Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5948/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, ərizəçi X1 «hüquqi əhəmiyyəti olan qaçqın olma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X3 Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan qaçqın olma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qaçqın statusunda olması faktının müəyyən edilməsi, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin onu qaçqın kimi qeydiyyata alması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X3 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1960-cı il tarixdə Ermənistan SSR Kalinin rayonu Mixaylovka kəndində doğulmuşdur. Həmin kənddə yaşayaraq böyümüşdür. 1982-ci ildən RSFSR-in Saxalin vilayətində işləməyə getmişdir. 1988-ci ildə ailə üzvləri və digər çoxsaylı qohumları Ermənistan SSR-dən deportasiya edilmişdir və hər bir qaçqın kimi dövlət qeydiyyatına alınmışdır. Məlum olduğu kimi, həmin vaxtlar İ Qarabağ savaşı başlamış və onun Ermənistan SSR-ə qayıtması mümkün olmamışdır. Bundan sonra o, vətənin ağır günlərində yanında olmaq üçün gələrək 1992- 1997-ci illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında xidmət etmişdir. Sonradan pensiyaya çıxmış və həmin xidmətə uyğun pensiya almışdır. Hazırda Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə malik olmadığı üçün pensiyanın verilməsi dayandırılmışdır. Qeyd edir ki, bu məsələ ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etdikdə ondan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsində qeydiyyat vəsiqəsi tələb edilmişdir. Lakin Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsində onu qaçqın kimi qeydiyyata almırlar. Hesab edir ki, onun qaçqın olması faktı məhkəmə qaydasında müəyyən olunmalı və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi bununla bağlı müvafiq qeydiyyat aparmalıdır. Hesab edir ki, onun hazırkı vəziyyətilə qaçqın anlayışının tam olaraq üst-üstə düşdüyü danılmaz faktdır. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun: 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. 12-ci maddəsinə əsasən Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. 13-cü maddəsinə əsasən şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin şikayət verilməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi X3 xx xxxx 1960-cı ildə tarixi Qərbi Azərbaycanda, Ermənistan SSR Kalinin rayonu Mixaylovka kəndində doğulmuşdur. 1997-1998-ci illərdə Daxili Qoşunlarda xidmət etmişdir. Xidmət etdiyi dövrdə Bakı şəhəri Nərimanov rayonu Y.Çəmənzəminli 129 (hərbi şəhərcik) ünvanda qeydiyyatda olmuşdur. Hazırda ünvan 2zilində xarici vətəndaş kimi müvəqqəti qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsindən 30.06.2019-cu il tarixədək pensiya ödənilmişdir. Ərizəçi X3 hazırda Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır. Ərizəçinin ərizəsində qeyd etdiyi xüsusatlar isə Ermənistan SSR-dən deportasiya edildikdən sonra Azərbaycan Respublikasında məskunlaşması ilə bağılıdır. Həmçinin nəzərə alınmalıdır ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21.05.1999-cu il tarixli Qanunlarla Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış şəxslərin qaçqın statusu ləğv edilərək, məcburi köçkünlərə bərabər tutulan şəxslər hesab edilmişlər. Belə olduğu təqdirdə, ərizə təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçi X1 «hüquqi əhəmiyyəti olan qaçqın olma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi X1 «hüquqi əhəmiyyəti olan qaçqın olma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5948/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5948/2021
25.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver