Məhkəmə qərarları › İş №2(006)-6200/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6200/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6200/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh-yə qarşı “mənzil kirayə haqqının tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdən 24 aylıq mənzil kirayə pulunun hər ayı 400 manatdan olmaqla, ümumilikdə 9600 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 2017-ci ilin noyabr ayının 17-dən 18-ə keçən gecə ona məlumat vermədən, aralarında razılaşma olmadan və məhkəmənin qərarı olmadan, Azərbaycan Respublikasının Qanunlarına və Azərbaycan Respublikasının konstitusiyasının imperativ normalarına zidd olaraq, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 3 saylı evin 7 saylı mənzilini özbaşına söküb dağıtmış, mənzildə olan bütün əşyaları, əmlakını qanunsuz və əsassız olaraq məhv etmişdir. Ona dəymiş ziyan məhkəmə qaydasında baxılmış və təmin olunmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının yekun olan 20.04.2021-ci il tarixli, 2(102)-1659/2021 saylı qərarından sonra Cavabdeh-nin rəhbərliyi 2017-ci ilin noyabr ayından 05 iyul 2019-cu il tarixədək kirayə edilmiş mənzildə yaşamaqları üçün öz hesabına hər ay 450 manat kirayə haqqı ödəməyi nəzərə alınaraq, ona 05 iyul 2019-cu il tarixə kimi hər ay üçün 400 manatdan kirayə haqqı ödənilmiş, lakin 2019-cu ilin iyul ayının 5-dən 2021-ci ilin iyul ayına kimi ödədiyi mənzil kirayə haqqı Cavabdeh-nin rəhbərliyi tərəfindən ona ödənilməmişdir. Həmin vaxtdan hazırki vaxta kimi kirayə edilmiş mənzildə yaşamaqları üçün öz hesabına hər ay 450 manat kirayə haqqı ödəməyinı nəzərə alınmamışdır. Cavabdeh-nin rəhbərliyi tərəfindən xüsusi mülkiyyətində olan mənzilinin qanunsuz olaraq sökülüb dağıdılması ilə əlaqədar ona ödənilməmiş 24 aylıq mənzil kirayə pulu hər ayı 400 manatdan olmaqla ümumilikdə 9600 (doqquz min altı yüz) manat cavabdehdən məhkəmə qaydasında onun xeyrinə tutulmalıdır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh-nin məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarından görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5703/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi 20% əlavə kompensasiya məbləğinə dair iddianın təmin olunmaması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmuş, əlavə kompensasiya məbləği olaraq 45000 manat Cavabdeh-dən İddiaçı xeyrinə tutulmuşdur. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh-dən 8400 manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 3 saylı evin 7 saylı mənzilini özbaşına söküb dağıtmış, mənzildə olan bütün əşyaları, əmlakını qanunsuz və əsassız olaraq məhv etmişdir. İddiaçı məhkəmə qaydasında ona dəymiş ziyanın ödənilməsi tələb etmiş və iddia təmin olunmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının yekun olan 20.04.2021-ci il tarixli, 2(102)-1659/2021 saylı qərarından sonra Cavabdeh tərəfindən ona 05 iyul 2019-cu il tarixə kimi hər ay üçün 400 manatdan kirayə haqqı ödənilmiş, lakin, Səbail rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin tarixi, yəni 2019-cu ilin iyul ayının 5-dən 2021-ci ilin iyul ayına kimi ödədiyi mənzil kirayə haqqı Cavabdeh-nin rəhbərliyi tərəfindən ona ödənilməmişdir. Ona görə də iddiaçı ödənilməmiş 24 aylıq mənzil kirayə pulu hər ayı 400 manatdan olmaqla ümumilikdə 9600 (doqquz min altı yüz) manat cavabdehdən tələb edir. Məhkəmə 24 aylıq mənzil kirayə haqqı cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, kirayə haqqının ödənilməməsi ilə bağli iddiaçıya zərər dəyib və ona dəymiş zərər cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Faktiki olaraq hazırda mənə məxsus əmlakdan qanunsuz olaraq istifadə edilməsi mənim mülkiyyət hüququmu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh-dən 24 aylıq mənzil kirayə pulunun hər ayı 400 manatdan olmaqla, ümumilikdə 9600 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh-dən 24 aylıq mənzil kirayə pulunun hər ayı 400 manatdan olmaqla, ümumilikdə 9600 (doqquz min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar