Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-594/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, İddiaçı1 nümayəndəsi və İddiaçı3 qanuni nümayəndəsi İddiaçı2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilk, Cavabdeh İddiaçı1 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi evə köçürülmələri nəbarədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı1 xx.xx.1993-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Anadan olduğu vaxtdan ünvan 1 ünvanında yaşamışdır. Cavabdeh onun atasıdır. Belə ki, cavabdeh və anası tərəfindən xx.xx.2021-ci evdən qovulmuşdur. O, həyat yoldaşı İddiaçı2 ilə xx.xx.2023-cü ildə rəsmi nikaha daxil olmuşdur. Qeyd etmək istəmişdir ki, onun həyat yoldaşı İddiaçı2 onun bacısının keçmiş həyat yoldaşı olmuşdur. Onların nikahlarından iki övladları dünyaya gəlmişdir. (xx.xx.2011 -ci il təvəllüdlü İddiaçı3: xx.xx.2019-cu il təvəllüdlü X5). Həyat yoldaşının İddiaçı3 adlı övladı rəsmi məhkəmə qərarına əsasən atasının himayəsinə verilmişdir. Digər övladı xx.xx.2019-cu il təvəllüdlü X5 isə sözügedən ünvanda anası ilə yaşayır. Hazırda ailədə üç nəfər yaşayırlar İddiaçı3 və o, sözügedən ünvanda pasport qeydiyyatındadır. Həyat yoldaşı İddiaçı2 həmin ünvanda əvvəllər uzun müddət yaşamışdır. Onlar hazırda kirayədə qalırlar. Kirayə pulunu ödəməkdə çətinlik çəkirlər. Belə ki, o və həyat yoldaşının qızı İddiaçı3 sözügedən ünvanda yaşayış yerindən istifadə hüquqları olduğu halda cavabdeh tərəfindən onlara süni maneələr yaradılır. Evdə yaşamağa mane olur. Cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Qars vilayətində musiqi müəllimi mütəxəssisi olaraq işi ilə bağlı yaşayır və işləyir. Hər ilin sentyabr ayından gedərək bir də yay tətilində geri - Azərbaycana dönür. Hazırki məhkəmədən ailə üzvlərinin telefonla məlumatından sonra xəbər tutmuşdur. İddia tələbi ilə razı deyildir, buna etiraz edir və tələbi qəbul etmir. İlk öncə qeyd etmişdir ki, iddiaçılardan İddiaçı1 onun doğma qızıdır. İddiaçı2 isə onun böyük qızı Novruzzadə Nuranənin həyat yoldaşı olub, lakin onlar sonradan boşanmışlar. Boşanmalarına da səbəb bu olub ki, İddiaçı2 onun böyük qızı Nuranə ilə rəsmi nikah münasibətində olduğu zamanda kiçik qızı Fəridə ilə şantaj yolu ilə münasibətdə olmuş və 1-cı qızını boşayaraq Fəridə ilə evlənmişdir. X4 nikahına və ailə qurmasına razılıq verməmişdir, onlar indi də bununla razı deyillər və bu nikaha qarşıdırlar, bu nikahı tanımır, qəbul etmirlər. Çünki, İqrarı normal insan hesab etmirlər, normal insan Azərbaycan mühitində bu cür hərəkət etməz, mentalitetə və dəyərlərə zidd olan hərəkətlərə yol verməzdir. İkincisi, qeyd etmək istəmişdir ki, o, 2021-2022-ci illərdə bu sözsöhbətlər və məhkəmə çəkişmələri olan zaman İddiaçı2 qarşı iddia qaldıraraq onu evinə qeydiyyatdan məhkəmə qaydasında çıxartdırmışdır. O yenidən onun evinə qeydiyyata alına bilməz. Belə ki, həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı2 onun evində yaşamır və buradan istifadə etmir, yaşamaq hüququ da yoxdur və bu üzdən qeydiyyatına xitam verilmişdir. Məhkəmə aktı qüvvəyə mindikdən sonra isə, o, ünvanına qeydiyyatdan çıxarılmışdır. O ki qaldı, İddiaçı1 məsələsinə və yaşayış hüququ iddiasına, bildirmək istəmişdir ki, qızı valideynlərinin razılığı olmadan xəbərsiz şəkildə bacısı ilə nikahda olan İddiaçı2 ilə münasibət qurmuş, daha sonra onların münasibətləri gizli ərarvad münasibətinə çevrilmişdir. Bundan xəbər tutqduqdan sonra, bacısı Nuranə ərindən boşanmış, uşaqlarının biri keçmiş əri ilə, yəni İqrarla, digəri isə Nuranə ilə yaşamağa başlamışdır. Bu, məhkəmə qaydasında olmuşdur. İddiaçı1 İddiaçı2la nə üçün ailə qurması onlara indiyə kimi aydın deyildir. Onlar indiyədək düşünmüşlər və bu düşüncədə də qalırlar ki, İddiaçı2 onun gənc olmasından istifadə edərək şantaj yolu ilə onu ələ almışdır və indiyə kimi davam edən nikah münasibəti də gerçək deyildir, məcburiyyətlə qurulan bir nikahdır. Ümumiyyətlə, İddiaçı2 onların ailəsinə kürəkən deyil, bəla olaraq gəlmiş, bütün normal ailə münasibətlərini zədələmişdir, indiyə kimi də onları tərk etmir, onlara ancaq problemlər yaratmaqla, onları şantaj etməklə və təhdid etməklə məşğuldur. Onlar dəfələrlə onunla bağlı aidiyyəti orqanlara şikayətlər etsələr də, onunla bağlı heç bir tədbir görülməmişdir. O, bəzi yerlərdə də ağzından qaçırmışdır ki, o, polisə yaxın adamdır, nə istəyir edə bilər. Görünən-bilinən odur ki, bunun havadarları vardır. Şikayətləri ilə bağlı, polis orqanlarında isə onlara bildirmişlər ki, qızınız yetkinlik yaşına çatmışdır, özü könüllü olaraq İddiaçı2la münasibət qurmuşdur, bu üzdən ona heç nə etmək mümkün deyildir. O, ki qaldı, qızı İddiaçı1 guya onu evdən qovmalarına dair fıkirlərinə bunlar əsassız və cəfəng fikirlərdir. Əksinə o, İddiaçı2 qoşulub qaçdıqdan sonra, onlar dəfələrlə çalışmışlar ki, onu İddiaçı2 ayırsınlar, evə gətirsinlər, lakin o, buna razılaşmamışdır. Hesab etmişdir ki, qızı İddiaçı1 bu iddianı İddiaçı2 təhriki və təzyiqi ilə qaldırmışdır. Məqsəd də odur ki, İddiaçı2 onlara yenidən qeydiyyata alınsın, yaxud onlardan təzyiq yolu ilə pul qoparsın. Böyük qızı ilə nikah dövründə onların xərclərinin çoxunu onlar qarşılamışlar, özlərinin maddi imkanları olmasa da, İddiaçı2 hər zaman dəstək olmuş, istədikdə, ordan-burdan pul tapıb düzəldərək ona vermişlər ki, problemlərini həll etsin. Bu iştah indi də onu tərk etmir, o, min cür şantaj və ləyaqətsiz hərəkətlərlə onlara problemlər yaradır, onlardan intiqam alır, onları şantaj edir, onlardan pul qoparmağa çalışır. Onun adından məhkəmə işçilərinə zəng etməsi də bunun əyani təsdiqidir. Hesab etmişdir ki, iddianın təmin edilməsi mümkün deyildir. Çünki, qeyd etdiyi ki, İddiaçı2 yaşayış və istifadə hüququna məhkəmə qaydasında xitam verilib, o, evinə qeydiyyatdan çıxarılmışdır. Qızı İddiaçı1 isə hal-hazırda onunla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti,ev 80,mənzil 84 ünvanında yaşayır. Onlarda kirayədə yaşayırlar. Məlumatlarına görə, İddiaçı2 maşın alır-satır, maşın alveri edir. Özü qazanıb ailəsini kirayədə saxlayır, İddiaçı1 ilə də nikah münasibətinə girib, nikahını rəsmiləşdirib. Altıq onlar ər-arvad kimi yaşayırlar. Hesab etmişdir ki, İddiaçı1 onun evinə yaşayış hüququnun təmin olunması hazırki şərtlərlə mümkün deyildir. Bu, ailədə fəsada, cinayət hadisələrinə səbəb ola, əsas verə bilər. İddiaçı1 yaşayış hüququ nəinki təmin edilməməli, o, yaşayış hüququndan məhrum edilməli, onun sözügedən evdən istifadəsinə xitam verilməlidir. Çünki, o, hazırki halda, onların evdən istifadə etmir, artıq ikiüç ildir ki, İddiaçı2la birlikdə yaşayır, evlərini könüllü olaraq öz istəyi ilə tərk etmişdir. Dəfələrlə xəbər göndərmələrinə baxmayaraq geri dönməmiş, İddiaçı2la birgə yaşamağı seçmişdir. Hal-hazırda onlar İddiaçı2la düşmən münasibətindədirlər. O, normal ailə düzənlərini dağıdıb, ailənin hüzurunu pozub, onlarda müxtəlif əsab xəstəliklərinin yaranmasına səbəb olmuşdur. Bir qızlarını boşamış, zamanında ona qarşı şiddət-zorakılıq göstərmiş, 2-ci qızlarını da şantajla evliliyə məcbur etmiş, nəvələrini bir-birindən ayırmış, onlara nə pislik mümkündürsə etmiş, etməkdə də davam edir. Oğluna şər-iftira atmışdır ki, guya nəvələrinə pis gözlə baxmışdır. Belə bir halda o, hansı haqla, hansı üzlə gəlib onun evində yaşamaq istəyir? Bundan əlavə, boşanma və Svetlananın himayədə qalması ilə bağlı məhkəmə prosesi zamanı Svetlananm doğmaca anası Nuranə ilə görüşməsi məsələsi müzakirə olunarkən İqrar bildirmişdi ki, onların evində uşağın yeniyetmə dayısı var, burada uşağın anası ilə görüşməyə bu səbəbdən icazə vermir. İndi necə olur ki, uşağın yeniyetmə dayısının yaşadığı evə köçmək istəyir? O, müəllim, pedaqoqdur. Tələbələrlə çalışır, onları tərbiyə edir, musiqi sənətinə yiyələnmələrinə çalışır. Belə bir insanın onun evimdə yaşaması yalnız fəsada səbəb ola bilər, ailə cinayətlərinə yol açmış olar. Bu halda, məsuliyyət, onları evə yerləşdirən qərarı çıxarmış məhkəmənin üzərində qalmış olacaqdır. İdiaçıların ərizələrində qeyd etdiyi dəlillərini qəbul etmir, faktlar təhrif edilmiş, ərizədə bir çox məsələlər olduğu kimi qeyd edilməmişdir. Bununla belə, yanlış ifadələrin və fikirlərin təfsilatına burada varmır və ailə münaqişəsi halları ilə bağlı faktların ərizələrdə qeyd edilməsini nə özü, nə də qarşı tərəf üçün uyğun bilmir. İddiaçı1 hazırda sözügedən evdə yaşamır və buradan faktiki olaraq istifadə etmir. Belə bir halda, ona və ailə üzvlərinə məxsus yaşayış sahəsində formal olaraq qeydiyyatda qalması mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə mane olur, bu hüquqlarından tam istifadə etmək və bu hüquqları üzərində sərəncam vermək imkanlarını məhdudlaşdırır, konstitusion hüquqlarının gerçəkləşməsinə maneələr yaradır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə görə, ölkədə şəxs yalnız yaşadığı yer üzrə qeydiyyata alınmalıdır. O üzdən, İddiaçı1 də əri ilə birlikdə aşadığı ünvana qeydiyyata alınmalıdır. Amma cavabdeh ona məxsus evdə yaşamamasına, buradan faktiki olaraq istifadə etməməsinə baxmayaraq qeydiyyatda qalmaqda davam edir. Şifahi olaraq müraciət etdiyi ərazi polis orqanları məhkəmənin müvafiq aktı olmadan şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılmasının mümkünsüz olduğunu bildirir, bunun üçün istifadə hüququnun məhkəmə qaydasında xitam olunmasının zəruri olduğunu söyləyirlər. Məlumdur ki, qüvvədə olan qanunvericilik və bu qanunvericiliyin keşiyində duran dövlət şəxsin mülkiyyət hüquqlarının qorunmasına və müdafiə olunmasına, maneəsiz həyata keçirilməsinə tam hüquqi təminat verir. Daha sonra Cavabdeh İddiaçı1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 ilk iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini etiraf etməyərək, onun rədd edilməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X2 xx.xx.2023-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə və arvada Novruzzadə soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.2011-ci il tarixdə Salyan şəhərində doğulmuşdur. Onun atası İddiaçı2, anası X1r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 42 nömrəli 1 mərtəbəli binada 37.5 kv.m ümumi, 29.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 652 nömrəli reyestr kitabın 59820 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə 59 saylı MKİS tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 4 ünvanına 1993-cü il təvəllüdlü X2 xx.xx.1993-cü il tarixdən, 1989-cu il təvəllüdlü İddiaçı2 xx.xx.2011-ci il tarixdən və 2011-ci il təvəllüdlü İddiaçı3 xx.xx.2011-ci il tarixdən qeydiyyata alınmışlar. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı2 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci qərarının surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilməklə iş materiallarına əlavə edilmiş X7 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağlanmış mənzil bağışlama müqaviləsinin surətindən görünür ki, həmin müqavilə X3 Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1996-cı ildə verilmiş 614 saylı reyestr kitabının 92073-cü səhifəsində, qeydiyyatı 30/92073 №-ə ilə aparılmış qeydiyyat vəsiqəsinə əsasən, ona məxsus Bakı şəhəri, Qabışev küçəsindəki 42 saylı evin yaşayış sahəsi 29.5 kv.m ümumi sahəsi 37.5 kv.m ibarət 2 otağını oğlu Cavabdeh bağışlaması haqqında bağlanmışdır. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən həqiqi halları ilə müəyyən edilmişdir ki, ünvan 5 Cavabdeh xüsusi mülkiyyətindədir. İlk iddia üzrə iddiaçılar İddiaçı2 onun kürəkəni, İddiaçı1 onun qızı, İddiaçı3 isə onun nəvəsidir. Məhkəmə ilk öncə ilk iddia tələbinin İddiaçı2 dair hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia aşağıdakılara əsasən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu hal sübut etməkdən azad olmaq üçün əsasdır. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı2 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmış, həmin qərar qanuni qüvvəyə minmişdir. Həmin Qərarda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə istinad edilməklə qeyd edilmişdir ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı2 sözügedən evə isifadə hüququnun olmaması müəyyən edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, onun həmin evə köçürülməsi barədə iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən hissədə ilk iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk iddia tələbinin “İddiaçı3 ünvan 5 ünvanına köçürülməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də ilk iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə qeyd edir ki, İddiaçı3 İddiaçı2 qızı olmaqla onun yaşayış yeri atasının yaşayış yeri hesab edilir. Odur qeyd edilən hissədə də ilk iddia təmin edilə bilməz. Məhkəmə ilk iddia tələbinin “İddiaçı1 ünvan 5 ünvanına köçürülməsi” hissəsinə qarşılıqlı iddia tələbi ilə əlaqəli şəkildə qiymət verməklə aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı1 1993-cü ildən mübahisəli evdə qeydiyyatdadır. Məhkəmə araşdırılması zamanı işin tərəflər arasında mübahisələndirilməyən halları ilə həmçinin müəyyən olunmuşdur ki, İddiaçı1 2021-ci ildə İddiaçı2 yaşadığı evə köçmüş, 2023-cü ildə isə onunla rəsmi nikaha daxil olmuşdur. Məhkəmə İddiaçı1 mübahisəli evdə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, onun mübahisəli evdə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları və faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, İddiaçı1 mübahisəli evdən köçüb getmiş və ailə qurmuşdur, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqəsini kəsmişdir. İddia ərizəsində F. Novruzzadənin evdən getməsinə dair göstərilən dəlillər isə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi tərəfindən sorğu əsasında təqdim edilmiş materialdakı xx.xx.2023-cü il tarixli izahatında göstərilənlərlə təkzib olunur. Həmin izahatda xx.xx.2021-ci il tarixdən evdən İddiaçı2 yanına könüllü getməsi göstərilmiş, izahatda göstərilən digər hallar isə araşdırma nəticəsində təsdiqini tapamamışdır. Odur ki, İddiaçı1 uzun bir müddət ərzində mübahisəli evdə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də İddiaçı1 mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, İddiaçı1 mübahisəli evdə yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi ilə izah oluna bilər. İddiaçı1 iddia ərizəsində evdən qovulmasını qeyd etsə də, bu işin hər hansı halı ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, o rəsmi nikaha daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı1 istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı1 mübahisəli evdən istifadə etməsini zəruri edən əsas aradan qalxdığından, Cavabdeh İddiaçı1 istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. Odur ki, ilk iddia tələbi Fəridə Novrizzadənin ünvan 5 ünvanına köçürülməsi hissəsində təmin edilməməlidir və ilk iddianın təmin edilməməsi əsasları qarşlılqlı iddianın təmin edilməsi əsasları qismində çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı1 ünvan 5 ünvanından istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-594/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-594/2024
12.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver