Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-619/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «zaminlik müqaviləsinə xitam verilməsi və silinmiş məbləğin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə X1 arasında 06.12.2017-ci il tarixli 166CLM********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən 48 ay müddətinə, illik 27,84 faiz olmaqla 20.000 manat məbləğində borcalana kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasının təmin olunması üçün Cavabdeh ASC ilə iddiaçı arasında 06.12.2017-ci il tarixli, Z- 166CLM********** saylı zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqaviləsinin 3-cü bəndinə əsasən zamin əsas və faiz borcları, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bütün növ xərclər və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, bank qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. X1 13.07.2019-cu ildə vəfat etmişdir. Bu barədə Xaçmaz rayon Qeyiyyat Şöbəsində ölüm haqqında akt qeydləri kitabında 21.08.2019-cu il tarixdə, 221 №-li qeyd aparılaraq ölüm haqqında şəhadətnamə verilmişdir. Borcalan vəfat etdiyi günə kimi bank qarşısında öhdəliyini layiqincə yerinə yetirmiş və kreditin ödənişi ilə bağlı zaminin üzərində borcun qaytarılmasına dair öhdəlik yaranmamışdır. Lakin borcalan vəfat etdikdən sonra, cavabdeh bank qanunsuz olaraq heç bir məhkəmə qərarı olmadan borcun ödənilməsinə dair öhdəliyi iddiaçının (zaminin) üzərinə qoyaraq, hər ay iddiaçının həm pensiya kartına daxil olan bütün məbləği, həm də digər kartından müharibə veteranı olduğu üçün aldığı prezident təqaüdünü borca silmişdir. Belə ki, Cavabdeh ASC-nin Xaçmaz filialı tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli, 256 saylı arayışa əsasən, X3 06.12.2017-ci il tarixdə rəsmiləşdirilən 166CLM********** saylı kredit müqaviləsi üzrə zamin durduğu üçün İddiaçı təqaüd kartından 31.10.2019-cu il aralarında ümumilikdə 8.597,13 manat pul vəsaiti silinmişdir. X6 vəfat etdiyi günə kimi Bank qarşısında öhdəliyini layiqincə icra etdiyi üçün və bu səbəbdən iddiaçının üzərində öhdəlik yaranmadığı üçün bank tərəfindən zamindən pulun tutulması yolverilməzdir. Göründüyü kimi, cavabdeh bank qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə qarşı çıxaraq qanunsuz olaraq iddiaçının pensiya kartlarına daxil olan bütün məbləğləri borcun ödənilməsinə silmişdir. Zaminlik müqaviləsinə xitam verilməsi və silinmiş pulun geri qaytarılması ilə bağlı 07.10.2021-ci il tarixdə təklif məktubu cavabdeh banka göndərilmişdir, lakin cavabdeh bank həmin təklifə münasibət bildirməmişdir. Xüsusi ilə qeyd olunmalıdır ki, borcalan vəfat etdikdən sonra, zaminin razılığını almadan və hər hansı məhkəmə qərarı əldə etmədən zaminin pensiya kartlarına hər ay daxil olan bütün məbləğlərin borcun ödənilməsi üçün silinməsi yalnış təcrübədir və qanunla nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh ASC arasında bağlanılmış 06.12.2017-ci il tarixli, Z-166CLM********** saylı zaminlik müqaviləsinə 13.07.2019-cu il tarixdən xitam verilməsi, Cavabdeh ASC-dən 31.10.2019-cu il tarixdən 15.09.2021-ci il tarixə qədər iddiaçının pensiya kartlarından silinmiş 8597,13 manat pulun və 110 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh bank iddiaçının pensiya kartlarından silinmiş pulları iddiaçının pensiya kartlarına geri qaytarmışdır. Bu səbəbdən İddiaçı ilə Cavabdeh ASC arasında bağlanılmış 06.12.2017-ci il tarixli, Z-166CLM********** saylı zaminlik müqaviləsinə 13.07.2019-cu ildən xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək bildirdi ki, borclunun dünyasını dəyişməsi zaminin öhdəliklərinin xitamına səbəb olmur. Bu məsələyə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Mülki Məcəllənin 477-ci maddəsinə şərh verilərkən də toxunulmuşdur. Borclunun dünyasını dəyişməsi hələ onun vərəsələrinin olmayacağı anlamına gəlmir. Onlar həmin məbləği borcalanın vərəsələri olduğu təqdirdə onlardan, onlar ödəmədikdə isə zamindən tələb edəcəyik. Oxşar məsələyə ilə bağlı daha öncə də məhkəmə mübahisələri olmuş, silinən məbləğlər geri qaytarılmış, lakin müqaviləyə xitam verilməmişdir. Odur ki, iddiaçının tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Cavabdeh ASC-nin Xaçmaz rayon filialı ilə X4 arasında bağlanmış 06.12.2017-ci il tarixli, 166CLM********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X3 istehlak məqsədi ilə 48 ay müddətinə illik 27,84 faiz olmaqla, 20.000 manat məbləğində kredit verilmişdir.
8. İş materiallarında olan Cavabdeh ASC-nin Xaçmaz rayon filialı ilə İddiaçı arasında bağlanmış 06.12.2017-ci il tarixli, Z-166CLM********** saylı zaminlik müqaviləsinə əsasən zamin İddiaçı borclu X2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür.
9. Həmin müqavilənin 4-cü bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik (borc) habelə kredit müqaviləsi üzrə hüquqlar hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik, hüquqi varislik qaydasında başqa şəxsə keçdikdə, borcalan öldükdə zaminlik qüvvəsində qalır.
10. İş üzrə Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.08.2019-cu il tarixli ölüm haqqında şəhdətnaməsinin surətindən görünür ki, X4 13.07.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21.08.2019-cu il tarixdə 221 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: böyrək çatmamazlığıdır.
11. İş üzrə Cavabdeh ASC tərəfindən verilmiş İddiaçı ödəniş kart üzrə çıxarışlarından görünür ki, 27.12.2021-ci il tarixdə 166CLM********** saylı müqaviləsi üzrə kart hesabından silinən 8359,61 manat və 480, manat geri qaytarılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, işin materiallarından da göründüyü kimi Cavabdeh ASC-nin Xaçmaz rayon filialı ilə X4 arasında bağlanmış 06.12.2017-ci il tarixli, 166CLM********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X3 istehlak məqsədi ilə 48 ay müddətinə illik 27,84 faiz olmaqla, 20.000 manat məbləğində kredit verilmiş, həmin müqavilə üzrə zamin İddiaçı borclu X2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. 13.07.2019-cu il tarixdə kredit alan X4 vəfat etimşdir. Hazırda iddiaçı zaminlik müqaviləsinə xitam verilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
16. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 04.06.2018-ci il tarixli Qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.
18. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən borclu öldükdə onun əmlakını miras almış vərəsələr aldıqları pay həcmində miras qoyanın borcları üzrə məsuliyyət daşıyırlar. Eyni zamanda Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb deyil.
19. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə xitam verilməsinin əsaslarını əhatə edən 477-ci bəndində borclunun ölməsinə görə zaminliyə xitam verilməsinin əsaslarıda müəyyən edilməmişdir. Bu normanın özü isə genişləndirici nomra kimi nəzərə alına bilməz.
20. Məhkəmə hesab edir ki, iş üzrə zamin borclunun götürdüyü kredit üzrə zamin kimi məsuliyyət daşıyır.
21. Beləliklə məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını, tərəflər arasında bağlanmış zaminlik müqaviləsindəki 4-cü bəndini (zaminliklə təmin edilmiş öhdəlik (borc) habelə kredit müqaviləsi üzrə hüquqlar hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik, hüquqi varislik qaydasında başqa şəxsə keçdikdə, borcalan öldükdə zaminlik qüvvəsində qalır) və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşan hüquqi mövqeyini əsas götürərək hesab edir ki, X1 bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin borclu Əliheydər Hacıbalayev vəfat etdiyindən və onun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə İddiaçı zamin durduğundan məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin xitam verilməsinə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
22. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir.
23. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov