Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5996/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmlakın likvid qiymətinin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmlakın likvid qiymətinin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin likvid qiymətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-5875/2016 saylı qətnaməsinə əsasən borc məbləğinin tutulması ilə yanaşı, ünvan 1 ünvanında yerləşən mənzilin satış qiyməti müəyyən olunmaqla, digər əmlaklarla yanaşı həmin mənzilə də tutmanın yönəldilməsi, əmlakın açıq hərracdan satılması və sair qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-1929/2016 saylı qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)- 5875/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə həmçinin qeyd edilmişdir ki, cavabdehlər daşınmaz əmlakın qiymətləndirilməsi barədə DƏDRX-in 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəylərin qeyri-obyektiv olmasını və mənzillərin qiymətinin real bazar qiymətlərinə uyğun olmadığını göstərsələr də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-1929/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən mənzilin satış qiyməti müəyyən edilmiş, həmin məhkəmənin gəlmiş olduğu nəticə ilə (əmlakın satış qiyməti də daxil) yuxarı instansiya məhkəmələri mülki işə şikayət əsasında baxarkən razılaşmışlar. Eyni zamanda qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-5832/2024 saylı qərardadı ilə (hakim Əfsanə Heydərova) İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmlakın likvid qiymətinin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi və iddia ərizəsinin əlavələri ilə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı öncədən də eyni növ iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, iddiaçının bu tələbinə baxılaraq hüquqi qiymət verilmiş və nəticə etibarı ilə həmin məsələyə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Eyni zamanda, iddiaçı barəsində qətnamənin çıxarılmasına baxmayaraq, yenidən eyni növ iddia tələbi ilə müraciət etmiş və sonuncu dəfə 04 dekabr 2024-cü il tarixli qərardadla iddiaçının iddia tələbinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış məhkəmə aktlarının mövcudluğu mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının eyni növlü iddiasına baxılmasını yolverilməz etdiyindən, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153.2.1, 153.3, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmlakın likvid qiymətinin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5996/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5996/2024
12.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver