Məhkəmə qərarları › İş №2(006)-6248/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6248/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6248/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1, X1 qarşı “istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1, X1 qarşı “istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 54, 46 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh1, X2, X4 və X3 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 54, 46 saylı mənzildən çıxarılsın, mənzil boşaldılması və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə qəbil edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Mərhum atasından vərəsəlik qaydasında aldığı mənzilə dair tək payçı kimi 1997-ci ildə mülkiyyət hüquqlarına dair qeydiyyat vəsiqəsi verilmişdir. Ailəsi ilə birgə həmin mənzildə yaşayaraq təsərrüfat aparmışlar. Yoldaşı vəfat etmiş, oğlu Cavabdeh1 isə 2011-ci ildə ailə qurduqdan sonra onun üçün müqavilə ilə aldığı "xxxx" MTK tərəfindən inşa edilmiş Binəqədi rayonu, 9-cu mkr., H.Seyidzadə küçəsi ev 38, mənzil 179 ünvanına köçərək ailəsi ilə birgə orada yaşamışdır. 2017ci ildə cavabdeh olan oğlu Cavabdeh1 ailəsi və iki övladı ilə birlikdə yaşadığı mənzilə köçərək mənzi ilə birgə yaşamağa başlamışdır. Həmin gündən onun problemli, əzablı günləri başlamış və nəticə olaraq mənzildən zorla çıxarılmışdır. Belə ki, cavabdehlər mənzilinə köçəndən sonra ona olan münasibətləri dəyişmiş, onların kobud rəftarına və zorakılıqlarına məruz qalmışdır. Özü İ qrup əlilə, bir ayağı yoxdur, səhhəti ilə bağlı narahatçılıqları çoxdur. Cavabdehlərə dəfələrlə desə də gedin öz eviniz var yaşayın orda onu incitməyin, yaşayışını qara etməyin lakin heç bir faydası olmamışdır. Cavabdehin Binəqədi rayonunda olan mənzilindən başqa Masazır qəsəbəsində də torpaq sahəsi və üzərində iki mərtəbəli yaşayış evi vardır. Bundan başqa Balakən rayonu Katex kəndində də fərdi yaşayış evi vardır. Cavabdeh öz mənzilini kirayə verərək pul qazanır, buna görə də köçüb öz evinə getmir. Demək olar ki, hər gün əzab əziyyət iztirab içində yaşayır, övladı ona gün verməyərək həyatını qara etmiş və bu münasibəti yoldaşı və övladları da ona qarşı göstərir. Artıq vəziyyər elə həddə çatmışdır ki, öz mənzilindən, yeganə mülkündən döyərək zorla bayıra atmışlar. Neçə dəfə olmuşdur ki, hətta intihar etmək məcburiyyətində çatmışdır. Xəstə halından küçələrdə qalmış, artıq qohum əqrabının da evində qalmaqdan utanmır. Tərəfindən mediasiya prosesindən keçmək üçün mediasiya şurasına müraciət edilmiş və mediator Samir Abdullayev mübahisə üzrə cavabdehləri mediasiya sessiyasında iştirak etmək üçün məlumatlandırılmışdır. Lakin cavabdehlər gəlmədiyindən ilkin mediasiya sessiyasının keçirilməsi barədə 06.09.2021-ci il tarixli arayış verilmişdir. Yeganə ümid yeri olan məhkəmədir ki, məhkəmə onun pozulmuş hüquqlarını tez bir zamanda bərpa edəcək və bununla da onun iztirablarına son qoyulacaqdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyati İdarəsi tərəfindən verilmiş №115594 saylı qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı ünvan 1 ünvanı xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 15 №li reyestr kitabında 2158 səhifə qeydəalma 30 № 29612, 06.12.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nin sədri S.H.Mehdiyev tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arayışından görünür ki, Cavabdeh1, X4 və X3 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 54, 46 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nin 29 sentyabr 2007-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanda inşa edilən yaşayış binasının 179 saylı mənzil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında xüsusi mülkiyyətdədir. Cavabdehlər ilə mülkiyyətçi arasında mənzilə istifadə hüququnun əmələ gəlməsi barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Hazırda faktiki olaraq cavabdeh həmin ünvanda yaşamır. Cavabdehlər həmin mənzilə daimi qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi ilə onun arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamışdır. Həmçinin müəyyən edilmişdi ki, cavabdeh ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 9-cu mkr., H.Seyidzadə küçəsi ev 38, mənzil 179 ünvanına köçərək orada yaşamışdır, həmin mənzil ona atası İddiaçı tərəfindən alinmışdır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinin tərkib hissəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ əmələ gətirmir. Mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalıdır. Lakin hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında belə razılaşma bağlanmamışdır, ona görə də cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququ əmələ gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh1, X1 qarşı “istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 54, 46 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1, X2, X4 və X3 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 54, 46 saylı mənzildən çıxarılsın, mənzil boşaldılsın və İddiaçı həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar