Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5897/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Nüsnəddin qızının, müstəqil tələb irəli sürməyən üçün şəxs X2 iştirakları ilə İddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı «xidmət müqaviləsinin ləğv edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «xidmət müqaviləsinin ləğv edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 04.04.2021-ci il tarixdə Bakıdan Moskvaya səfər etməli idi. Bununla əlaqədar uçuşqabağı Covid-19 PCR testini vermək məqsədi ilə 02.04.2021-ci il tarixdə Cavabdeh MMC-yə məxsus Cavabdeh klinikasının Mikrorayon "xxxx" filialına yaxınlaşmışdır. Qeyd edilən testə görə 95 manat ödədikdən sonra iddiaçıdan biomaterial götürüldü və klinikanın əməkdaşlarının sözlərinə görə testin cavabı həmin gün gecə saatlarında bilinməli idi. Lakin həmin vaxtda cavab çıxmadı və klinikadan iddiaçıya bunun səbəbini heç kim bildirmədi, halbuki cavabın ona növbəti gün təqdim edilməli bildirilmişdir, çünki uçuş aprelin 3-dən 4-ə keçən gecə baş tutmalı idi. 03.04.2021-ci il tarixdə səhər saat 09.00-da iddiaçı klinikanın əməkdaşları ilə əlaqə saxlamış və testin nəticəsini soruşmuşdur. Cavabında klinikanın əməkdaşı başa düşülməyən bir səbəb bildirmiş və iddiaçını yenidən test vermək klinikaya gəlməyə məcbur etmişdir. Bu dəfə isə iddiaçı klinikanın Nərimanov filialında Covid-19 PCR testini vermişdir. Klinikada göstərilən xidmətlərin keyfiyyətindən və ümumi laqeydlikdən narazı qalaraq iddiaçı dərhal sonra «X7 Hospital» klinikasında da Covid-19 PCRtest vermişdir. Həmin gün 03.04.2021-ci il tarixdə günorta saatlarında klinikadan testin nəticəsi gəldi «Pozitiv», sonra isə «X7 Hospital» klinikasından testinin nəticəsi gəldi «Neqativ». Sonuncu testin nəticəsinə əsasən iddiaçı Bakı-Moskva istiqamətində olan uçuşunu həyata keçirə bilmişdir. 12.02.2021-ci il tarixdə, yəni klinikada testi verəndən 9 gün sonra, Bakıya qayıdarkən Moskvanın «Şeremetyevo» hava limanında da «X4 Texnoloqiy Arximed» klinikasında uçuşqabağı Covid-19 PCR testini vermişdi. O da «Neqativ» nəticə göstərmişdir. Qeyd edilənlər onu göstərir ki, klinikada verdiyi Covid-19 PCR test keyfiyyətsiz şəkildə həyata keçirilmiş və bunun nəticəsi olaraq səhv nəticə göstərmişdir. Buna görə də bütün dövlət sistemlərində, o cümlədən TƏBİB sistemində iddiaçının statusu yanlış olaraq 2 həftəlik koronavirus xəstəsi statusu kimi qeyd edilmişdir. İddiaçı və ailə üzvləri böyük mənəvi-psixoloji həyəcan keçirmişlər. Bundan əlavə uçuşun klinikanın verdiyi səhv nəticəyə görə baş tutmasaydı iddiaçı xeyli məbləğdə maliyyə itkiləri ilə üzləşəcəydi. Yuxarıda qeyd olunanlarla bağlı cavabdehə müvafiq pretenziya göndərilmiş və klinikanın əməkdaşı tərəfindən o, 30.04.2021-ci il tarixdə alınmışdır. Lakin cavabdehdən pretenziyaya heç bir cavab (reaksiya) bu günə qədər verilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh MMC ilə bağlanmış xidmət müqaviləsini ləğv etməsi, ona uçuşqabağı Covid-19 PCR testinə görə ödənilmiş 95 manat pul məbləğinin ona qaytarılmasına və dəymiş mənəvi zərərin kompensasiyası qismində iddiaçıya 1000 manat məbləğinin ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə Azərbaycanın hüdudlarından kənarda olduğu üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Nüsnəddin qızı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Nüsnəddin qızı məhkəməyə iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının 02.04.2021-ci il tarixdə Covid- 19 PZR (sıyrıntı üsulu) test nümunəsi (ct 31 80) «zəif pozitiv» zəif kontrol olaraq müəyyən edilmişdir. İSO 15189 2012 və İSO 9001 2015 standartlarının tələblərinə əsasən pasiyentə təkrar nümunə verilməsi təklif edilmişdir. Bu səbəbdən 03.04.2021-ci il tarixdə iddiaçıdan təkrar test nümunələri götürülmüşdür. Test nümunəsi saat 10-21 alınmış, 10-35-də laboratoriyaya daxil olmuşdur. Təkrar nümunə nəticəsi yenidən (st 30 48) pozitiv kimi təsdiqlənmişdir. Azərbaycan Respublikası İqtisadiyyat yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidməti Azərbaycan Metrologiya İnstitutu tərəfindən X9 Mərkəzinin laboratoriyasında istifadə olunan «PZR analizator» laboratoriya avadanlığının ölçmə vasitələri yoxlanılmış və bu barədə 22.02.2021-ci il tarixdə 005171 nömrəli şəhadətnamə verilmişdir. Bundan əlavə, Türkiyə Respublikası "xxxx" Tibbi Malzemeler (ləvazimatlar) idxalı və ixracat sənayesi Şirkəti Uyğunluq Bəyannaməsindən görünür ki, X9 Mərkəzində istifadə olunan PZR analizatoru TechnoGen Covid-19 Real Time PCR X1 İVD Direktivinə (98/79/EC) uyğun gəlir, təhlükəsizlik və perfomans üçün əsas tələblərə cavab verir və buna görə də CE işarəsini daşımaq üçün uyğundur. Həmin şirkətin 04.09.2020-ci il tarixdə laborator avadanlığının qiymətləndirilməsini həyata keçirilməsinə dair İngiltərənin «Staunchly Management and Sistem Services Limited» şirkəti tərəfindən İSO 13485:2016 Qiymətləndirmə Sertifikatı verilmişdir. Göründüyü kimi, İddiaçı götürülən biomateriallar yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun laborator avadanlığında təhlil olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, laborator analizlərin təhlilində insan faktoru mövcud deyil, yəni insan müdaxiləsi mümkün deyil, nəticə cihaz tərəfindən verilir. PZR nümunələri verilmə qaydasında preanalitik (analiz verilmədən əvvəl) mərhələsinin mühüm əhəmiyyəti var. Pasiyentin müayinə öncəsi acqarına və ya son gida, maye qəbulundan müəyyən vaxt keçməsi virus yükünün aşkarlanmasına təsir edən hallardır (mənbə U.S.National Library of Medicine/NCBİ National Center for Biotechnology İnformation). Belə ki, işə əlavə edilmiş laborator analizlərin cavab sənədlərindən görünür ki, X9 Mərkəzində iddiaçıdan 03.04.2021-ci il tarixdə, saat 10-21-də analiz nümunəsi götürülmüşdür, bundan beş saat sonra, yəni saat 15-04-də «Bona Dea» xəstəxanasında iddiaçı yenidən eyni növ analiz vermişdir. Bu müddət ərzində iddiaçının gida və mayenin qəbul edib-etməməsi, yəni preanalitik mərhələni pozulub-pozulmaması bəlli deyildir. Hamıya məlum olan faktdır ki, Covid-19 virusunu cavanlar simptomsuz keçirir, virusun canlılığı 14 gündür. İddiaçının virusa yoluxduğu gün məlum olunmadığından, ilkin analiz verildiyi zaman virusun canlılığının hansı mərhələdə olduğunu müəyyən etmək mümkün deyildir, buna görə iddiaçının 9 gün sonra Moskva şəhərində vermiş olduğu test cavabının neqativ olması dəlili də əsassızdır. Bundan əlavə, iddiaçı qeyd etmişdir ki, «Klinikanın tibb personalı ondan analizi üzdən götürmüş, dərinə getməmiş, o hesab etmişdir ki, işini yaxşı bilmir, qeyri-peşəkardır». Buna görə də hesab edir ki, ona göstərilən tibbi xidmətlər keyfiyyətsiz olmuşdur. İddiaçının göstərdiyi həqiqətə uyğun olduğu kimi qəbul edilsə «üzdən», qeyri-peşəkar götürülən nümunələrin cavabı «pozitiv» deyil, «neqativ» olmalı idi. İddiaçının bu dəlili məntiqsizdir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə qeyd edir ki, mənəvi ziyan tələbi ilə bağlı iddiaçı mənəvi ziyanın nədə ifadə olunmasını izah edə bilmədiyindən, ziyanın özünə deyil, ailə üzvlərinə vurulması kimi dəlillər gətirdiyindən, cavabdehin hərəkətləri ilə ziyanın vurulması arasında səbəbli əlaqənin olmasına dair sübut təqdim etmədiyindən, iddiaçı bu hissədə öz tələbini əsaslandıra və sübut edə bilmədiyindən iddia tələbi bu hissə də əsassızdır. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X6 öz izahatında bildirmişdir ki, onların müəssisənin daxili təlimatına görə uçuşa gedən şəxs test verirsə və verdiyin testin nəticəsi pozitiv və ya zəif pozitiv çıxarsa, onlar bu nəticənin dəqiqliyindən əmin olmaq üçün ödənişsiz olaraq öz təşəbbüsü ilə təkrar yoxlanış keçirirlər. Artıq bu yoxlanışdan sonra çıxan nəticə dəqiq olur. İddiaçı Moskvadan qayıdandan sonra da onlara yaxınlaşmışdı və iddiaçıya onlarla bağlı hər şeyin qaydasında və düzgün olduğunu izah etmişdir. Doğrusu, xəstəxanada o hər şeylə razılaşmışdı və bir sualı yox idi, sonradan niyəsə belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu cür hallar digər insanlarla da olub və ola bilər. Belə ki, virus başqa bir hüceyrənin tərkibində yaşayaraq onunla qidalanır və inkişaf edir. Bu zaman da insan artıq özünü xəstə kimi hiss edir. Ola bilər ki, virus boğaza düşüb, lakin selikli qişaya keçməyib və hansısa hüceyrə daxilinə nüfuz etməyib, bu halda nəticə pozitiv göstərsə də, şəxsdə heç bir xəstəlik əlamətləri olmayacaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan «Sifarişçi» qismində "xxxx" MMC ilə «İcraçı» qismində Cavabdeh MMC arasında bağlanılmış laboratoriya xidmətlərinin göstərilməsinə dair 09.03.2018-ci il tarixli müqavilədən görünür ki, «İcraçı»nın xüsusi təchiz edilmiş nəqliyyat vasitələrində yerləşən səyyar tibbi laboratoriyası «Sifarişçi»nin fəaliyyət göstərdiyi Bakı şəhər Bilgəh qəsəbəsi və ətraf ərazidəki əhalinin düzgün və operativ müayinəsinin təşkili məqsəddi ilə «Sifarişçi»yə müraciət edən pasientlərin biomateriallarının götürülməsi, onların «İcraçı»nın laboratoriyasına daşınmasını, analitik mərhələsini həyata keçirərək, nəticələri «Sifarişçi»yə çatdırılmasını (mərkəzləşdirilmiş şəbəkə və elektron poçt vasitəsilə) təmin edir. İş materiallarında olan Cavabdeh MMC-nin Nərimanov rayon filialının 03.04.2021-ci il tarixli Covid-19 PCR test cavabından görünür ki, İddiaçı Covid-19 PCR analiz nəticəsi «pozitiv» göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin elektron portarından görünür ki, Covid- 19 PZR (əsnəkdən sıyrıntı) testə görə ödəniş məbləği 95 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı X7 Hospitalın 03.04.2021-ci il tarixli Covid-19 PZR analiz cavabından görünür ki, İddiaçı Covid-19 PCR analiz nəticəsi «neqativ» göstərilmişdir. İş materiallarında olan Moskva şəhərinin «X5 Texnoloqiy Arximed» Klinikasının 12.04.2021-ci il tarixli Coronavirus SARS-CoV-2 Real Time PCR analiz cavabından görünür ki, İddiaçı Covid-19 PCR analiz nəticəsi «neqativ» göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidməti Azərbaycan Metrologiya İnstitutu tərəfindən 22.02.2021-ci il tarixli 005171 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 Mərkəzinin laboratoriyasında istifadə olunan «PZR analizator» laboratoriya avadanlığının ölçmə vasitələri yoxlanılmışdır. İş üzrə Türkiyə Respublikası "xxxx" Tibbi Malzemeler (ləvazimatlar) idxalı və ixracat sənayesi Şirkəti Uyğunluq Bəyannaməsindən görünür ki, X9 Mərkəzində istifadə olunan PZR analizatoru TechnoGen Covid-19 Real Time PCR X1 İVD Direktivinə (98/79/EC) uyğun gəlir, təhlükəsizlik və perfomans üçün əsas tələblərə cavab verir və buna görə də CE işarəsini daşımaq üçün uyğundur. Həmin şirkətin 04.09.2020-ci il tarixdə laborator avadanlığının qiymətləndirilməsini həyata keçirilməsinə dair İngiltərənin «Staunchly Management and Sistem Services Limited» şirkəti tərəfindən İSO 13485:2016 Qiymətləndirmə Sertifikatı verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Nərimanov filialı tərəfindən İddiaçı ünvanlanmış 19.05.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, 16021782 ştrix kodu altında (İddiaçı) 02.04.2021-ci il tarixdə filialına yaxınlaşaraq Covid-19 PZR testi üçün müraciət etmişdir. 02.04.2021-ci ildə saat 11.58-də qeydiyyata alınmış, saat 14.42-də nümunə alım həyata keçirilmiş, saat 15.02-də biomaterial laboratoriyaya işlənilməsi üçün daxil olmuşdur. 16021782 ştrix kodlu (İddiaçı) nümunə PZR müayinəsinin işlənmə qaydasında əsasən həyata keçirilmiş, protokollar və fakturalar yoxlanılmışdır. İlk nəticə (ct 31 80) zəif pozitiv, zəif kontrol olaraq təyin edilmişdir. Lakin İSO 15189-2021 və İSO 9001:2015 standartlarının tələblərinə əsasən pasiyentə doğru nəticə təqdim etmək üçün təkrar nümunə tələb edilmişdir (daxili imtina yazısı və geridönüm elanı). 03.04.2021-ci il tarixdə 16028388 ştrix kodu altında (İddiaçı) saat 10.19-da təkrar qeydiyyatdan keçmiş, 10.21-də nümunə alımı, 10.35-də isə də boimaterial laboratoriyaya işlənilməsi üçün daxil olmuşdur. Təkrar nümunə nəticəsi yenidən (ct 30.48) pozitiv kimi təsdiqlənmişdir 2 dəfə işlənməsi və pozitiv siqnalla bağlı cihazın şəkli. Yuxarıda qeyd edilən şikayətlə bağlı şirkətin İSO 10002-2018 «Müştəri şikayətlərinin idarə edilməsi sisteminə 60834 nömrəsi ilə qeydiyyata düşmüş, İddiaçıla laboratoriya müdiri görüş keçirmiş, məsələ ilə bağlı ətraflı izah vermişdir. PZR nümunələrinin verilmə qaydasında preanalitik mərhələ önəm daşıyır. Nümunənin iki çubuqla düzgün götürülməsi, pasientin müayinə öncəsi acqarna və ya son qida maye qəbulundan müəyyən müddətin keçməsi, virus yükünün aşkarlanmasına təsir edən məqamlardandır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı 02.04.2021-ci il tarixdə Cavabdeh Klinikasına yaxınlaşaraq uçuşla bağlı Covid-19 PZR testi verərək 95 manat pul ödəmişdir. 03.04.2021-ci il tarixdə ona təkrar test verməyi təklif olunmuşdur, bu dəfə də heç bir ödəniş etməmişdir. Testin cavabı pozitiv olduğu üçün iddiaçı başqa tibb müəssisəsində eyni növ test vermiş və testin nəticəsi neqativ olmuşdur. İddiaçı uçuşunu həyata keçirmiş, Moskva şəhərindən qayıdaraq yenidən test vermiş və testin nəticəsi neqativ olmuşdur. Bu səbəbdən iddiaçı klinika ilə "xxxx" MMC arasında bağlanılmış xidmət müqaviləsinin ləğv edilməsini, özünə dəymiş maddi və mənəvi ziyanın əvəzini tələb edir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddianın xidmət müqaviləsinin ləğv edilməsi hissəsi üzrə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxsin bağladığı əqddir və həmin əqd tərəflərin iradə ifadəsinə əsaslanır. Müqavilənin tərəfləri dedikdə, həmin müqavilənin bağlanılmasında iştirak edən şəxslər nəzərdə tutulur. AR Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 09.03.2018-ci il tarixli müqavilənin tərəfləri "xxxx" MMC və Cavabdeh MMC-dir. İddiaçı isə müqavilənin tərəfi deyil və həmin müqavilə üzrə hər hansı hüquqa və vəzifəyə malik deyildir. Məhkəmə digər tərəfdən qeyd edir ki, müqavilənin ləğv edilməsi haqqında razılaşma müqavilənin tərəfləri arasında müqavilə bağlanılması yolu ilə həyata keçirilir və bununla bağlı razılaşma olmadıqda tərəflər məhkəməyə müraciət edə bilərlər. AR Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.2). Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin tərəfi olmadığından, o, müqavilə üzrə hər hansı hüquq və vəzifə əldə etməmiş və malik deyil. Bu səbəbdən onun həmin müqavilənin ləğv edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi müqavilənin tərəfi olmadığından, onun hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi xidmət müqaviləsinin ləğv edilməsi hissəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin dəymiş maddi və mənəvi ziyanın ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində həqiqətən də ona maddi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi- törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü- mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı «xidmət müqaviləsinin ləğv edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı «xidmət müqaviləsinin ləğv edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-5897/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5897/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver