Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6004/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «kredit borcunun restrukturizasiya edilməsi, güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «kredit borcunun restrukturizasiya edilməsi, güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı münasibətlərin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Çünki, məhz həmin inzibati orqan Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanın (bundan sonra, Fərman) icrası ilə bağlı müvafiq qərarlar qəbul etmək səlahiyyətinə malikdir. İddiadan (iddia tələbinin hüquqi təbiətindən) görünür ki, o mülki-hüquqi deyil, inzibati xarakterlidir. Qeyd edilməlidir ki, inzibati orqanların fəaliyyəti inzibati aktların qəbul edilməsi ilə yanaşı, həmçinin faktiki xarakterli hərəkətlər və onların nəticəsi qəbul edilmiş hüquqi aktlarla da əhatə olunur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.2-ci mad). Bu səbəbdən də şəxslər məhkəməyə müraciət etməmişdən əvvəl, müvafiq hərəkəti (öhdəliyi) yerinə yetirməli olan səlahiyyətli inzibati orqana müraciət etməlidirlər. Beləliklə, iddiaçı qeyd edilən inzibati orqana qarşı ümumi məhkəmədə inzibati xarakterli tələb irəli sürməklə məhkəmə aidiyyətini pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin mahiyyəti inzibati xarakterli olduğundan hazırki iddia tələbinə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı deyil, həmin tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İddiaçıya hazırki iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «kredit borcunun restrukturizasiya edilməsi, güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması» tələbinə dair iddiası ilə bağlı mülki işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunan tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Həmçinin iddia ərizəsi İddiaçı tərəfindən imzalanmadan məhkəməyə təqdim edilmişdir. Bu hal isə məhkəməni iddia ərizəsi ilə müraciət edən İddiaçı iradə ifadəsini müəyyənləşdirmək imkanından məhrum edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «kredit borcunun restrukturizasiya edilməsi, güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya qeyd olunan tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6004/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6004/2021
31.08.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver