Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-586/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «yeni kredit müqaviləsinin bağlanması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «yeni kredit müqaviləsinin bağlanması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28.02.2019-cu il tarixli Fərmanının tətbiq edilməsi və onunla Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 17.03.2014-cü il tarixdə 5.100 ABŞ dolları məbləğində pulun götürülməsi barədə Cavabdeh ASC-nin Nərimanov filialı ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə görə bu kredit ona 36 ay müddətinə verilmişdir. Kredit götürüldükdən sonra həmin müqavilə üzrə öhdəliklərin əksər hissəsi onun tərəfindən icra edilmişdir. Lakin sonradan ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinin kəskin şəkildə artması ilə əlaqədar hamıda olduğu kimi, onda da bu kreditin ödənilməsi ilə əlaqədar çətinliklər yaranmışdır. Ona görə də, kreditin qalan hissəsini ödəyə bilməmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28.02.2019-cu il tarixli Fərmanına əsasən 2014-cü ildə ABŞ dolları ilə götürülmüş kreditlər üzrə müəyyən güzəştlər edilmiş və həmin vaxt kredit götürən şəxslərlə yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanması göstərilmişdir. Bununla əlaqədar Cavabdeh ASC-nin Nərimanov filialının müdiri tərəfindən ona 05.09.2019-cu il tarixdə müvafiq bildiriş göndərilmiş və həmin Fərmanın icrası ilə əlaqədar ona yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması təklif edilmişdir. Həmin vaxt o, bu təkliflə əlaqədar Cavabdeh ASC-nin Nərimanov rayon filialına yaxınlaşaraq yeni güzəştli şərtlərlə kredit müqaviləsi bağlamaq istədikdə, ondan şəxsiyyət vəsiqəsini tələb etmişlər. O, şəxsiyyət vəsiqəsini bankın nümayəndəsinə təqdim etdikdə, sonuncu, şəxsiyyət vəsiqəsini elektron sistem vasitəsilə yoxlamış və qeydiyyat ünvanının dəyişməsi ilə əlaqədar həmin şəxsiyyət vəsiqəsinin etibarsız olduğunu bildirmişdir. Belə ki, o, əvvəl valideynlərinin evində, yəni ünvan 1 ünvanda pasport qeydiyyatında olmuşdur. Sonradan bu ev satıldığı üçün o, həmin ünvandan daimi pasport qeydiyyatından çıxarılmışdır. Başqa yerə qeydiyyata düşə bilmədiyinə görə, şəxsiyyət vəsiqəsini təzələyə bilməmişdir. Ona görə də, həmin kredit müqaviləsini bağlamaq üçün etibarlı olan şəxsiyyət vəsiqəsi yox idi. Lakin o, yaxın qohumunun evinə daimi pasport qeydiyyatına düşdükdən sonra yeni şəxsiyyət vəsiqəsi alaraq Cavabdeh ASC-nin nümayəndələrinə müraciət etmişdir. Lakin onun müraciəti təmin edilməmişdir. Bununla da, onun hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. Bank iddiaçıya yeni güzəştli şərtlərlə müqavilənin bağlanmasına dəvət edilməsi ilə bağlı bildiriş göndərilmişdir. Bank müştərilərlə yeni kredit müqavilələrinin bağlanmasında həmişə maraqlı olur. Əgər iddiaçı vaxtında banka müraciət etsə idi, onunla da digər vətəndaşlar kimi kredit müqaviləsi bağlanacaqdı. İddiaçı müəyyən olunmuş müddət ərzində müqavilənin bağlanması üçün banka müraciət etməmişdir. İddiaçının iddia ərizəsində şəxsiyyət vəsiqəsindəki uyğunsuzluğa görə müqavilə bağlanmasından imtina edilməsi barədə qeyd etdikləri həqiqəti əks etdirmir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanması ilə bağlı banka müraciət etməsinə və bu zaman şəxsiyyət vəsiqəsində uyğunsuzluq olması səbəbi ilə yeni müqavilənin bağlanmasından imtina edilməsinə) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2(007)-3561/2017 saylı qətnaməsi ilə Cavabdeh ASC-nin İddiaçı və X2 qarşı «kredit və ona hesablanmış faizin geri qaytarılması» tələbinə dair iddiası təmin edilmiş, 4.057 ABŞ dolları məbləğində əsas borc, 2.536 ABŞ dolları məbləğində faiz olmaqla, ümumilikdə 6.611 ABŞ dollarının ödəniş günü məzənnə üzrə manatla, ödənilmiş 20 manat dövlət rüsumu, 12 manat notariat xərcinin İddiaçı və X1 Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bundan sonra, məlum Fərmana əsasən problemli kreditə görə 3.464 manat 56 qəpik kompensasiya hesablanaraq, banka olan ümumi borcun 3.464 manat 56 qəpik hissəsinin ödənilməsinə yönəldilmişdir. Bank, iddiaçı ilə güzəştli kredit müqaviləsinin bağlanmasında maraqlı olduğunu nümayiş etdirmiş və iddiaçıya 05 sentyabr 2019-cu il tarixli AB № NRF 03-00420 saylı bildiriş ünvanlanmışdır. Həmin bildirişdə qeyd olunmuşdur ki, iddiaçı ilə Cavabdeh ASC-nin Nərimanov filialı arasında bağlanmış 17.03.2014-ci il tarixli 3863NF nömrəli kredit müqaviləsinə əsasən iddiaçıya şəxsi məqsədlər üçün 36 ay müddətinə, illik 24 faiz olmaqla, 5.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin iddiaçı 17.03.2014-ci il tarixli 3863NF nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün bank tərəfindən məhkəmədə mülki iddia qaldırılmışdır. İddiaçının nəzərinə çatdırılmışdır ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən iddiaçı ilə Cavabdeh ASC-nin Nərimanov filialı arasında bağlanmış 17.03.2014-ci il tarixli 3863NF nömrəli kredit müqaviləsinin qalıq məbləği olan 3.464 manat 56 qəpik restrukturizasiya olunur. Bu məqsədlə bank tərəfindən iddiaçıya yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması təklif olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması üçün 15 sentyabr 2019-cu il tarixə qədər bankın Nərimanov filialına gəlməsi xahiş olunmuşdur. İddiaçı qeyd olunan tarixədək banka müraciət etməmişdir. İddiaçının şəxsiyyət vəsiqəsində uyğunsuzluğa görə onunla müqavilə bağlanmasından imtina edilməsinə dair qeyd etdikləri subyektiv mülahizələr olmaqla, mötəbər sübutlarla təsdiq edilmir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «yeni kredit müqaviləsinin bağlanması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «yeni kredit müqaviləsinin bağlanması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-586/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-586/2022
17.02.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver