Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6118/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus əmək haqqı kart hesabından 07.05.2015, 06.11.2015, 25.01.2016, 05.08.2016, 04.11.2016, 06.02.2017, 04.05.2017, 06.06.2017 və 06.07.2017-ci illərdə 474 manat ümumilikdə cəmi 4266 manat qanunsuz olaraq pul tutulmuşdur. İddiaçı bu barədə rəsmi cavabdehə rəsmi müraciət etməsinə baxmayaraq, əmək haqqı kart hesabından qanunsuz olaraq tutulmuş 4266 manat pulun qaytarılması təmin edilməmişdir. Bundan əlavə dəfələrlə pulun qaytarılması barədə cavabdehə şifahi qaydada müraciət etməsinə baxmayaraq, bu günədək müraciətlərin cavablandırılmamışdır. Onun əmək haqqı kart hesabından pulun tutulması barədə cavabdehə hər hansı yazılı öhdəlik təqdim etməmişdir. İddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi ziyan nəticəsində mənəvi sarsıntılar keçirməmişdir. Göstərilənlərə əsasən Cavabdeh ASC-dən iddiaçının xeyrinə 4.266 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Həmçinin iddiaçı məhkəmədə izahatında qeyd etmişdir ki, qeyd olunan vəsaitələrin tutulmasından xəbəri olmamış, kart hesabı “SMS NOTİFİCATİON” -a qoşulmamış və kart həmişə evdə olmuşdur. Əvvəlki məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarına görə birgə nikah dövründə əldə olunmuş əmlak ər və arvadın birgə mülkiyyətində olduğu üçün əv və arvad həmin əmlakların üzərində də birgə öhdəliklər daşıyırlar. Belə ki, iddiaçının həyat yoldaşı X1 ilə bank arasında 06.03.2015-ci il tarixdə təminatlı kredit müqaviləsi bağlanmışdır və iddiaçının hesabından silinən məbləğlər həmin müqavilə üzrə ödənişlərə görə avtomatik köçürmə ilə edilmiş ödənişlərdir. Müqavilə bağlanan zaman iddiaçının da razılığı alınmışdır. Həmin razılıq ərizəsi onlarda iş materiallarında olmuşdur, lakin müqavilə köhnə müqavilə olduğuna görə artıq ona ail sənədlər məhv edilmişdir. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ASC-nin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Cavabdeh ASC ilə X1 arasında bağlanılmış 06.03.2015-ci il tarixli təminatlı kredit müqaviləsinin (daxili ipoteka krediti üçün) surətindən görünür ki, bank tərəfindən Ü.Hüseynovaya 180 ay müddətinə ödəmək şərtilə 44.060 manat məbləğində krediti vermişdir. Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 06.03.2015-ci il tarixli müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 17 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 02, mərtəbə 3, ümumi sahəsi 51,65 kv.m. ibarət 1 otaqlı 212 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. İş üzrə Cavabdeh ASC ilə X1 arasında bağlanılmış 06.03.2015-ci il tarixli "xxxx" MMC mənzilin alqı-satqı (ABB tərəfindən ipoteka ilə satılmış təmirli mənzil üçün) müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 17 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina C2, mərtəbə 3, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkon qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 51,65 kv.m. ibarət 1 otaqlı 212 №-li təmirdi mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı məxsus əmək haqqı kart hesabından görünür ki, 07.05.2015, 06.11.2015, 25.01.2016, 05.08.2016, 04.11.2016, 06.02.2017, 04.05.2017, 06.06.2017 və 06.07.2017-ci illərdə 474 manat ümumilikdə cəmi 4266 manat pul tutulmuşdur. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ASC-yə 2021-ci ilin avqust ayında ünvanlanmış ərizəsindən görünür ki, ona məxsus əmək haqqı kart hesabından 07.05.2015, 06.11.2015, 25.01.2016, 05.08.2016, 04.11.2016, 06.02.2017, 04.05.2017, 06.06.2017 və 06.07.2017ci illərdə 474 manat ümumilikdə cəmi 4266 manat qanunsuz olaraq pul tutulmuşdur. Əmək haqqı kart hesabından qanunsuz olaraq tutulmuş 4266 manat pulun qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə X1 arasında bağlanmış 06.03.2015-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinə əsasən bank tərəfindən Ülkər Hüseynovaya 180 ay müddətinə 44.060 manat məbləğində kredit verilmiş, «Borcalan» isə kredit və ona hesablanmış faiz məbləğini qaytarmağı barədə «Borcverən» qarşısında öhdəlik götürmüşdür. Yəni tərəflər arasında qarşılıqlı mülki hüquq və vəzifələri ehtiva edən öhdəliyin yaranma əsası kimi kredit müqaviləsi təşkil etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, müqavilə üzrə öhdəliyin «borclu» şəxs kimi tərəfi olmayan iddiaçı ona məxsus əmək haqqı kart hesabından 07.05.2015, 06.11.2015, 25.01.2016, 05.08.2016, 04.11.2016, 06.02.2017, 04.05.2017, 06.06.2017 və 06.07.2017-ci illərdə 474 manat, ümumilikdə 4266 manat pul akseptsiz qaydada avtomatik tutulmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi müqavilə çıxış edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə İddiaçı arasında mülki hüquq və vəzifələrə dair müqavilə (bu və ya digər formada qarşılıqlı razılaşma) mövcud olmamış və mövcud təminatlı kredit müqaviləsi isə bank ilə X1 arasında bağlanılmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC ilə keçmiş həyat yoldaşı X1 arasında bağlanmış təminatlı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına cavabdehlik daşıyan şəxs olmadığı üçün, həmin öhdəliklərin icrası üçün məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında iddia tələbinə etiraz edərək, iddiaçıdan tutulmuş məbləğlər Ülkər Hüseynova ilə bank arasında 06.03.2015-ci il tarixdə bağlanılmış təminatlı kredit müqaviləsi (daxili ipoteka müqaviləsi) üzrə ödənişlərə görə avtomatik köçürmə ilə edilmiş ödənişlərin olmasını, köçürmələr hesabdan iddiaçının iradəsi ilə avtomatik köçürmə qaydasında ipotekanın ödənişi üçün həyata keçirilməsini bildirsə də, etirazında qeyd etdiyi həmin hallara dair, yəni müqavilə bağlanan zaman iddiaçının da razılığının alınması barədə məhkəməyə ona vaxt verilməsinə baxmayaraq hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq olunması barədə ərizəsinə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ona məxsus əmək haqqı kart hesabından pulun tutulmasından 2021-ci ilin avqust ayında nikahın pozulması barədə məhkəmədə mübahisə olduğu zaman məlumat almış, qeyd olunan məbləğlər cəmi 9 dəfə tutulmuş və bu 9 dəfə hər ay ardıcıl olmadığından və bəzilərinin isə 6,7,8 ay aralıqlarla tutulduğundan məlumatı olmamışdır. Həmçinin bu barədə bank kartıda sms xəbərdarlıq xidmətinə qoşulmamışdır. Bunun əksini sübut edən dəlili isə cavabdeh tərəf məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı əsassız varlanma obyektini qaytarmasına əsas verən halları bildiyi vaxtdan iki il ərzində, yəni 06.09.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün, onun tərəfindən məhkəməyə müraciət etmək üçün müddət ötürülməmişdir. Məhkəmə həmçinin onuda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan sözü ilə bağlamışdır. Yəni bu hüququn ona məlum ola bilməli vaxtı ilə deyil, sırf məlum olduğu konkret anla əlaqələndirmişdir. Bu hal isə ehtimala əsaslanmamalı və bildiyi an konkret müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı təminatlı kredit müqaviləsi (daxili ipoteka müqaviləsi) üzrə öhdəlik daşıyan və ya borclu şəxs hesab edilmədiyindən, iddiaçı, ona məxsus əmək haqqı kart hesabından tutulmuş 4266 manat pulun əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehdən geri tələb edilməsində tam haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Açıq Səhmdan Cəmiyyətindən 4266 (dörd min iki yüz altmış altı) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 4296 (dörd min iki yüz doxsan altı) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Açıq Səhmdan Cəmiyyətindən 4266 (dörd min iki yüz altmış altı) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 4296 (dörd min iki yüz doxsan altı) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6118/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6118/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver