Məhkəmə qərarları › İş №2(006)-5980/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5980/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5980/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana və əldən çıxmış gəlirə görə 400000 (dörd yüz min) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, sağlamlığının itirilməsinə görə 150000 (bir yüz əlli min) manat olmaqla, cəmi ******* (bir milyon beş yüz əlli min) manat həcmində zərərin Azərbaycan Dövləti tərəfindən İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasİya Məhkəməsinin 09.09.2020-ci il tarixli 1(103)-36/2020 saylı hökmü ilə iddiaçıya AR CM-nin 234.2 və 228.1-ci maddələri ilə tam şəkildə bəraət verilib. Sədrlik edən hakim Rəşad Abdulov Azərbaycan Dövləti adından ondan üzr istədi və qanunsuz azadlıqdan məhrum edilməsi ilə əlaqədar ona dəyən maddi, fiziki və mənəvi ziyanın tələb etmə hüquqlarını ona izah etmişdir. 2000-ci ilin yanvar ayında Respublikada ən iri fermer təsərrüfatlarından olan, 90 nəfər təsisçinin iştirakları ilə 43223000 (qırx üç milyon iki yüz İyirmi iki min) manatlıq əsas vəsaitləri və 346 ha torpaq sahəsi ilə "Şahdağ" KFT təsis etmiş və həmin təsərrüfata direktor vəzifəsinə təyin olunmuşdur. Belə ki, "Şahdağ" KFT-nin balansında olan 43223000 manat məbləğində əsas vəsaitləri Mucuq kənd İƏDN-si Şöhrət Talıbov və bələdiyyə sədri Qədim İsayevin rəhbərlik etdiyi 16 nəfərdən ibarət mütəşəkkil cinayətkar qrupu tərəfindən (ittiham aktında bunların hamısının cinayətkar əməlləri sübuta yetirilib) gecələr oğurluq yolu ilə əmlakları talan etdikləri üçün Qusar rayon Prokurorluğu və Polis şöbəsinin rəhbərliyi onlardan külli miqdarda rüşvət alıb (bələdiyyə sədrini 3 gün polis idarəsində saxlamışdı) həmən ağır cinayət işini ört-bastır etdi. Q. İsayev barəsində AR CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət işi açılıb, həmin maddələrlə ittiham təsdiq edilib, işi məhkəməyə göndərdilər. Qusar rayon Məhkəməsinin hakimi Tofik Məmmədov (əvvəllər MTN-də müstəntiq işləyib) məhkəmə tarixində mövcud olmayan son dərəcə çirkin və ədalətsiz hökm icra etdi. Bildirir ki, məhkəmədə İttihamda irəli sürülən maddələri AR CM-nin 309.1-ci maddəsinə tövsif etdi, bunun müqabilində külli miqdarda rüşvət alıb bələdiyyə sədrini 2 il müddətinə islah işlərinə məhkum etdi (hökm iş № 1-67/2002-ci il, surətini ərizəsiə əlavə edir). Bununla təsərrüfatımızı əsas vəsaitlərdən məhrum etdilər. Bundan sonra onu susdurmaq üçün ona qarşı təqib və təzyiqlər başlandı. İddiaçıya qarşı təzyiqlər Baş Prokuror və "Akkord" Şirkətlər qrupunun rəhbəri Zakir Qaralov tərəfindən edilirdi. O, Prokurorun təklifi ilə qəti şəkildə razılaşmadığı üçün, onu insan ləyaqətini alçaldan qeyriinsani işgəncələrə məruz qoyub, üzünə şikayətçi olduğu İH nümayəndəsi Şöhrət Talıbovu, bələdiyyənin sədri Qədim İsayevi və 4 nəfər polis işçisini dayandırıb, AR CM-nin 221.2 və 315.2-ci maddələri ilə ittihamı təsdiq edib, işi Qusar rayon Məhkəməsinə göndərdi. Qusar rayonunda istintaqın qeyri-obyektiv aparacağına tam əmin olduğum üçün, Qusar rayonunda izahat, ifadə verməkdən qəti şəkildə imtina edib, Qusar rayon Məhkəməsində işə baxılmasına rəsmi şəkildə vəsatət verib imtina edib. Qusar rayonunda istintaq zamanı və məhkəmədə işə baxılan zaman məcburiyyət qarşısında qalıb rəsmi şəkildə müdafiəçidən də İmtina etmişdir. Bundan sonra işi Quba rayon Məhkəməsinə göndərdilər və Quba rayonunda hüquqlarımı müdafiə etmək üçün tanınmış vəkil Vaqif Səmədovla müqavilə bağlamışdır. Vəkil, onu dərhal azadlığa buraxıb tam şəkildə bəraət tələb etməsi barədə, vəsatət qaldırdı. Hakim vəkilə bildirdi ki, əməlində heç bir cinayət tərkibi mövcud deyil. Lakin şəxsən Zakir Qaralov göstəriş verib ki, onu mütləq cəzalandırsın. Ona görə işə Quba rayon Məhkəməsində baxılmaması barədə ərizə yazmağı təklif etdi. O da razılaşmağa məcbur olmuşdur. Bundan sora işi Xaçmaz rayon Məhkəməsinə həvalə etdilər. Xaçmaz rayon Məhkəməsi də işə Xaçmaz rayonunda baxılmaması barədə ona ərizə yazdırdı, əks təqdirdə şəxsən Baş Prokuror Z. Qaralovun göstərişinə əsasən onu azadlıqdan məhrum edəcəyi barədə xəbərdarlıq etdi. Xaçmaz rayonunda İşə baxılmaması barədə ərizə yazmağa məcbur oldum. Onun əməlində heç bir cinayət tərkibi olmadığı barədə hakim ona bildirdi və dedi ki, göstəriş yuxarıdandır, ona görə mütləq ona cəza təyin edilməlidir - deyə açıq şəkildə bildirdi. O da onun bu təklifinə razılıq vermədi. Mamed müəllimə bəlli idi ki, ittiham saxta mülahizələrə əsasən sifarişlə təşkil olunub. Vəkili də savadlı vəkil idi. Ona görə də hakim məcburiyyət qarşısında qalıb 10 günlük məzuniyyətə çıxdı. Bundan sonra işi Siyəzən rayon Məhkəməsinin hakimi, məhbuslar arasında "dişi canavar" ləqəbiylə tanınan Südabə Məmmədovanın icraatına verdilər. S. Məmmədova Z.Qaralovun sifarişini çox məharətlə icra edib, son dərəcə çirkin və ədalətsiz hökm çıxarıb, hər iki maddə ilə iddiaçını 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməyi barədə hökmü icra etdi. Siyəzən rayon Məhkəməsi tərəfindən sifarişlə qəbul edilən hökmdən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verdim. Sumqayıt Apellyasiya Məhkəməsi, AR CM-nin 221.2-ci maddəsi İlə mənə bəraət verib, 315.1 maddəsi ilə 1 il həbs cəzasını saxladı. Bildirirəm ki, həbsdən azad olmağına 16 gün qalmış şəxsən Zakir Qaralov özü protest verib işimə 4 ay da əlavə etdirdi (08.04.2005-ci il, a/1188-05 saylı Protestin surətini ərizəmə əlavə edirəm). Rəsmi sənədlərə əsasən, qeyd etdiyim təkzibedilməz faktlarla Azərbaycanda Məhkəmələrin müstəqil olmamasını, Azərbaycanda Məhkəmələrin Prokurorluq və İcra Hakimlərinin sifarişlərini icra etməsini təsdiq edim. Məhkəmələr bu orqanların əlavəsi kimi mövcuddur, hal-hazırda da bu qurumların sifarişlərini icra etməkdə davam etdirirlər. Həbsdən azad olandan sonra onu susdurmaq üçün ona basqılar, təqib və təzyiqlər etməkdə davam etdirdikləri üçün, onun şərəf və ləyaqətini alçaltdıqları üçün, ona qarşı ictimaiyyətdə mənfi rəy yaratmaqda davam etdikləri üçün, "Şahdağ" KFT-nın fəaliyyətini qanunsuz yollarla dondurduqları üçün, külli miqdarda əsas vəsaitimi oğurluq yolu ilə talan edib ona təsərrüfatına külli miqdarda ziyan vurduqları üçün əsas cinayətkarları cəzasız saxladıqları üçün 2006-cı ilin aprel ayında təkrar şikayət ərizəsi ilə şəxsən Fuad Ələskərovun qəbulunda olub ona və təsərrüfat üzvlərinə qarşı edilən haqsızlıqlar, vəhşiliklər və qanunsuzluqları barədə ətraflı rəsmi, sənədlərə əsaslanan məlumat verdi. Qusar rayon Məhkəməsinin hakimi Tofik Məmmədov külli miqdarda rüşvət alıb 2-ci dəfə də bu ağır cinayət İşini də yüngülvari cəzalarla, yəni Q. İsayevi 4400 YAM, A. Heydərovu 3300 YAM və X. İdrisovu 3300 YAM cərimə növündə cəza təyin edilməsi, qeyd etdiyim məmurların korrupsiya ilə məşğul olduqlarına sübuta ehtiyacı olmayan danılmaz faktlardır. Sahibkara məxsus külli miqdarda əsas vəsaitə görə açılan cinayət işlə əlaqədar 2 il şərti cəza alan, 57000 YAM bələdiyyə büdcəsinə köçürülməli olan pulun hamısını mənimsədiyinə görə yüngülvari cəza alan bələdiyyə sədr Q. İsayev 3-cü dəfə İHB-na külli miqdarda rüşvət verib özünü bələdiyyə sədri vəzifəsinə təzədən "təyin" elətdirdi. Barəsində çıxarılmış bəraət hökmü ilə əlaqədar(2014-2021) 7 il ərzində ona dəyən maddi ziyana görə 400000 (dörd yüz min)AYM, mənəvi ziyana görə 1000000(bir milyon) AYM və fiziki ziyana görə 150000 (bir yüz əlli min) AYM aşağıda qeyd edəcəyi təkzibedilməz sübutlara əsasən cəmi ******* (bir milyon beş yüz əlli min) AYM miqdarında ziyanın ödənilməsi barədə qərar qəbul edəsiniz. 2014-cü ilə kimi 3 dəfə sifarişlə açılan cinayət işləri barədə təkrarən araşdırma aparılması barədə Baş Prokurora müraciət etmiş və hər 3 cinayət işi üzrə bəraət verilməsini tələb etmişdir. 2014-cü ilin may ayında rəhbərlik etdiyi "Şahdağ" KFT-nın fəaliyyəti dayandırılıb, onun bazasında fəaliyyət növü dəyişdirilməklə 13 may 2014-cü il tarixdə qeydiyyat nömrəsi ********** olan “ALEKO- RS" MMC təsis etmişdir (sənədləri əlavə edir). Həmin dövrdə ona məxsus qeydiyyatdan keçmiş KOD 30118038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı vardır. Həmin Dövlət aktına əsasən xüsusi mülkiyyətində 31.18 ha və ya 311800 kv metr torpaq sahəsi vardır (dövlət aktının surətini əlavə edirəm). Bundan başqa Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəriçəkmə komitəsi tərəfindən təsdiqlənib verilən Torpaq sahəsinin planı və ölçüləri olan. Qusar rayonun Mucuq kəndi ərazisində rəsmi sənəd və həmən sənədə əsasən DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən verilən A № 368175 saylı 1.5887 ha və ya 15887 kv metr torpaq sahəsinin xüsusi mülkiyyəti ona məxsus olmasını təsdiq edən rəsmi sənədləri vardır (həmin sənədlərin surətlərini ərizəmə əlavə edir). Belə ki, xüsusi mülkiyyətinə məxsus 1.5887 ha sahədə 100 kvt gücündə transformator (sahəsinə 3 km məsafədən 10000 kvt gücündə olan və şəxsi vəsaiti hesabına elektrik xətti çəkmişdir) ağac emalı üçün "Pilerama" və 4 ədəd ağac emal etmək üçün Türkiyə istehsalı olan lentvari stanoklar da quraşdırmışdır. Onun həbsdə olduğu 913 gün və həbsdən azad olduğum 4.6 il ərzində ona məxsus 33 ha sahəsinin 20 hektarında təkcə kartof məhsulu əksəydi hər ilinə 60(altmış) min AYM məbləğində gəlir əldə edəcəkdi. Belə ki, dağlıq sahədə yerləşən 31 ha torpaq sahəsi kartof məhsulu əkmək üçün ən yararlı sahədir. Onların zonasında 2009-cu İldə 28 ha torpaq sahədə birinci olaraq kartof və yerkökü əkən yeganə sahibkar olmuşdur. Həmçinin turizmlə məşğul olmaq üçün ən sərfəli və gəlir əldə ediləcək ərazidir. Sahə kənddən 14 km uzaqlıqda yerləşdiyi üçün nəzarət etmək çətin idi. Belə ki, generalın oğlu Cavid 2011-ci ildə məni AR CM-nin 237-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etməyə nail oldu və məni külli miqdarda cərimə cəzasına məhkum etdirdi (onu qorxutmaq üçün). Onların insana yaraşmayan əməlləri barədə dəfələrlə ANS televiziyası "Azadlıq", "Bakı Xəbər" və "Təzadlar" qəzetləri vasitəsilə məqalələır dərc etdirmişdir. Təəssüflə qeyd edir ki, həmin məqalələrdə onların şərəf və ləyaqətləri alçaldılmasına baxmayaraq, onların ona qarşı bu əməllərinə görə məsuliyyətə cəlb etməyiblər. Hətta 2014-cü ildə məni həbsə aldırtdırıb keçmiş MTN-in Qusar rayon şöbəsinin əməkdaşı Ceyhun da onun həbs olunmağında iştirak edib, həbsə alınan 7 gündən sonra qardaşının evində 1 ədəd!? Avtomat gülləsi və 20 qr narkotik qoyub, 1 ədəd gülləyə 1 il azadlıqdan məhrumetmə cəzaya və 20 qr nəşəyə görə 4 il azadlıqdan məhrum etdirməyə nail oldular (qəzetlərdəki məqalələrin surəti iş materiallarına əlavə etmiş, təkrar həmin məqalələrin surətləri ərizəsinə də əlavə etmişdir). Həbsə alınandan (2014-cü il) bu günə kimi fəaliyyətimi maneəsiz davam etdirsəydi, hər ilə ən azı 20 ha torpaq sahədə təkcə kartof əksəydi, hər ilə 60 min manat olmaqla 2014-cü ildən 2021-ci ilə kimi 420000(dörd yüz iyirmi min) manat gəlir əldə etmiş olardım ki, qanunsuz məni azadlıqdar məhrum edib, "QİYABİ" şəkildə hökm etmək nəticəsində əldə edəcəyim külli miqdarda gəlirdən (əldən çıxmış faydadan) məhrum olmuşdur. X1 Usupovun, Baş Prokuror Zakir Qaralovun və Qusar rayon Polis, Prokurorluq və Məhkəmə orqanlarının vəzifəli şəxsləri ona qarşı qanunsuz hərəkətlər edərək əmlakının dağıdılması nəticəsində, yəni 100 kvoltluq transformatorundan yağı buraxdırtdırıb, nəticədə transformator tam yararsız vəziyyətə düşdüyü üçün, həbsdən azad olunandan sonra 8000(səkkİz min) manat verib təzə transformator almışam, 4 ədəd lentvari stanokların 4 ədəd mühərrikini oğurlatdırıb aparması və tam yararsız vəziyyətə salınması, həmçinin onun uzun illər boyu qazandığım işgüzar nüfuzuma ciddi zərər dəymiş, məniu ciddi iş adamı kimi tanıyan hər kəsin yanında özümü müdafiə etməyi belə bacarmayan şəxs kimi hörmətdən düşmüş və nəticədə məni tanıyan ictimaiyyət arasında ona qarşı mənfi fikir formalaşmışdır. Bununla da onun işgüzar nüfuzuna ciddi zərər dəymiş və ona külli miqdarda ziyan vurulmuşdur. Onun şərəfini, ləyaqətini və İşgüzar nüfuzunu ləkələyib, məndən narkoman düzəldiblər. Yaxın qohumları və nəvələrinin qarşısında biabırcasına onu ləkələyib, heç vaxt siqaret çəkməyən adamdan NARKOMAN düzəldiblər. Onu həbsə aldıqlarından 6 gün sonra başlarında maska olan XTP-lər tərəfindən qardaşı Malikə məxsus evinə hücum çəkib qardaşını və ailəsini insan ləyaqətini alçaldan mənəvi və fiziki işgəncələrə məruz qoyub, evində qanunsuz axtarış aparıb 1 ədəd avtomat patronu və 20 qr nəşə tapılıb deyə (ancaq polislər və onların başqa kənddən gətirilmiş "şahidlər'" iştirak edib) qanunsuz protokol tərtib edib, yoxlamada iştirak etməyən 2-ci qrup əlil olan qardaşına hədə-qorxu gələrək imza atdırması (Malik heç bir orqan tərəfindən dindirilməyib, məhkəməyə şahid qismində çağırılmayıb, Bakı Apellyasiya məhkəməsinə vəsatətimə əsasən çağırılıb...) Azərbaycan Polisinin, Prokurorluğun və Məhkəmələrin həyasızlıqlarına əyani təkzibedilməz sübutdur. Narkotikin nə olduğunu tanımayan bir günahsız vətəndaşdan NARKOMANİN düzəldilməsi və 1 ədəd gülləyə görə (özləri təşkil edib...) 1 il müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycan hüquqmühafizə sisteminin biabırçı, utandırıcı vəziyyədə olması, 7 ildən sonra çıxarılmış ədalətli bəraət hökmü ilə tam təsdiqini tapır. Onun işgüzar nüfuzuma və ona vurulmuş mənəvi zərərin dəyəri qiymətsiz olsa da, mən bu zərəri ******* (bir milyon) manat dəyərində qiymətləndirir. 2014-cü ilin oktyabr ayının 22-də X2 Usupovun və şəxsən Baş Prokuror Zakir Qaralovuv sifarişinə əsasən zor tətbiq etməklə, fiziki İşgəncələrə məruz qoyub əllərini qandallayıb (işçilərinin gözü qarşısında) aparan andan bu günə kimi ləyaqəti alçaldan son dərəcə çirkin işgəcələrə məruz qalmaqda davam etdirilən sahibkardır. Onun bu günə kimi basqılara məruz qoyması, həbsdən azad olunandan sonra, yəni onu susdurmaq üçün 2019-cu ilin dekabr ayının 24-də (Ali Məhkəmədə 28.12.2019-cu il tarixdə işimə baxılacaqdı) zor gücüylə iş yerimdən polisə aparıb, 2 nəfər polisi üzünə durğuzub polisə müqavimət maddəsi ilə cinayət işi açmaq istəməsi, 2021-ci ilin may ayında 8 nəfər polis tərəfindən Kapitalbank Qusar rayon filialı qarşısında zor gücüylə maşına basıb Polis şöbəsinə aparması və sonradan polis idarəsinin koridorunda ac-susuz saxladıqdan sonra, saxta mülahizə əsasında AR İXM ilə hər iki halda cərimələnməsi, digər ona olan basqılar bəraət almağının qarşısını almaq niyyətində olmasına danılmaz sübutdur. Bildirir ki, birinci halda onu həkim qurtardı. Yəni işkili olmadığı halda onun üçün sərxoş vəziyyətdə olduğunu yazdırmaq istəməsi, ikinci halda isə Bankın qarşısında qoyulmuş müşahidə kameralarındakı görüntülər və onun dalınca gələn vətəndaşlar onu xilas etdi. Azadlıqdan məhrum etdikləri 913 gün ərzində həbsə aldıqları ilk andan hər gün insan ləyaqətini sözlə ifadə edə bilmədiyi səviyyədə müxtəlif növ işgəncələrə məruz qoyulmuş 70 yaşlı sahibkardır. Onun azadlıqdan məhrumetmə barədə sifarişlə "QİYABİ" şəkildə hökm icra etdiyi andan bu günə kimi insan ləyaqətini alçaldan fiziki işgəncələrə məruz qoyması nəticəsində keçirdiyim streslərdən əsəb sistemim tamamilə pozulmuş, əlləri və ayaqları titrəyir, yaddaşı tamam pozulmuş, işemiya xəstəliyinə düçar olmuşdur. Qan təzyiqinin qalxması nəticəsində 4 dəfə ölüb-dirilmişdir. Hal-hazırda da mütəmadi olaraq müalicə olunur, həmişə cibində dərman gəzdirir. Müalicəsinə külli miqdarda vəsait xərcləmiş və xərcləməkdə davam etdirir. Yaş həddinin 70 olmasına baxmayaraq, azadlıqdan məhrum edilənə kimi heç vaxt heç bir xəstəlik keçirməmişdir. Ona dəyən və dəyməkdə davam etdiriləcək fiziki zərər 150000 (bir yüz əlli min) manat dəyərindədir və bu zərər tam şəkildə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edərək eyni zamanda bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi 400000 (dörd yüz min) manat maddi ziyan tələbini qeyd edəcəyi təkzibolunmaz sübutlarla əsaslandırır. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı üçün 33 (otuz üç) ha şəxsi mülkiyyətinə məxsus tam yararlı torpaq sahəsi vardır. 33 (otuz üç) ha sahəsində kartof məhsulu əksəydi, ən azı hektardan 32 (otuz iki) ton məhsul əldə edəcəkdi. Bu o deməkdir ki, 33 hektardan 1056(bir min əlli altı) ton məhsul əldə edəcəkdi. Beləliklə 8 il ərzində əldə edəcəyi 8448 (səkkiz min dörd yüz qırx səkkiz) ton məhsuldan qanunsuz olaraq məhrum edilmişdir, yəni bir ildə: - 33 ha x 321 x 1 il = 1056 ton; 8 ildə: - 33 ha x 321 x 8 il = 8448 ton. 2018-ci ildə 1.46 ha torpaq sahəsində əkdiyi kartof məhsuluna görə Qusar rayon Məhkəməsində qaldırdığı iddia ərizəsinə əsasən ona dəyən (50 % hesablanıb) ziyanın hesablanması zamanı Qusar şəhəri Mərkəzi bazarın rəhbərliyindən arayış tələb edib, əldə edəcəyi hər kiloqram kartofa görə 70 (yetmiş) qəpikdən pul hesablanıb, ziyanın tam şəkildə ödənilməsi barədə 14.02.2020-ci il tarixdə 2(029)-58/2020 saylı qətnamə çıxarılmışdır. Həmin ziyan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən rəyə əsasən hesablanıb. Belə ki, kənd təsərrüfatı məhsullarının hal-hazırki dövrdə kəskin şəkildə qiymətlərinin artması nəzərə alınmaqla tələb etdiyi maddi ziyan tam həqiqəti əks etdirir. Bununla bir daha təsdiq olunur ki, kartof məhsulunun minimum qiyməti 70(yetmiş) qəpik olmaqla, yəni 0.70 man x ******* kq = ******* (beş milyon doqquz yüz on üç min altı yüz) manat ona dəyən ziyan tam hüquqi əsaslarla ekspertin rəyinə əsasən hesablanmış məbləğdir. Bunun da 60% miqdarı xərclənsə, qalıq gəlir 40% edər, yəni ******* manat x 40% = ******* manat təşkil edir. Halbuki o, 400000 manat tələb edir. Bundan başqa 14 kəndi əhatə edən ərazidə yerləşən yeganə ağac emalı sexi mənə məxsusdur. Bu sexdən hər il ən azı 10000 (on min) manat gəlir götürürdü, həmən gəlirdən də onu məhrum edib külli miqdarda ziyan vurulmuşdur. Həmçinin 100(bir yüz) kvt gücündə olan ona məxsus transformatordan yağı buraxıb (şəklini Sizə təqdim etmişəm) qısa qapanma yaradıb, tam yararsız vəziyyətə salması nəticəsində ona 8000(səkkiz min) manat ziyan vurması, 4(dörd) ədəd dəzgahın mühərriklərini və digər hissələri oğurlayıb, həmən dəzgahları tam yararsız vəziyyətə salınması nəticəsində külli miqdarda ziyan vurulmuşdur. Göründüyü kimi, azadlıqdan yox, insanlıqdan məhrum edilməklə, insan ləyaqətini alçaldan işgəncələrə məruz qoymaqla, xaşxaş bitkisinin tumu öz adamlarına səpdirib, (həməin bitki də bir həftə ərzində inkişaf edir), onu həbs edərək, "Qiyabi" şəkildə hökm era etdirmək üçün qollarını qandallayıb, "QAZ-53" markalı "Varanok"-la onu polis dairəsinə gətirib-aparıblar. Bundan başqa, 8 (səkkiz) ildir ki, məhkəmələrdədir. Onun yaxın qohumlarının əksəriyyəti Rusiya Federasiyasında yaşayır. Həbsdən azad olunan kimi, əmisi oğlu Rəhimxanın dəfn mərasiminə getmək istəyən zaman Samur Gömrük postundan onu buraxmadılar. Səbəbi isə 87(səksən yeddi) manat ekspertin rəyinə görə pulun borclu?! qaldığını bəyan etdilər. Uzun sürən şikayətlərdən sonra xarici dövlətə getməyinin qarşısını almaq üçün qoyulan qanunsuz qadağanı götürdə bildi. Bu cinayətkar məmurların ona qarşı bilərəkdən etdikləri insan ləyaqətini alçaldan vəhşilklərə danılmaz, təkzibolunmaz sübutdur. Bəraət almağından bir il keçməsinə baxmayaraq, AR CPM-nin 59.3-cü maddəsinin tələblərinə uyğun rəsmi şəkildə Azərbaycan Dövləti adından üzr İstəməsi barədəki rəsmi şəkildə müraciətlərini təmin etmək istəmirlər və bununla hümanist qanunlara hörmətsizlik göstərməkdə davam etdirilir. Şüvəlandakı əvvəllər at və dəvə saxlamaq üçün inşa edilən tövləyə (türməyə) 6-7 saat muddətinə dəfələrlə etap göndərməklə və bununla şərəf və ləyaqətini alçaltmaqla ondan "Narkoman" düzəldib, ona və ailə üzvlərinə külli miqdarda bilərəkdən vəhşicəsinə ziyan vurulmuşdur. Buna görə ona dəyən ziyanın, yəni ******* (bir milyon beş yüz əlli min) manat ziyanı tələb etməyə hüququ vardır. Göründüyü kimi, qısaca qeyd etdiyi sübutlardan tam bəlli olur ki, 8 ildən çox qanunsuz olaraq ona təqib, təhdid və basqılar davam etdirilir və hal-hazırda da davam etdirilməkdədir. Bütün qeyd etdiklərə əsasən iddia ərizəsində qeyd etdiyi və qanun daxilində tələb etdiyi maddi, mənəvi və fiziki ziyanın tam şəkildə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2(103)-36/2020 saylı, 09.09.2020-ci il tarixli hökmündən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası CM 234.2 və 228.1–ci maddələri ilə məkum olunmasına dair Qusar Rayon Məhəkəməsinin 1(029)-21/2015 nömrəli, 31.03.2015-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM 234.2 və 228.1–ci maddələri ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilmiş, ona Azərbaycan Respublikası CM 234.2 və 228.1–ci maddələri ilə bəraət verilmiş, tututlması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimikan tədibirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası ona izah edilmişdir. Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2(102)-732/2021 saylı, 18.05.2021-ci il tarixli qərarında görünür ki, kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası CM 234.2 və 228.1–ci maddələri təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2(103)- 36/2020 saylı, 09.09.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qusar Rayon Məkəməsinin 2(006)-58/2020 saylı, 14.02.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, cavabdehlər X4 1 baş inəyə görə 906.00 (doqquz yüz altı) manat, X11 1 baş inəyə görə 907.00 (doqquz yüz yeddi) manat, X6 2 baş inəyə görə 1810.00 (bir min səkkiz yüz on) manat, X3 2 baş inəyə görə 1810.00 (bir min səkkiz yüz on) manat, X7 2 baş inəyə görə 1810.00 (bir min səkkiz yüz on) manat, X5 1 baş inəyə görə 907.00 (doqquz yüz yeddi) manat, cəmi 8150.00 (səkkiz min bir yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, Bakı şəhəri Qusar Rayon Məhkəməsinin 31.03.2015-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 228.1–ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-36/2020 saylı, 09.09.2020-ci il hökmü ilə Cinayət Məcəlləsinin 234.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmışdır. Qeyd edilən məhkəmə aktlarından İddiaçı 02 (iki) il 06 (altı) ay müddətində həbsdə saxlanıldığı müəyyən olunmuşdur. Hazırda iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana və əldən çıxmış gəlirə görə 400.000 manat, mənəvi ziyana görə 1.000.000 manat, sağlamlığının itirilməsinə görə 150.000 manat olmaqla, cəmi 1.550.000 manat həcmində zərərin dövlət büdcəsindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 30.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Məhkəmə həmçinin iddiaçının bu tələbini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə təmin edərək qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi zərərin əvəzi оlаn 30.000 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 30.000 manat pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 30.000 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar