Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6046/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və pay hüququnun müəyyən edilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və pay hüququnun müəyyən edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 12 may 2015-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları- 30.09.2016- cı il təvəllüdlü X3 və 09.09.2019-cu il təvəllüdlü X4 vardır. Tərəflərin birgə nikah dövründə "xxxx" MTK-dan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin 133 saylı mənzilini (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) almışlar. Həmin mənzil "xxxx" MTK-nın 5 nömrəli protokolundan 30 sentyabr 2019-cu il tarixli çıxarışına, maliyyə arayışına əsasən cavabdehin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Lakin cavabdeh iddiaçıya və uşaqlarına həmin evdə yaşamağa şərait yaratmır. Eyni zamanda, məhkəməyə müraciət etməmişdən öncə evə köçürülmə, pay hüququnun müəyyən edilməsi tələbinə dair mübahisənin mediasiya vasitəsilə aradan qaldırılması üçün 23 avqust 2021ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, mübahisənin mediasiya sessiyasında həll edilməsi mümkün olmamış, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Bu səbəbdən iddiaçı birgə nikah dövründə əldə edilmiş həmin mənzilə köçürülməsi və mənzilə 2/3 hissədə pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin, 133 saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) 2/3 hissəsinə iddiaçının, 1/3 hissəsinə isə Cavabdeh pay hüququnun müəyyən edilməsi, iddiaçının azyaşlı övladları 30.09.2016-cı il təvəllüdlü X3 və 09.09.2019-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin 133 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 12 may 2015-ci il tarixdə verilmiş AZ-İİ № 051815 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1214 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Nəsibli soyadı verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 28.04.2021-ci il tarixli məktubdan görünür ki, “Super İnşaat" MTK-nın 5 nömrəli protokolundan 30 sentyabr 2019-cu il tarixli çıxarışına, "xxxx" MTK-nın 36/09 nömrəli 30 sentyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 53, 133 saylı mənzil (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129,M11, m6) Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Kooperativ binada mənzil tikintisi haqqında 26 oktyabr 2019-cu il tarixli müqaviləyə, “Kapital Qrup" MMC-nin 26 oktyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5-ci döngə, ev 9, mənzil 110, giriş 2 Cavabdeh adına qeydiyyatdan keçmişdir, lakin 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1655 reyestr nömrəli 03.12.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər 12.05.2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, eyni zamanda nikah dövründə Cavabdeh adına 30.09.2019-cu tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 53, 133 saylı mənzil (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129,M11, m6) qeydiyyata alınmış, hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş cavabdehin mülkiyyətində olan əmlaka 2/3 pay nisbətində onunla cavabdeh arasında bölünməsini, eyni zamanda həmin mənzilə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Eyni Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunan Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Göstərilən Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 53, 133 saylı mənzil (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129,M11, m6) tərəflərin birgə nikah dövründə, yəni 30.09.2019-cu il tarixdə əldə edilmişdir. Bununla da həmin əmlak onların ümumi birgə mülkiyyəti hesab edildiyindən, iddiaçı həmin əmlakın bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi “pay hüququnun müəyyən edilməsi” hissəsində qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 53, 133 saylı mənzil (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129,M11, m6) tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylarla bölünməli, həmin əmlak üzərində iddiaçının ½ pay hüququ və cavabdehin ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınmalıdır. Məhkəmə iddia tələbinin “iddiaçının azyaşlı övladları 30.09.2016-cı il təvəllüdlü X3 və 09.09.2019-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin 133 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) köçürülməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçı azyaşlı övladları 30.09.2016-cı il təvəllüdlü X3 və 09.09.2019-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin 133 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) köçürülməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan konstitusion norma insanın əsas hüquq və azadlıqlarının beynəlxalq prinsiplərinə əsaslanmışdır. Belə ki, yaşayış sahəsinə hüquq «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyannaməsində öz əksini tapan insanın əsas hüquq və azadlıqlar sırasındadır. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Mənzil münasibətlərinin tərkib hissəsi olan yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsi qaydaları Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmişdir. Belə ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (MM-in 228.1 və 228.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bununla bağlı nəzərə alınmalıdır ki, «mülkiyyətçinin razılığı» müddəasına verilmiş şərh Mülki Məcəllənin 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız «digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Bu mənada nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. İş materiallarından göründüyü kimi iddiaçı cavabdehin həyat yoldaşı kimi mübahisəli mənzildən onunla bərabər istifadə etmək hüququna malikdir. Belə olan halda, iddiaçının həmin mənzilə köçürülmə haqqında tələbi əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 53, 133 saylı mənzil (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129,M11, m6) tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylarla bölünməli, həmin əmlak üzərində İddiaçı ½ pay hüququ və Cavabdeh ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınmalı, İddiaçı azyaşlı övladları 30.09.2016-cı il təvəllüdlü X3 və 09.09.2019-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin 133 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6-ya) köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və pay hüququnun müəyyən edilməsi tələbi»nə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 53, 133 saylı mənzil (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129,M11, m6) tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylarla bölünsün, həmin əmlak üzərində İddiaçı ½ pay hüququ və Cavabdeh ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınsın. İddiaçı azyaşlı övladları 30.09.2016-cı il təvəllüdlü X3 və 09.09.2019-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin 133 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə İddiaçı və Cavabdeh göstərilən əmlak üzərində paylı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün əsasdır. Qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6046/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6046/2021
02.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver