Məhkəmə qərarları › İş №2(006)-6019/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6019/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6019/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh "BANK VTB (AZƏRBAYCAN)" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "BANK VTB (AZƏRBAYCAN)" ASC-yə qarşı “əsassız silinmiş məbləğin geri qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "BANK VTB (AZƏRBAYCAN)" ASC-yə qarşı “əsassız silinmiş məbləğin geri qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının özünə məxsus olan **********864763 nömrəli Cavabdeh ASC-dən aldığı əməkhaqqı kartında olan pul vəsaitini 04.08.2021-ci il tarixində bankomatdan çıxararkən məbləğin düzgün göstərilmədiyini müəyyən etdi. Bundan sonra "xxxx" MMC-yə müraciət edərək, bu barədə iddiaçıya məlumat verilməsini xahiş etdi. Müəssisənin nümayəndələri iddiaçının iştirakı ilə bankla əlaqə saxladılar və əməkhaqqı kartında pul vəsaitinin az olması səbəbini və hesabdan çıxarışı tələb etdilər. Bank nümayəndəsi əməkhaqqı kartı ilə əlaqədar bank çıxarışını iddiaçının mail ünvanına göndərə biləcəyini bildirdi. 06.08.2021-ci il tarixdə həmin çıxarışı iddiaçının mail ünvanına göndərdilər. Araşdırdıqdan sonra məlum oldu ki, əmək haqqı kartından pul vəsaitləri 06.04.2021-ci il tarixdən başlayaraq, bugünkü günədək apple.com şirkəti adı ilə iddiaçının hesabından silinmişdir. Həmin silinmiş vəsaitlərin əməkhaqqı kart hesabına bərpa edilməsi üçün qanunamüvafiq tədbirlərin görülməsini Cavabdeh ASC-dən xahiş etdi. Eyni müraciəti Azərbaycan Respublikası Mərkəzi Bankına da göndərdi. Cavabdeh ASC tərəfindən müraciətə cavab olaraq bildirdilər ki, artıq məbləğin hesabdan çıxılması əməliyyatının ətraflı araşdırılması cəhdi üçün tərəfindən Chargeback xidmətini rəsmiləşdirmək tələb olunur. Bununla əlaqədar iddiaçı razılıq verdi və əsassız silinmiş məbləğin hansı məqsədlə və nə üçün silindiyinin araşdırılmasını xahiş etdi. Eyni zamanda, Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına da eyni məzmunlu cavab məktubu göndərilmişdir. Lakin bu günə qədər hesabdan əsassız silinmiş məbləğ geri qaytarılmamışdır. Kart hesabından pul vəsaitinin əsassız silinməsinə dair ödəniş sisteminin qayda və şərtlərinə uyğun olaraq araşdırma aparılmasını və əsassız silinmiş məbləğin geri qaytarılmasını (charge-back) yazılı qaydada tələb etmək iddiaçının hüququdur. Chargeback - müştərinin ərizəsi əsasında kart sahibinin ticarət nöqtəsində (internet-mağazada) apardığı kart əməliyyatının bank tərəfindən mübahisələndirilməsi prosesini özündə əks etdirir. Malların və ya xidmətlərin alınması ilə bağlı hər hansı bir əməliyyat qondarma və ya saxta ola bilər və heç kim bundan qorunmur. Üstəlik, bu, ödəmə kart vasitəsi ilə edildikdə baş verə bilər. Əgər satıcı iddiaçını aldadırsa və ya ödəniş iddiaçının xəbəri olmadan edilirsə, buna bank cavabdehlik daşımalıdır. Bu vəziyyətdə pul vəsaitini geri ala bilmək iddiaçının hüququdur və bunu etmək bankın borcudur. Göstərilənlərə əsasən iddiaçıya məxsus olan **********864763 nömrəli bank kartından əsassız olaraq silinmiş 6500 manat məbləğin Cavabdeh ASC tərəfindən hesaba geri qaytarılması və hesabdan pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin iddiaçıya ödənilməsi qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, özünə məxsus olan **********864763 nömrəli bank kartından əsassız olaraq apple.com/itunes şirkətinə silinmiş 6000 manat məbləğin Cavabdeh ASC tərəfindən hesabına geri qaytarılması və hesabından pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin ona ödənilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddianın məzmununa uyğu izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "BANK VTB (AZƏRBAYCAN)" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, onlar arasında 2019-cu il tarixdə bank hesabı müqaviləsi bağlanılmışdır. İddiaçı bank əməliyyatlarında yaranmış problemlərlə əlaqədar 40 gün ərzində banka müraciət etməli idi. Lakin o, həmin müddəti ötürmüşdür. İddiaçının kart hesabından silinmələr isə Bank tərəfindən deyil, apple.com tərəfindən həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə "BANK VTB (AZƏRBAYCAN)" ASC arasında bağlanmış 29.05.2019-cu il tarixli, CP_SAL_COMP-266506-01 saylı bank hesabı müqaviləsinə əsasən müqaviləyə uyğun olaraq hesabın açılması üçün tələb olunan sənədlər əsasında Bank Müştərinin kart vasitəsilə aparılan əməliyyatlarını həyata keçirmək üçün müştəriyə AZ60VTBA**********6506AZN001 hesab açmağı, hesab üzrə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, həmçinin PİN kodu olan qapalı zərfi (Müştərinin özü tərəfindən PİN kodun seçilməsi halları istisna olmaqla (PİN SET xidmət) və ödəniş kartı təqdim etmək öhdəliyini. Müştəri isə hesab vasitəsilə əməliyyatların aparılması üzrə Bank xidmətlərinin haqqını əməliyyat aparıldığı ana qüvvədə olan tariflərə uyğun ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "BANK VTB (AZƏRBAYCAN)" ASC-nin İddiaçı ünvanladığı 19.08.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, 06 aprel 2021 -ci il tarixindən etibarən artıq məbləğin hesabdan çıxılması əməliyyatının ətraflı araşdırılması cəhdi üçün müştəri tərəfindən Chargeback xidmətini rəsmiləşdirmək tələb olunur. Chargeback xidməti üzrə Bankın Tariflərinə uyğun olaraq komissiya haqqı aparılmış tranzaksiyaların dəyərinin 2% təşkil edir (minimal 15 manatdır). Qeyd olunan xidmətin həyata keçirilməsi üçün və müvafiq müraciətin edilməsi üçün Müştərinin ünvan 1 ünvanında yerləşən Bankın Baş ofisinə tələb olunur. Chargeback - ödənişin geri qaytarılma əməliyyatıdır. Kart sahibinin haqlı olduğu sübuta yetirilərsə vəsait müştərinin hesabına qaytarılacaqdır. Bundan əlavə olaraq, müştərinin razılığı olmadan hər-hansı bir əməliyyatın həyata keçirməsinin qarşısını alınması üçün müştəriyə məxsus ödəniş kartının bloklaşdırılması tövsiyə olunmuşdur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı bank hesabı müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamışlar. Tərəflər arasında bağlanılmış 29.05.2019-cu il tarixli, CP_SAL_COMP-266506-01 saylı bank hesabı müqaviləsinin 4.3.8-ci bəndinə əsasən müştərinin hüquq və vəzifələrinə həyata keçirilmiş kart əməliyyatına dair etirazlar mövcud olarsa, kart əməliyyatının aparıldığı gündən etibarən 40 təqvim günü müddətində təsdiqedici sənədləri əlavə etməklə (sliplər/ticarət çeklər, vəziyyətin ingilis dilində yazılı izahatı və s.) Banka pretenziya təqdim etmək aiddir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçı 06 aprel 2021-ci il tarixindən etibarən artıq məbləğin hesabdan çıxılmasından xəbərdar olmasına baxmayaraq, müqavilədə nəzərdə tutulmuş 40 (qırx) gün müddəti ötürməklə, yəni 13.08.2021-ci il tarixdə Banka müraciət etmişdir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin materiallarından göründüyü kimi iddiaçının kart hesabından pul vəsaitləri cavabdeh Bank tərəfindən deyil, apple.com tərəfindən həyata keçirilmişdir və Bank buna görə məsuliyyət daşıya bilməz. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "BANK VTB (AZƏRBAYCAN)" ASC-yə qarşı “əsassız silinmiş məbləğin geri qaytarılması tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "BANK VTB (AZƏRBAYCAN)" ASC-yə qarşı “əsassız silinmiş məbləğin geri qaytarılması tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar