Məhkəmə qərarları › İş №2(006)-6202/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6202/2021

07.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6202/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. 30.12.2012-ci il tarixdən 04.12.2015-ci il tarixə qədər ağır maşınqayırma zavodunda işləmişdir. 01.09.2020-ci il tarixdən "xxxx" MMC-də 6-cı dərəcəli dəmirçi kimi fəaliyyətə başlamışdır. Müqavilə əsasında 3 aylıq fəaliyyət göstərmişdir. Müqavilənin müddəti bitdikdən sonra, iddiaçı 04.03.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən işdən azad olunmuşdur. Halbuki o, uzun müddət işləmişdir. İddiaçı işində həmişə vicdanla və sədaqətlə çalışmışdır. Üzərinə qoyulan öhdəlikləri layiqincə həyata yetirmişdir. İddiaçı çalışdığı müddətdə işinə və adına xələl gətirən hərəkətlərə yol verməmişdir. İddiaçı dəfələrlə işə bərpa olunmağı barədə müraciət etsə də, heç bir nəticə olmamış, ona imtina cavabı vermişlər. Belə ki, iddiaçı sağlamlığına zərərverici işdə işlədiyinə görə 15 il stajı olduğuna görə, pensiya yaşını gözləmədiyinə görə onu işdən azad etdilər. İddiaçının himayəsində 3 övladı vardır. Heç bir yerdən gəlir və qazancı yoxdur. Uzun müddət işlədiyi iş yerindən işdən azad olunmağı qanunsuz və ona qarşı qərəzli hərəkətdir. İddiaçı COVİD-19 virusuna görə və Bakı şəhəri Sabunçu rayonu 3 nömrəli Xəstəxanasında 16 mart 2021-ci il tarixdən 31 mart 2021-ci il tarixədək xəstəliyi ilə əlaqədar yatmışdır. Hazırda revmatizm, ürək qusuru, aorta metiral qapaqların çatışmamazlığından əziyyət çəkir. Göstərilənlərə əsasən "xxxx" MMC tərəfindən iddiaçının işdən azad olunmağı barədə 04.03.2021-ci il tarixli, 68 nömrəli əmrin ləğv edilməsi və məcburi borc dayanma üçün iddiaçının xeyrinə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı əmək müqaviləsinin məhz müddətli olması ilə razılaşaraq, ona imza atmış, müddətin bitməsi ilə bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan işəgötürən Cavabdeh MMC-nin icraçı direktoru F.F.Ağayev ilə işçi İddiaçı arasında bağlanmış 01.09.2020-ci il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh MMC-də 6-cı dərəcəli dəmirçi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, bu əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə 03 ay müddətinə bağlanılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin 05 mart 2021-ci il tarixli, 68 saylı əmrindən görünür ki, Cəmiyyətin Mexaniki Emal Zavodunun Termiki emal sahəsinin 6-cı dərəcəli dəmirçisi, onunla bağlanmış 01.09.2020-ci il tarixli əmək müqaviləsinə 05.03.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən müddətin bitməsi ilə əlaqədar olaraq ləğv edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı "xxxx" MMC-də Termiki emal sahəsinin 6-cı dərəcəli dəmirçisi vəzifəsində işləmiş, onunla müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işəgötürənin 05.03.2021-ci il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Göstərilən Məcəllənin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Eyni Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə, belə qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən İddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Buna görə də işəgötürənin İddiaçı barəsində əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olunması haqqında əmri əsaslıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının «əmrin ləğv edilməsi» haqqında iddia tələbi əsassız olduğuna görə, həmin tələblə bağlı olan iddianın «məcburi işburaxma müddəti üçün iddiaçının xeyrinə əmək haqqı ödənilməsi» hissəsi də əsassız hesab olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar