Məhkəmə qərarları › İş №2(006)-5926/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5926/2021

30.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5926/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini Cavabdeh4 12 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə almışdır. Həmin alqı -satqı müqaviləsinə əsasən Cavabdeh4 bağladığı alqı -satqı müqaviləsinin 13-cü bəndinə əsasən, müqavilənin təsdiqləndiyi tarixdən 11 sentyabr 2018-ci il tarixinədək mənzilin qeydiyyatından çıxmaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da adı çəkilən mənzilin satılmasına etiraz etmədiklərini və gələcəkdə bununla bağlı iddia və tələblərinin olmayacağına dair 03 iyul 2018-ci il tarixli razılıq ərizəsini 14 saylı notarial kontoruna təqdim etmişlər. Buna baxmayaraq, cavabdehlərin heç biri bu günə qədər mənzilin qeydiyyatından çıxmamışlar. Onların heç biri mənzildə yaşamır. Yuxarıda göstərilən alqı-satqı müqaviləsi əsasında iddiaçı həmin mənzilə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və bununla bağlı ona çıxarış verilmişdir. Göründüyü kimi iddiaçı tam qanuni əsaslarla həmin evə bütövlükdə mülkiyyət hüququnu əldə etmişdir. Cavabdehlər isə həmin evə olan mülkiyyət hüququnu itirmişdir. Mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam hüquqlarının cəmi demək olduğuna görə, cavabdehlərin mülkiyyət hüququnu itirməsi ilə eyni zamanda həmin hüququn tərkib hissəsi olan istifadə hüququ da itirilmişdir. Lakin, təəssüf ki, cavabdehlər hələ də iddiaçıya məxsus olan evdə qeydiyyatda qalmaqla onun mülkiyyətçi kimi hüquqlarına maneçilik törədirlər. Göstərilənlərə əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan, ünvan 1 ünvanında yerləşən yaşayış mənzilindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, onların həmin ünvanda yaşamaması səbəbindən bildirişlər onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarındakı notariat qaydasında təsdiq edilmiş AN-İ № ******* saylı, 12.07.2018-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 Cavabdeh4 tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 notarial qaydada təsdiqlənmiş 03.07.2018-ci il tarixli ərizələrindən görünür ki, onlar ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmirlər. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 17.11.2020-ci il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı ünvan 1 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh4 ilə bağladığı alqısatqı müqaviləsinə əsasən ünvan 1-i mülkiyyətinə qəbul etmişdir. Cavabdehlər mənzildən qeydiyyatdan çıxacaqları barədə öz üzərlərinə öhdəliklər götürsələr də, həmin öhdəliyi yerinə yetirməmişlər. Hazırda iddiaçı ona məxsus mənzilə cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan, notariat qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan (yaşamış) hər bir şəxs deyil, yalnız ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Cavabdehlər isə mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı ailə üzvü hesab edilməsi üçün göstərilən şəxslər dairəsinə (ər, arvad, valideynlər, uşaqlar) daxil deyillər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı arasında sonuncunun mülkiyyətində olan mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmadığından və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehlərin mübahisəli mənzilə ümumiyyətlə istifadə hüquqları yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin istifadə hüquqları olmadıqları mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar