Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5816/2020 10.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında olan mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci ildən ünvan 1 ünvanında yerləşən ev onun xüsusi mülkiyyətindədir. Həmin mənzildə onun ilə birlikdə oğlu Cavabdeh və nəvələri 1999-cu il təvəllüdlü X7 və 2003-cü il təvəllüdlü X8 qeydiyyatdadırlar. Lakin Cavabdeh 2003-cü ildən onu və övladlarını tərk edərək evdən çıxıb getmiş, bugünə kimi onunla heç bir əlaqə saxlamamış və maraqlanmamışdır. Dəfələrlə oğlunu, yəni Cavabdeh axtarsa da bu nəticəsiz olmuşdur. Artıq 17 ildən çoxdur ki, cavabdeh qeyd olunan mənzildə yaşamır. Bununla bağlı qonşuların iştirakı ilə xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və aidiyyəti qurum tərəfindən təsdiq edilmişdir. Qeyd olunan mənzilin bütün kommunal ödənişlərini və cari xərclərini özü ödəniş edir və hazırda həmin ünvanda nəvələri ilə birlikdə yaşayır. Cavabdeh bu mənzildə qeydiyyatda olduğu üçün mənzillə bağlı müxtəlif məsələlər yaranarkən onun da razılığı və iştirakı tələb olunur. Lakin cavabdeh onları atıb getdiyi üçün əlaqələri olmadığı səbəbindən bu onlara müəyyən çətinliklər yaradır. Bunlara əsasən də bu çətinliklərin meydana çıxmaması üçün və mənzillə bağlı öz hüquqlarını maneəsiz həyata keçirə bilmək üçün məhkəməyə müraciət etməyi qərara almışdır. İşin faktiki halından müəyyən edilir ki, oğlu Cavabdeh nə onunla, nə övladları, nə də evlə bağlı maraqlanmır və diqqət, qayğı göstərmir. Bir sözlə formal olaraq o, onun oğludur. Hesab edir ki, cavabdehin onlarla ailə üzvü olması sənəd üzərindədir. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh ünvan 1 ünvanında olan mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında olan mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 070846 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5 MR, 20 Yanvar küçəsi, ev 36, 24 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçrilmiş və bu barədə 1156 saylı reyestr kitabının 173589-cu səhifəsində xx.xx.2001-ci il tarixdə 30/173589 nömrə ilə qeydə alınmışdır. Beləliklə, iddiaçı müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Nəsimi rayon MKTB-nin 31 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 31/512 saylı arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5 MR, 20 Yanvar küçəsi, ev 36, 24 saylı mənzilin sahibi İddiaçıdır və həmin ünvanda ondan başqa Cavabdeh, X7, X8 da qeydiyyatdadırlar. X13, X4 və X3 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2020-ci il tarixli aktdan görünür ki, 5-ci mkr., 20 Yanvar küçəsi, 36 saylı binanın 24 saylı mənzilində qeydiyyatda olan Cavabdeh 2003-cü ildən göstərilən mənzildə yaşamır. X5 məhkəmə baxışı zamanı ifadə verərək bildirmişdir ki, İddiaçı onun qonşusudur və onu 32 ildir ki, tanıyır. Cavabdeh da iddiaçının oğludur. Cavabdeh qızı Humayın 2-3 yaşı olarkən heç kimə heç bir məlumat vermədən evi tərk edərək getmişdir. Hətta arvadı xəstə olduğu müddətdə və daha sonra vəfat etdikdə belə gəlməmiş, yas mərasimlərində də iştirak etməmişdir. X1 məhkəmə baxışı zamanı ifadə verərək bildirmişdir ki, İddiaçı onun qonşusudur. Təxminən altı il müddətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 36 saylı binaya köçmüşdür. O, həmin binaya köçdükdən bəri Cavabdeh öldüyünü zənn etmişdir. O, həmin binada yaşadığı müddətdə Cavabdeh görməmişdir. X11 Rəşidovna məhkəmə baxışı zamanı ifadə verərək bildirmişdir ki, İddiaçı onun qonşusudur və onu 38 ildir ki, tanıyır. Cavabdeh da iddiaçının oğludur. Cavabdeh qızı Humayın 2-3 yaşı olarkən heç kimə heç bir məlumat vermədən evi tərk edərək getmişdir. Bundan sonra o, Cavabdeh heç bir vaxt görməmişdir. İddiaçı yaşadığı mənzildə Cavabdeh məxsus əşyalar və hətta fotoşəkli belə yoxdur. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5 MR, 20 Yanvar küçəsi, ev 36, 24 saylı mənzil 2001-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Lakin o, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır İş materiallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibəti xx xxxxxxx 2009-cu il tarixədək (cavabdeh mübahisəli mənzilə 1973-cü il tarixdə qeydiyyata alınmış, 2003-cü ildə mənzili tərk etmişdir) yarandığıdan hazırki mübahisə qüvvədə olan Mülki Məcəllənin müvafiq müddəalarına əsasən həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddənin məzmunundan görünür ki, mülkiyyətçinin ailə üzvünün o zaman yaşayış sahəsindən onunla bərabər istifadə hüququ vardır ki, o, mülkiyyətçi ilə birgə yaşasın. Hazırki halda cavabdehin mülkiyyətçi ilə birgə yaşamaması sübut olunduğundan onun mübahisəli yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şəxsin yaşayış sahəsində yaşamadan, həmin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunduğu kimi, şəxsin qeydiyyatda olduğu ünvan üzrə yaşayış sahəsindən istifadə hüququnun olduğu prezumpsiyası qüvvədə olduğundan, bu hal mülkiyyətçinin öz hüquqlarının həyata keçirilməsinə mane yaradır. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununa əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Məhkəmə müvafiq iddia tələbini neqator iddia kimi qiymətləndirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. X12 Məcəlləsinin 327.1-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 5 mkr, 20 Yanvar küçəsi, 36 saylı evin 24 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 5 mkr, 20 Yanvar küçəsi, 36 saylı evin 24 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5816/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5816/2020
10.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver