Məhkəmə qərarları › İş №2(006)-586/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-586/2025

13.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-586/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı "iş stajına görə əlavələrin və istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi" tələbinə dair iş üzrə (açar sözlər: əmək haqqına əlavələrin və məzuniyyətə görə kompensasiyanın ödənilməsi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "iş stajına görə əlavələrin və istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı xətt xidməti sahəsinə V dərəcə ilə kabellehimləyici vəzifsinə işə götürülmüşdür. Müqavilənin 4.1-ci maddəsinə əsasən işçinin aylıq əmək haqqı 574 manat məbləğində müəyyən edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2012-ci il tarixli əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə və ştat cədvəlinə əsasən 474 manat əmək haqqı hesablanmaqla xx.xx.2012-ci il tarixdən Xətt xidməti sahəsinə V dərəcə ilə kabellehimləyici vəzifsinə işə qəbul edilməsi əmr edilmişdir. - İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli dəyişiklikdən görünür ki, işinin əmək haqqısının hər ay müvafiq vergilər daxil olmaqla 1012.57 (min on iki manat 57 qəpik) olması müəyyən edilmişdir. - İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli dəyişiklikdən görünür ki, iddiaçının əmək haqqı məbləği müvafiq tutulmalar daxil olmaqla 1012.58 manat və eyni zamanda işçinin əmək haqqının 75.01 manatı əmək şəraitinə və əmək funksiyasının xarakterinə uyğun olaraq zərərli vəzifədə işlədiyinə görə aylıq vəzifə maaşına əlavə qismində ödənilməsi nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cəmiyyətin rəhbərliyinə iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edilməyinizə görə əmək haqqınıza əlavələrin qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsini təmin edib nəticəsi barədə X7 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi ilə bağlı 3-17-5/2-M-8395/3/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Həmçinin bildirilmişir ki, zərərli əmək şəraitli iş yerində işləməyinə görə əmək haqqında əlavələrin hesablanıb ödənilməməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 4 saylı Bakı DOST Mərkəzinə təqdim etdiyi sənədlərdə səlahiyyətli şəxsin imzası və möhr olmadığından tərəfindən sübut kimi qiymətləndirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən Sizinlə "xxxx" MMC-nin işəgötürəni arasında xx.xx.2012-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu və həmin bildirişə xx.xx.2024-cü il tarixdə edilmiş dəyişikliyə əsasən əsas məzuniyyət müddətinizin 46 təqvim günü müəyyən edildiyi məlum olmuşdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 428 nömrəli qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Füzuli rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma- diaqnoz: "Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 86 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 69 nömrəli arayışı, Füzuli rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, Füzuli rayon mərkəzi xəstəxanasının baş həkiminin imzası və gerbli möhürü ilə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 38 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). - Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-1862/2024 saylı qərarı ilə şikayət təmin edilməməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 16 aprel 2024-cü il tarixli, 3-17-5/3-1-3328/2024 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1262/2024 saylı qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-1862/2024 saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 16 aprel 2024-cü il tarixli, 3-17- 5/3-1-3328/2024 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Bakı şəhəri 14 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/14/2024-004492 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 11:00-da keçirilən ilkin mediasiya sessiyasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iştirak etməmişdir. İlkin mediasiya xərci olan 60 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməmühasibatlıq ekspertizasının 9/3471 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd edilənlərə əsasən, ekspert qarşısında qoyulan suallar və suallarda göstərilən tarixlər üzrə tam və hərtərəfli hesablamalar aparmalar mümkün olmadı. Mülki işin materiallarına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ödənilmiş əmək haqqı barədə çıxarışlar əlavə edilmişdirlər. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı Cavabdehnə qarşı "iş stajına görə əlavələrin və istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən cəmi 53 000 (əlli üç min) manat olmaqla əmək haqqına zərərli işə görə əlavələrin, istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixində Xətai telefon govşağı ilə bağlanmış əmək müqaviləsinə əsasən ATS- 440/441 xətt sexi 10-cu dərəcəli kabel lehimləyicisi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin şərtlərinə əsasən işçiyə aylıq əmək göstəricilərinə əsasən 15% qədər mükafatın verilməsi və əmək funksiyasını zərərli əmək şəraitli iş yerində icra etdiyi üçün 20% məbləğində əlavə müəyyən edilmişdir. xx.xx.2012-ci ildən iddiaçı cavabdeh "xxxx" MMC ilə 244 saylı əmək müqaviləsi bağlamış və əmək fəaliyyətini kabel lehimləyicisi vəzifəsidə olmaqla eyni şərtlərlə davam etdirmişdir. xx.xx.2024-cü il tarixindən sözügedən müqaviləyə müvafiq dəyişikliklər edilərək, iddiaçın əmək haqqı məbləği bütün məcburi tutmalar daxil olmaqla 1012.58 manat və eyni zamanda işçinin əmək haqqının 75.01 manatı əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə zərərli vəzifədə işlədiyinə görə aylıq vəzifə maaşına əlavə qismində ödənilməsi nəzərədə tutulmuşdur. Müqavilənin 4.3.1-ci bəndinə əsasən işçiyə hər iş ili üçün 46 təqvim günündən ibarət əsas ödənişli əmək məzuniyyətinin verilməsi müəyyən edilmişdir. Qeyd olunan dəyişikliklərin xx.xx.2024-cü il tarixindən qüvvəyə minməsi müqavilədə öz əksini tapmışdır. Belə ki, müqaviləyə olunan müvafiq dəyişikliklərdən öncə iddiaçıya hər ay əmək haqqına 15% qədər mükafatın verilməsi və əmək funksiyasını zərərli əmək şəraitli iş yerində icra etdiyi üçün 20% məbləğində əlavənin ödənilməsi müəyyən edilmişdir. Lakin buna baxmayaq işəgötürən tərəfindən sözügedən şərtlər icra olunmamışdır. İddiaçı tərəfindən dəfələrlə rəhbərliyə edilmiş müraciətlər nəticəsiz qaldığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiaəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinə rəsmi müraciətlər edilmişdir. X3 apardığı araşdırmalar nəticəsində iddiaçının zərərli əmək şəraitli iş yerində işlədiyinə baxmayaraq iş vaxtında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinin tələblərinə uyğun olaraq qısaldılmış iş vaxtının müəyyən edilmədiyi və iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edilməyə görə əmək haqqına əlavələrin hesablanıb ödənilmədiyi aşkar edilmişdir. Bu səbəbdən "xxxx" MMC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X9 Müfəfəttişliyi tərəfindən edilən müraciətin tam araşdırılması mümkün olmamışdır. Belə ki, X3 "xxxx" MMC-nə zəruri sənədlərin təqdim olunmasına dair məktubu cavabsız qalmış və sonuncu tərəfindən tələb olunan sənədlər müfəttişliyə təqdim olunmamışdır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq isə X4 tərəfindən məsələnin yerində araşdırılması mümkün olmamışdır. "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respbulikası Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 saylı Qərarına əsasən kabel lehimləyicisi vəzifəsi zərərli vəzifələr siyahısına əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiaəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin apardığı araşdırma nəticəsində iddiaçınının iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edildiyi və cəlb edilməyə görə əmək haqqına əlavələrin hesablanıb ödənilmədiyinə dair pozuntu aşkar olunmuşdur. Qeyd etmək zəruridir ki, iddiaçıya xx.xx.2018-ci il tarixli 428 saylı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının Qərarına əsasən döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı travma nəticəsində ona "Qapalı kəllə beyin travması, Baş beyin silkələnməsi" diaqnozu qoyulmuşdur və o uzun müddətdir ki, zərərli iş şəraitində çalışır. Lakin cavabdeh tərəfindən iddiaçıya müəyyən olunmuş mükafat, zərərli iş şəraitinə görə əlavə və istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilmir. İddiaşı tərəfindən aparılmış hesablamalar nəticəsində cavabdehin iddiaçıya zərərli işə görə, istifadə olunmamış məzuniyyətə görə 53 000 (əlli üç min) manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən 14 saylı Mediasiya təşkilatına müraciət edilmiş və ona xx.xx.2024-cü il il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/14/2024-00492 saylı arayış təqdim edilmişdir. b) iddiaya etiraz: Cavabdeh etiraz ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 13 yanvar 2012-ci il tarixdən cavabdeh "xxxx" MMCdə çalışır. Onunla həmin tarixdə bağlanmış əmək müqaviləsinə əsasən aylıq əmək haqqısı 574 manat, əmək şəraiti zərərli iş şəraiti hesab edildiyi üçün əmək haqqına 8 % əlavə müəyyən edilmişdir. 01 aprel 2022-ci il tarixdə həmin müqaviləyə dəyişiklik edilmiş və işinin əmək haqqısının hər ay müvafiq vergilər daxil olmaqla 1012.57 (min on iki manat 57 qəpik) olması müəyyən edilmişdir. Həmin dəyişiklikdən əvvəl iddiaçının əmək haqqısı 860 (səkkiz yüz altmış) manat olmuş, dəyişikliyin edilməsində məqsəd işçinin zərərli işə görə əlavənin verilməsi ilə bağlı olmuşdur. Sadəcə olaraq həmin dəyişiklikdə zərərli işə görə əlavə ayrıca göstərilməmiş, ümumi əmək haqqının tərkibində göstərilmişdir. xx.xx.2024-cü il tarixdə isə əmək müqaviləsinə növbəti dəyişiklik edilərək iddiaçının əmək haqqı məbləği müvafiq tutulmalar daxil olmaqla 1012.58 manat və eyni zamanda işçinin əmək haqqının 75.01 manatı əmək şəraitinə və əmək funksiyasının xarakterinə uyğun olaraq zərərli vəzifədə işlədiyinə görə aylıq vəzifə maaşına əlavə qismində ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 4.3.1-ci maddəsinə görə işçiyə hər iş ili üçün 46 təqvim günündən ibarət əsas ödənişlik əmək məzuniyyətinin verilməsi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2010-cu tarixli əmək müqaviləsinə Xətai rayon Telefon Qovşağında ATS-440/441 xətt sexi 10-cu dərəcəli kabel lehimləyicisi vəzifəsinə təyin edildiyini, əmək müqaviləsinin şərtlərinə əsasən işçiyə aylıq əmək göstəricilərinə əsasən 15% qədər mükafatın verilməsi və əmək funksiyasını zərərli iş yerində icra etdiyi üçün 20% məbləğində əlavənin ödənilməsini, lakin xx.xx.2024-cü il tarixli dəyişiklikdən əvvəl ona hər ay əmək haqqına 15 % qədər mükafatın verilməsi və əmək funksiyasını zərərli iş şəraitində icra etdiyi üçün 20% məbləğində əlavənin verilmədiyini bildirmişdir. Bununla bağlı bildirirlər ki, yuxarıda göstərdikləri kimi İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında əmək münasibətləri 13 yanvar 2012-ci il tarixdən başlandığı üçün iddiaçı yalnız həmin dövrdən sonrakı ödənişləri tələb edə bilər. Həmin əmək müqaviləsində də əmək şəraiti zərərli iş şəraiti hesab edildiyi üçün əmək haqqına 8% əlavə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin məbləğ ödənilmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, zərərli iş şəraitində çalışmasına baxmayaraq ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 92-ci maddəsinin tələblərinə uyğun olaraq qısaldılmış iş vaxtının müəyyən edilmədiyi və iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edilməyə görə əmək haqqına əlavələrin hesablanıb ödənilmədiyi aşkar edilmişdir. Bu səbəbdən "xxxx" MMC-nn rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla bağlı bildirmək istəyir ki, həmin inzibati xəta haqqında qərardan tərəflərindən Bakı şəhəri Nəsimi rayon məhkəməsinə şikayət verilmiş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-1862/2024 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Həmin qərardan tərəflərindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1262/2024 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-1862/2024 saylı qərarı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Apellyasiya məhkəməsi qərarda göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında qərarın çıxarılmasına səbəb X6 tərəfindən İddiaçı iş vaxtından artıq işlərə cəlb edilməsi və buna görə işçiyə əmək haqqının ödənilməməsi olmuşdur. Bu səbəbdən də X1 Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 700 manat inzibati cərimə olunmuşdur. Halbuki iş materiallarına əlavə edilmiş İddiaçı ərizəsindən də görünür ki, sonuncu "xxxx" MMC-də kabel lehimləyici vəzifəsində işlədiyi müddətdə həftədə 5 gün olmaqla saat 09:00-dan 17:00-dək işləmiş, iş vaxtı həftədə 35 saat olmuş və əlavə işlədiyi günlərdə əmək haqqı artıq ödənilmişdir. Bundan əlavə, məhkəmənin qərarında “Elektron hökumət” portalından çıxarışa istinad edilmişdir. Həmin çıxarışa əsasən isə İddiaçı iş vaxtının düzgün olaraq qısadılmış iş vaxtı kimi, yəni 09:00dan 17:00-dək, nahar fasiləsinin isə 13:00-dan 14:00-dək kimi olması qeyd edilmişdir. Bütün bunları nəzərə alaraq, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin ləğv edilmiş inzibati tənbeh vermə haqqında qərarına istinad etməsini əsassız hesab edirlər. Bundan başqa, iddiaçı iddia ərizəsində əmək haqqına zərərli işə görə əlavələrin, istifadə olunmamış məzuniyyətə görə 53.00 (əlli üç min) manat məbləğində kompensasiyanın ödənilməsini xahiş etsə də, həmin məbləğin hansı qaydada hesablanmasını, hansı dövrdən hansı dövrədək kompensasiya tələb etməsini göstərməmişdir. İddiaçı belə bir sübut təqdim etmədən, yalnız öz mülahizəsinə əsasən ona 53.00 (əlli üç min) manat məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir. İddiaçıya Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət aldığı üçün əlavə məzuniyyətin verilməməsi ilə bağlı bildirmək istəyir ki, iddiaçı bu barədə arayışı yalnız 02 fevral 2024-cü il tarixdə tarixdə "xxxx" MMC-nin insan resursları deparatamentinə təqdim etmiş, bundan sonra dərhal onun məzuniyyətinin 46 gün olması barədə elektron sistemə müvafiq qeyd edilmiş və ona 46 günlük məzuniyyət hesablanmışdır. Göründüyü kimi İddiaçı iddia ərizəsində göstərdikləri tam əsassızdır. İddiaçı iddianın əsaslılığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı qanunla müəyyən edilmiş qaydada iddia müddətinin ötürülməsi ilə iddia vermişdir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müqaviləsinə edilən dəyişiklikdən əvvəlki dövrə görə mükafat və zərərli iş yerində işlədiyinə görə kompensasiyanın, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə haqqı tələb edir. Lakin bununla bağlı mediasiyaya 2024-cü ilin avqust ayında müraciət etmişdir. Göründüyü kimi İddiaçı tələblərə haqlı olsa belə, o qanunla müəyyən edilmiş müddəti ötürməklə müraciət etmişdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1, 2, 3 və 4-cü hissələrinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “zərərli işə görə, iş stajına görə əlavələrin və istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) məhkəmə icraat iştiakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 43, 2-ci hissə. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; Maddə 92.1 Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 115.1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Maddə 131.1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Maddə 135.2 İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 159.1 Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Cavabdeh iddiaçı tərəfindən əmək haqqına əlavələrin və istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra müraciət edildiyini bildirmiş və bu əsasla iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə edilmiş dəyişikliklə zərərli əmək şəraitinə görə əlavə ilk dəfə ayrıca və açıq şəkildə müəyyən edilmiş, bu tarixədək isə iddiaçının əmək haqqının tərkibində hansı məbləğin zərərli işə görə əlavə kimi ödənildiyi sənədlərlə dəqiq müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən X7 Xidmətinə müraciət edilməsi, inzibati icraatın başlanması, habelə əmək münasibətləri ilə bağlı hüquqlarının pozulmasının rəsmi qaydada 2024-cü il ərzində aşkar edilməsi iş materialları ilə təsdiq olunur. Bu halda məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulduğunu ən tez halda 2024-cü ildə aşkar etmiş və bir il müddət keçməmiş məhkəməyə müraciət etmişdir. Buna görə də cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı etirazı qanuni və əsaslı hesab edilmir və bu əsasla iddianın rədd edilməsi üçün hüquqi əsas mövcud deyildir. Məhkəmə müəyyən edir ki, iş materiallarından və cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında əmək münasibətləri 13 yanvar 2012-ci il tarixdən mövcud olmuşdur. Həmin tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçının aylıq əmək haqqısı 574 manat məbləğində müəyyən edilmiş, əmək şəraitinin zərərli hesab olunması ilə əlaqədar olaraq əmək haqqına 8 faiz əlavə nəzərdə tutulmuş və bu əlavə cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq ödənilmişdir. 01 aprel 2022-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, iddiaçının əmək haqqısı müvafiq vergilər daxil olmaqla 1012,57 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, həmin dəyişiklik iddiaçının əvvəlki əmək haqqısına zərərli əmək şəraitinə görə əlavə ödənişin daxil edilməsi məqsədi daşımış, lakin bu əlavə ayrıca göstərilməyərək ümumi əmək haqqısının tərkibində ifadə edilmişdir. 06 fevral 2024-cü il tarixdə isə əmək müqaviləsinə növbəti dəyişiklik edilərək iddiaçının əmək haqqısı 1012,58 manat müəyyən edilmiş, eyni zamanda əmək haqqının 75,01 manat hissəsinin zərərli əmək şəraitinə görə aylıq əlavə kimi ödənilməsi açıq şəkildə müqavilədə əks olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi 01 iyul 2010-cu il tarixli əmək müqaviləsi cavabdeh "xxxx" MMC ilə bağlanmamışdır və tərəflər arasında əmək münasibətlərinin 2012-ci ildən başladığı iş materialları ilə təsdiq olunur. Bu baxımdan iddiaçının 2010-cu ildən etibarən hər hansı əlavə və ya kompensasiya tələb etməsi hüquqi əsasdan məhrumdur. İddiaçı tərəfindən zərərli əmək şəraitində işləməsinə baxmayaraq qısaldılmış iş vaxtının müəyyən edilmədiyi və iş vaxtından artıq işlərə görə ödənişlərin aparılmadığı iddia edilsə də, iş materiallarına əlavə edilmiş sübutlardan, o cümlədən “Elektron hökumət” portalından əldə edilmiş çıxarışdan görünür ki, iddiaçının iş vaxtı həftədə 35 saat olmaqla, hər gün saat 09:00-dan 17:00-dək müəyyən edilmiş, nahar fasiləsi isə 13:00-dan 14:00-dək göstərilmişdir. Bu hal qısaldılmış iş vaxtının tətbiq olunduğunu təsdiq edir. Eyni zamanda iddiaçının öz ərizəsindən də görünür ki, əlavə işlədiyi günlərdə ona müvafiq qaydada artıq əmək haqqı ödənilmişdir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 13 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı tərəflər tərəfindən mübahisələndirilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-1862/2024 saylı qərarı ilə həmin şikayət təmin edilməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)- 1262/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Nəsimi rayon məhkəməsinin qərarı və inzibati xəta haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilmişdir. Apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş həmin qərar qanuni qüvvəyə minmişdir və bu səbəbdən iddiaçının ləğv edilmiş inzibati aktlara istinad etməsi məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçının tələb etdiyi məbləğin əsaslandırılması məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3471 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertiza qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli hesablamaların aparılması mümkün olmamışdır. İddiaçının istifadə olunmamış məzuniyyətə görə kompensasiya tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləğin hansı dövr üçün, hansı hesablamaya əsasən formalaşdığını göstərməmiş, bu barədə hər hansı maliyyə sənədi və ya hesablanma cədvəli təqdim etməmişdir. Belə olan halda, məhkəmə yalnız iddiaçının subyektiv mülahizələrinə əsaslanaraq tələb edilən məbləği əsaslı hesab edə bilməz. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alması ilə bağlı arayışı yalnız 02 fevral 2024-cü il tarixdə cavabdehə təqdim etmiş, bundan dərhal sonra onun əsas məzuniyyətinin müddəti elektron sistemdə 46 gün olaraq düzgün şəkildə qeydə alınmış və müvafiq məzuniyyət hesablanmışdır. Bu hal cavabdehin hərəkətlərində qanun pozuntusunun olmadığını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər sübutlarla təsdiq olunmamış, cavabdeh tərəfindən isə əmək qanunvericiliyinin tələblərinə riayət edildiyi iş materialları ilə müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının iddia ərizəsində göstərdiyi tələblər əsassız hesab edilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 AZN İddiaçı alınaraq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "iş stajına görə əlavələrin və istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "iş stajına görə əlavələrin və istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 AZN İddiaçı alınaraq alınaraq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar