Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6279/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-23/3-1-655/2025 saylı əmri ilə ona verilmiş dövlət qulluğuna xitamın qanunsuz hesab edilərək ləğv olunması, əvvəlki – baş məsləhətçi vəzifəsinə və ya ixtisas və kateqoriyaya uyğun Nazirlikdə alternativ vakant vəzifəyə işə bərpa edilməsi, işə bərpa müddətində məcburi buraxılmış bütün dövr üzrə əmək haqqının ödənilməsi və stajının bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Əsaslandırıcı hissə: a) Tətbiq olunan hüquq:
3. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı: Bənd 12. İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır.
4. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə: Maddə 1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 153.2.1-ci maddə. Ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. b) Məhkəmənin mövqeyi:
7. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı pozulmuş hüquqlarının bərpası məqsədilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Dövlət qulluğu keçmə ilə bağlı məsələlərin tənzimlənməsi haqqında” xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsinin Əhalinin sosial müdafiəsi və sosial təminat sahələrinin maliyyəsi sektorunun baş məsləhətçisi İddiaçı Maliyyə Nazirliyindəki dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən xitam verilməsi əmr edilmişdir.
8. İş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyində dövlət qulluqçusu olmuşdur. Belə olan halda məhkəmə Ali Məhkəmənin Plenumunun qərarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbinə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında müvafiq inzibati məhkəmədə baxılmalıdır. Çünki hazırkı iddia tələbinə baxılması rayon məhkəməsinin səlahiyyətlərinə deyil, inzibati məhkəmənin səlahiyyətinə aiddir. Buna görə də İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və s.” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Nəticə:
9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və s.” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırkı məsələ ilə bağlı inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova