiq tapşırıqlar vermişdir. Belə olan halda iddiaçı vəzifəsinin vicdanla yerinə yetirilmədiyinin cavabdeh tərəfindən əmrdə qeyd etməsini başa düşmür. Bundan başqa, dəfələrlə belə bir hadisələr olmuş və müəyyən qəzalar nəticəsində əraziyə neft axımı olmuş və texniki təchizat olmadıqda əl əməyi nəticəsində aradan qaldırılmışdır. Lakin bunun cavabdeh tərəfindən əmək funksiyalarının kobud surətdə pozulması kimi qiymətləndirməsi, qərəzlidir və məqsədyönlü olaraq tədbirlər görülməsindən ibarət olmuşdur. Çünki, Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən əmək müqaviləsindən irəli gələn vəzifələrin və müəssisədaxili intizam qaydalarının pozulması olaraq işəgötürən tərəfindən inzibati tənbeh növlərindən birinin tətbiqinin həyata keçirilməsi göstərilir. Cavabdeh isə işin faktiki halları olaraq 186.2-ci maddəsinin tələblərindən irəli gələn müqavilə üzrə hansı vəzifələrin və müəssisədaxili intizam qaydalarının pozduğunu göstərmir və onların pozulmasına səbəb olan halların nədən ibarət olduğunu əsaslandırmır. Lakin Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinin tətbiqinin əsası kimi həmin Məcəllənin 186.2-ci bəndinə və 187-ci maddələrə əsasən müəyyən edir. Bu da ondan irəli gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə tabel jurnalına işdən getmə vaxtından əvvəl imza ataraq getdiyinin əsası kimi “töhmət” elan etmişdir. Halbuki, iddiaçı tabel jurnalına iş vaxtının qurtarmasına bir neçə dəqiqə qalmış imza atmaqla evə getməmiş və sonuncu dəfə vəzifəsindən irəli gələrək əraziyə baxış aparmaq məqsədi ilə işinin yerinə yetirmək olmuşdur. Bunu da iddiaçı birbaşa işlədiyi yeri deyil, əraziyə çıxmaqla sonuncu dəfə vəzifəsindən irəli gələn işləri yerinə yetirməklə iş vaxtının bitdiyi vaxtdan sonra əraziyə baxışı bitirib iş yerini tərk etmişdir. Bu baxımdan, cavabdehin əmri əsassızdır. İddiaçı işlədiyi müddət ərzində həmişə qabaqcıl, mütərəqqi işlərə meylli oİmaqla öz vəzifəsində məsuliyyətli, intizamlı olmuşdur. Məhz bunun nəticəsidir ki, heç vaxt bir dəfə də olsun işlədiyi 2000-ci il tarixdən işdən azad edilməyərək, digər bir təşkilatda işləməmiş, deməli işdə göstərdiyi əməyinin və işə məsuliyyətlə yanaşmağının səbəbidir ki, istər həmin vaxtlarda, istər də son vaxtlarda bir dəfə də olsun inzibati tənbeh almamışdlr. Buna sübut olaraq əmək kitabçasında öz əksini tapır. Belə ki, iddiaçı işinə səhlənkar yanaşsaydı və vəzifəsinin öhdəsindən gəlməsəydi, yəqin ki, cavabdeh tərəfindən bu cür məsul vəzifəyə keçirilməsinə əsas verməzdi. Lakin son zamanlar şirkət daxilində gedən müəyyən hallar iddiaçıya belə bir əsassız və böhtan xarakerli tədbirlərlə işdən uzaqlaşdırılmasına çalışmışlar və buna da nail olmuşlar. Cavabdeh «xxxx» CO əmrdə istinad etdiyi halları, yəni İddiaçı hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı dəqiq sübutlar göstərməmiş, eləcə də iddiaçının nöqsanları nəticəsində cavabdeh təşkilat olaraq mülkiyyətçiyə maddi ziyan vurulmasını yalnız formal mülahizələrə əsaslansa da, lakin sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən İddiaçı cavabdeh “xxxx” CO tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 25X-OK №-li əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, "xxxx” OC-nin 1 saylı NQÇS-nin rəis müavini vəzifəsinə bərpa edilməsi və işdən azad olunduğu xx.xx.2020-ci il tarixdən məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili X3 iddiada göstərilənləri təsdiq edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Kayman Adalarının "X4" Şirkətinin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan “X4” Şirkətinin xx.xx.2020-ci il tarixli, 21/L saylı “işçiyə intizam məsuliyyətinin tətbiq edilməsi barədə” əmrindən görünür ki, vəzifə səlahiyyətlərinə səhlənkar yanaşması və əmək və icra intizamı qaydasını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən neft-qaz hasilatı sexinin rəis müavini İddiaçı töhmət elan edilmişdir. İş materiallarında olan “X4” Şirkətinin xx.xx.2020-ci il tarixli, 38/L saylı “əmək və icra intizamına riayət olunması vəziyyətinin yoxlanmasının nəticələrinə əsasən intizam tənbehi verilməsi barədə” əmrindən görünür ki, əmək və icra intizamını pozduğuna görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 1 saylı Neft və qaz hasilatı sexinin rəis müavini İddiaçı “töhmət” elan edilmişdir. Həmin əmrdən görünür ki, 1 saylı NQÇS-in işə davamiyyət jurnalına baxış keçirilərkən müəyyən edilmişdir ki, sex rəisinin müavini İddiaçı vaxtından əvvəl işdən getmə barədə jurnalın müvafiq qrafasını imzalamışdır. İddiaçı bu faktla bağlı səhvini, eləcə də tabeçiliyində olan operatorun vaxtından tez getməsinin qarşısını almaması ilə bağlı təqsirini boynuna almış, bu tip nöqsanların aradan qaldırılması istiqamətində iş görəcəyini vəd etmişdir. İş materiallarında olan “Qarasu Əməliyyat Şirkəti”-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli xidməti yazıda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixində səhər işə gələrkən 211 saylı quyunun ətrafı neftlə bulandığı aşkar olundu. Quyu ətrafına baxış keçirilən zaman müəyyən olundu ki, quyu boruarxasından işləyib və hazırda qaz sızması var. Araşdırma zamanı müəyyən olundu ki, xx.xx.2020-ci il tarixində saat 15:00-15:30 radələrində NQÇS tərəfindən ərazinin bulanması və boruarxasında olan siyirtmənin işlək olmaması aşkar edilib, lakin bu barədə NQÇS-nin rəis müavini İddiaçı həç kəsə məlumat verməyib. Baş verənləri gizlətməyə çalışıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq, baş vermiş hadisəni Şirkət rəhbərliyindən və ya Şirkət üzrə cavabdeh şəxslərdən gizlətdirdikləri və gələcəkdə bu kimi hadisələrin baş verilməməsi üçün NQÇS-nin rəis müavini İddiaçı barədə müvafiq tədbir görülməsi barədə aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan “X4 LTD”-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həqiqətən xx.xx.2020-ci il tarixində səhər saat 08:00 radələrində işə gələrkən 1 №-li NQÇS M-211 №-li quyunun ətrafının neftlə çirklənməsi müşahidə olundu. Baxış keçirərkən 211 saylı quyunun boru arxası siyirtmədə sızma nəticəsində 50 m2 ərazi neft tullantılarında bulanmışdır. İş materiallarında olan “X4” Şirkətinin xx.xx.2020-ci il tarixli, 25X-OK saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, əmək vəzifəsini kobud şəkildə pozduğuna görə 1 saylı NQÇS-in rəis müavini vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilməsi, mühasibatlığa xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iş dövrü üçün istifadə etmədiyi 15 (on beş) məzuniyyət günlərinə görə İddiaçı pul əvəzi, əmək haqqı, ödənilmədiyi iş günləri üçün əmək haqqı və istifadə etmədiyi 1 (bir) gün əvəzgünə görə günlük vəzifə maaşının 2 misli həcmində pul əvəzinin hesablanaraq ödənilməsinin tapşırılması, kadrlar şöbəsinin rəisi F.Ə.Əliyevə bu əmrin surətinin əmək kitabçası ilə birlikdə İddiaçı verilməsinin təmin etməsinin tapşırılması əmr edilmişdir. Həmin əmrdən görünür ki, xx.xx.2020-ci il tarixdə səhər işə gələrkən, 211 saylı quyunun ətrafı neftlə bulandığı aşkar olunmuşdur. Quyu ətrafına baxış və ilkin araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 15:00-15:30 radələrində, 1 saylı Neft və qazçıxarma sexinin (NQÇS) neft və qaz hasilatı üzrə operatoru tərəfindən ərazinin bulanması və boru arxasında olan siyirtmənin işlək olmaması barədə 1 saylı NQÇS-nin rəis müavini İddiaçı xəbər verilib, lakin sonuncu baş verənləri gizlətməyə çalışaraq bu barədə heç kəsə məlumat verməyib. İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə iş zamanı saat 15:52 radələrində R.N.Şirəliyev ona mobil telefon vasitəsilə zəng edərək 211 saylı quyuda baş vermiş qəza barədə məlumat vermiş və quyu ətrafını neftdən təmizləmək vakuum maşın və traktor istəmişdir. İddiaçı R.N.Şirəliyevə vakuum maşının xarab olduğunu və traktorun sürücüsünün isə istirahət günü olduğunu bildirmiş, başqa heç bir tədbir görülməmişdir. İddiaçı qəza və qəzanın nəticəsi barədə Mərkəzi mühəndis-texnoloji xidmətinə (MMTX) və Şirkətin Filialının rəhbərliyinə məlumat vermədiyini etiraf etmiş və bunlara görə özünü günahkar hesab etdiyini bildirmişdir. Araşdırma nəticəsində müəyyən olmuşdur ki, 1 saylı NQÇS-nin rəis müavini İddiaçı xx.xx.2020-ci il tarixdə 1ci növbə iş zamanı saat 15:30 radələrində 11 saylı quyuda baş vermiş texniki qəzanı və qəza nəticəsində quyu ətafının neftlə çirklənməsini gizlətmiş, qəzanın və onun nəticələrinin aradan qaldırılması istiqamətində heç bir tədbir görməmiş, hadisə barədə MMTX-yə, texniki təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması şöbəsinə və Şirkətin Filialının rəhbərliyinə məlumat verməmişdir. Beləliklə, İddiaçı özünün hərəkətsizliyi ilə əmək və icra intizamını pozmuş, əmək qanunvericiliyi və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əmək müqaviləsi üzrə vəzifəsini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Nəticədə iddiaçı cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı işinə səhlənkar yanaşması ilə əmək və icra intizamını pozduğuna görə ona xx.xx.2020-ci il tarixli, 21/L saylı və xx.xx.2020-ci il tarixli, 38/L saylı əmrlərlə intizam məsuliyyətinə cəlb edilmiş, ona töhmətlər verilmişdir. Lakin, göründüyü kimi İddiaçı intizam tənbehlərindən nəticə çıxarmamış, təkrarən əmək funksiyasını pozaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi ilə nəzərdə tutulmuş əmək vəzifələrinin kobud şəkildə pozulması halına yol vermişdir. Beləliklə, iş materiallarından göründüyü kimi iddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuş, bununla da müəssisənin rəhbərliyi tərəfindən məlum əmr qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onlar arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də işəgötürən iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməklə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının «işə bərpa edilməsi» haqqında iddia tələbi əsassız olduğuna görə, həmin tələblə bağlı olan iddianın «məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» hissəsi də əsassız hesab olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Kayman Adalarının "X4" Şirkətinə qarşı "xx.xx.2020-ci il tarixli, 25X-OK №-li əmrin etibarsız hesab edilməklə iddiaçının işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün cavabdeh tərəfindən əmək haqqının iddiaçıya ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Kayman Adalarının "X4" Şirkətinə qarşı "xx.xx.2020-ci il tarixli, 25X-OK №-li əmrin etibarsız hesab edilməklə iddiaçının işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün cavabdeh tərəfindən əmək haqqının iddiaçıya ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar