Məhkəmə qərarları › İş №2(006)-5832/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5832/2024

04.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5832/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızı, İddiaçı cavabdeh “X1” ASC-yə qarşı “yeni açılmış hal əmlakın likvid qiymətin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1” ASC-yə qarşı “yeni açılmış hal əmlakın likvid qiymətin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hazırda iddia tələbinin predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən mənzilin hərracda satış qiymətinə həmdə hərracın qanuna uyğun aparılmasına artıq hüquqi qiymət verilmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddianın yolverilməzliyi dedikdə iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və buna görə də iddia ərizəsi üzrə məhkəmə icraatına başlanılması və həyata keçirilməsi istisna edilir. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsaslarından biri kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. AR MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-5875/2016 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" KB ASC-yə olan borc məbləği həmçinin Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 74, mənzil 14 və Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 25, mənzil 43-ə yönəldilməsi qət edilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-1929/2016 saylı qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-5875/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədə həmçinin qeyd edilmişdir ki, cavabdehlər daşınmaz əmlakın qiymətləndirilməsi barədə DƏDRX-in 2 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəylərin qeyri-obyektiv olmasını və mənzillərin qiymətinin real bazar qiymətlərinə uyğun olmadığını göstərsələr də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-1929/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qeyd edir ki, AR Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə də bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Beləliklə, eyni tərəflər arasında olan Sumqayıt Şəhər Məhkəməsinin ləğv olunmayan xx.xx.2016-cı il tarixli qətnaməsi mövcud olmaqla, həmin qətnamələrlə hərracın qanuna uyğun keçirilməsinə artıq hüquqi qiymət verildiyindən, İddiaçı cavabdeh “X1” ASC-yə qarşı “yeni açılmış hal əmlakın likvid qiymətin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1” ASC-yə qarşı “yeni açılmış hal əmlakın likvid qiymətin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar