Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6136/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi X3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı oğlunun cavabdeh "xxxx" ASC-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “öhdəliyin həvalə edilməsi s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı oğlu cavabdeh "xxxx" ASC-yə qarşı “öhdəliyin həvalə edilməsi s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik öhdəliyinə xitam verilməsi və borclu şəxs kimi adının Mərkəzləşdirilmiş Kredit Reyestr Sistemindən çıxarılması üçün Mərkəzi Banka müvafiq məktubun göndərilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (texniki düzəliş edilmişdir).
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum borclu şəxs Tural Əzizov ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə 12 aylıq müddətə kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda, öhdəliyin icrasının təminatı kimi "xxxx" ASC ilə İddiaçı və Mehdiyev Süleyman Tahir oğlu arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Borclu şəxs Tural Əzizov öldüyünə görə öhdəliyini yerinə yetirə bilməmiş və nəticədə "xxxx" ASC zaminlik müqaviləsinin tərəfi olaraq iddiaçıya və Süleyman Mehdiyevə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Daha sonra Süleyman Mehdiyev tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Həmin apellyasiya qətnaməsindən Süleyman Mehdiyev tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarına əsasən təmin edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Nəhayət iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə yekun qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən Süleyman Mehdiyevin apellyasiya şikayəti təmin edilərək iddia tələbi rədd edilmişdir. Həm Ali Məhkəmənin qərarında, həm də Sumqayıt Apellyasiya Məhkəməsinin yekun qətnaməsində birbaşa olaraq göstərilmişdir ki, "xxxx" ASC İddiaçı və Mehdiyev Süleyman Tahir oğlu arasında xx.xx.2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsinə Mülki Məcəllənin 477.0.4cü maddəsinin tələbi baxımdan xitam verilmiş hesab edilməlidir. Tərəfindən apellyasiya və kassasiya şikayəti verilməsə də, "xxxx" ASC ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi Süleyman Mehdiyevlə yanaşı, həm də iddiaçı ilə bağlandığına görə Mülki Məcəllənin 6.1.1-ci maddəsində qeyd edilmiş mülki hüquq subyektlərinin bərabərliyi prinsipi barədə gəldiyi nəticə iddiaçıya da şamil edilməlidir. Yəni, iddiaçıya münasibətdə də zaminliyə xitam verilmişdir və iddiaçının da "xxxx" ASC qarşısında hər hansı öhdəliyi yoxdur. Məhkəmə qərarlarının preyudisiallığı baxımından bildirir ki, iş üzrə Ali Məhkəmənin və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarlarında birmənalı olaraq göstərilmişdir ki, zaminliyə xitam verilmişdir, bu o deməkdir ki, zaminlik müqaviləsi də öz-özlüyündə artıq formal xarakter daşıyır və ona xitam verilməlidir. Bütün bunlara baxamyaraq hazırda onun adı Mərkəzi Bankın sərəncamında olan Mərkəzləşdirilmiş Kredit Reyestr Sistemində borclu şəxs kimi qalmışdır. Nəticədə iddiaçı heç bir kredit təşkilatından kredit götürə bilmir. Bu isə iddiaçının hüquqlarının pozulmasıdır. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi və adının borclu şəxs kimi Mərkəzləşdirilmiş Kredit Reyestr Sistemindən silinməsi üçün müvafiq məktubu Mərkəzi Banka göndərməsi üçün "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu ilə müraciət etsə də, 15 gün keçməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Bu səbəbdən MPM-in 4cü maddəsinin tələbinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, ona görə qətnaməni mübahisələndirməmişdir ki, məktublardan sonra xəbər tutmuşdur. İcradadır, icra tələb olunmur. Ödəniş etməyib. İddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi X5 iddianı müdafiə edib bildirdi ki, müqavilə yoxdursa, öhdəlik yoxdur. Müqavilə mövcud deyildir deyə, zaminlik öhdəliyinin ləğv edilməsini və sistemindən adının silinməsini xahiş edir. Tələb banka yönəlikdir. İddiaya mahiyyəti üzrə baxılaraq təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib bildirdi ki, iddiaçı ödəniş etməyib. İcraata xitam verilməlidir. Çünki mübahisəyə bir dəfə baxılıb, apellyasiya məhkəməsi mövqeyini bildirib.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumt verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçı, nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli, 2(105)-3958/2019 nömrəli qətnaməsi ilə cavabdeh Mehdiyev Süleyman Tahir oğlunun apellyasiya şikayətinin təmin edilməsi, Mehdiyev Süleyman Tahir oğlunun apellyasiya şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli 2(060)-8267/2017 nömrəli qətnaməsinin borcun Mehdiyev Süleyman Tahir oğlundan müştərək qaydada tutulması hissəsində ləğv edilməsi, iddia tələbinin Mehdiyev Süleyman Tahir oğluna qarşı hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, - İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 "xxxx" ASC-nin Sumqayıt filialından 2014-cü il 17 aprel tarixli PB/0xx/xx/206927 saylı kredit müqaviləsinə əsasən illik 40,50 faizlə 12 ay müddətinə məişət avadanlıqlarının alınması məqsədilə 3820 ABŞ dolları borc almışdır....Əlavə olaraq, xx.xx.2014-cü il tarixli PB/14/206926 saylı zaminlik müqaviləsi əsasında İddiaçı və Mehdiyev Süleyman Tahir oğlu kredit müqaviləsi üzrə öhdəliklərin tam və vaxtında icra edilməməsinə görə cavabdehlə eyni həcmdə məsluiyyət daşıdıqlarını təsdiq etmişlər...Cavabdeh X6 öldüyü üçün kredit müqaviləsi üzrə öhdəliyin icrası zaminlərdən tələb edilməlidir. ...Zaminlər İddiaçı, Mehdiyev Süleyman Tahir oğlu iddiaçı Cavabdeh BOKT ASC-nin qarşısında borc öhdəliyinin icrasına görə cavabdeh ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. -İş materiallarında olan xx.xx.2014-cü il tarixli PB/14/206926 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı və Mehdiyev Süleyman Tahir oğlu PB/0xx/xx/206927 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam və vaxtında icra edilməməsinə görə borclu T.Əzizovla eyni həcmdə məsuliyyət daşıyırlar. -Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(060)-8267/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh BOKT ASC cavabdehlər İddiaçı və Mehdiyev Süleyman Tahir oğluna qarşı “kredit borcunun tutulması” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 3.321,86 ABŞ dolları, faiz borcuna görə 7.346,98 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 53,06 ABŞ dolları, cəmi 10.721,90 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli, 2(105)- 3373/2018 saylı qətnaməsi ilə cavabdeh Süleyman Mehdiyevin apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə dəyişdirilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 3.321,86 ABŞ dolları, faiz borcuna görə 1.382,68 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 53,06 ABŞ dolları, cəmi 4.757,60 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilimişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli 2(102)-2265/2019 nömrəli qərarı ilə cavabdeh Mehdiyev Süleyman Tahir oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli, 2(105)-3373/2018 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. - Məhkəmə kollegiyası kredit müqaviləsinin təhlili baxımdan belə nəticəyə gəlir ki, iddiaçı bank cavabdeh S.Mehdiyevdən zamin kimi öhdəliyin icra edilməsini kredit sazişinin müddəti 17 aprel 2015-ci ildə bitdikdən sonra 1 il müddətində, yəni 17 aprel 2016-cı il tarixinədək tələb edə bilərdi. Bu müddət ərzində zaminə qarşı belə tələb irəli sürülmədikdə, qanunvericiliyin tələbinə əsasən zaminliyə xitam verilir. İş materiallarından da görünür ki, iddiaçı hazırkı iddia ilə birinci instansiya məhkəməsinə 03 may 2017-ci ildə müraciət etmişdir. Cavabdeh S.Mehdiyevin zaminliyi Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam olunduğu üçün onun bank qarşısında zaminlik müqaviləsindən irəli gələn öhdəliyi yoxdur.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli 3-8/1-5536/25 nömrəli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli, 2(105)- 3958/2019 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və 06 fevral 2020-ci il tarixdə qətnamə icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir.
10. 28.02.2020-ci il tarixli icraata başlamaq başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3958/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
11. 03.11.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, xx.xx.2014-cü il tarixli PB/14/206926 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı və Mehdiyev Süleyman Tahir oğlu PB/0xx/xx/206927 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam və vaxtında icra edilməməsinə görə borclu T.Əzizovla eyni həcmdə məsuliyyəti üzərlərinə götürmüşlər, hazırda İddiaçı xx.xx.2014-cü il tarixli zaminlik öhdəliyinə xitam verilməsini tələb etsə də, Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(060)-8267/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh BOKT ASC-nin cavabdehlər İddiaçı və Mehdiyev Süleyman Tahir oğluna qarşı iddiası üzrə cavabdehlərdən müştərək qaydada 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunun tutulması qət edilmiş, həmin qətnamə digər zamin Mehdiyev Süleyman Tahir oğlu tərəfindən mübahisələndirilmiş, ona münasibətdə qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli, 2(105)-3958/2019 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli 2(060)-8267/2017 nömrəli qətnaməsinin borcun Mehdiyev Süleyman Tahir oğlundan müştərək qaydada tutulması hissəsində ləğv edilməsi, iddia tələbinin Mehdiyev Süleyman Tahir oğluna qarşı hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və 06 fevral 2020-ci il tarixdə icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir.
13. 28.02.2020-ci il tarixli icraata başlamaq başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3958/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
c) Məhkəmənin mövqeyi:
14. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə öhdəliyə xitam verilməsi olmuş, iş materiallarından görünür ki, İddiaçı cavabdeh olduğu digər mülki iş üzrə 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə ondan borclu ilə birgə öhdəlikləri yerinə yetirmədiyi təqdirdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürdüyündən borcun ondan və digər zamindən tutulması qət edilmişdir. Digər zamin tərəfindən qətnamə mübahisələndirilərək ona münasibətdə zaminliyə xitam verilsə də, işə iki dəfə apellyasiya qaydasında, bir dəfə kassasiya qaydasında baxılsa da, İddiaçı tərəfindən mübahisələndirilməmişdir.
15. Eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
16. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
17. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə bankın iddiası əsasında hazırkı işdə mübahisələndirilən zaminlik müqaviləsi əsasında İddiaçı borcun tutulması qət edilmişdir. Bu hal həmin müqavilə üzrə mübahisəli hüquq münasibətlərinə daha əvvəl baxılmaqla məsələyə yekun hüquqi qiymət verildiyinə dəlalət edir.
18. Belə olan halda, məhkəmə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcud olması səbəbindən hazırkı iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir.
19. Məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsi hüququndan istifadə etməyin şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür tələblər üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu əsası ilə xitam verilməsi həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsin yaxud hüququn verdiyi imkandan istifadə edərkən qanunvericiliyin imperativ və dispozitiv şərtinə əməl etsinlər. Əks halda, mülki hüquqda hüquqdan sui-istifadənin qadağan edilməsi institutunun yaranmasına da zərurət və əsas olmazdı.
20. İddia tələbinin ikinci - “borclu kimi adının Mərkəzləşdirilmiş Kredit Reyestr Sistemindən çıxarılması üçün Mərkəzi Banka müvafiq məktubun göndərilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu tələb zaminlik öhdəliyinə xitam verilməsi tələbindən törəmiş, onun məntiqi nəticəsi olaraq irəli sürülmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, hər iki tələb yenidən məhkəmə araşdırmasının predmeti ola bilməz və bu tələb üzrə də icraata xitam verilməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 261.0, 261.0.1, 261.0.2. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
22. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarı: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmin qərara əsasən, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
23. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı oğlunun cavabdeh "xxxx" ASC-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “öhdəliyin həvalə edilməsi s.” tələbinə dair hazırkı iş üzrə icraata xitam verilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmaqla ona eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır.
Nəticə:
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 261-262, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı oğlunun cavabdeh "xxxx" ASC-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “öhdəliyin həvalə edilməsi s.” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova