Məhkəmə qərarları › İş №2(006)-628/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-628/2022

29.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-628/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq küçəsi, ev 70, 84 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehin, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq küçəsi, ev 70, 84 saylı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı 15.05.2002-ci il tarixdə mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və bu barədə müvafiq çıxarış almaqla onun mülkiyyətinə keçmişdir. Hal hazıra qədər həmin 2 otaqlı mənzildə yaşayır. 25.10.2021-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alan zamanı bilmişdir ki, cavabdeh iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan mənzilinə 2003-cü il tarixdən hansısa yolla qanunsuz və əsassız olaraq qeydiyyata düşmüşdür. Cavabdeh iddiaçıya məxsus mənzildə heç vaxt yaşamamış, istifadə etməmiş və onun yaşayış yeri üzrə qeydiyyatı formal olmuşdur. Cavabdehlə iddiaçı arasında onun qeydiyyata və ya istifadə hüququnun yaranması üçün hansısa notarial razılığı olmamışdır. Cavabdeh iddiaçının Mülki Məcəllənin 152-ci maddəsi ilə qorunan mülkiyyəti üzərində sərbəst sərəncam vermək hüququnun məhdudlaşmasına səbəb olur. İddia teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 15.05.2002-ci il tarixli ÖM seriyalı 181820 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq küçəsi, ev 70 ünvanında yerləşən 84 saylı mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. 25.10.2021-ci il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq küçəsi, ev 70 ünvanında yerləşən 84 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci və 262.2-ci maddələrinə əsasən, cavabdehə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Məhkəmə iddianın hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə tədqiqatı zamanı zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq küçəsi, ev 70 ünvanında yerləşən 84 saylı mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmaqla 15.05.2002-ci il tarixli ÖM seriyalı 181820 saylı Qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatdadır, lakin o, həmin mənzildə yaşamamışdır. Hazırda məhkəmə tərəfindən müəyyən edilməli fakt həmin tarixdə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlıdır. Bunun üçün qanunvericilikdə istifadə hüququnun yaranması əsaslarına diqqət yetirilməlidir. Məlum olduğu kimi, şəxsin yaşayış sahəsinə qeydiyyata düşməsi özlüyündə yaşayış sahəsinə istifadə hüququnun yaranmasını ehtiva etmir. Hazırki məsələyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını tətbiq edərək bu qənaətə gəlmək olar ki, cavabdeh ilə mülkiyyətçi arasında bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmadığından, yaşayış sahəsinə istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Digər bir yandan, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Normanın məzmunundan aydın olduğu kimi, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması yalnız keçmiş ailə üzvlərinə münasibətdə tətbiq edilə bilər. Hazırki mülki işin halları tərəflər arasında ailə-qohumluq münasibətlərinin mövcud olmadığını göstərir. Odur ki, hazırda cavabdehin yaşayış sahəsinə olan qeydiyyatı formal xarakter daşıdığından onun həmin yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehin evə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququna itirilmiş hesab edilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, cavabdehin həmin mənzildə istifadə hüququnun qalması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə dair cavabdehin istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq küçəsi, ev 70 ünvanında yerləşən 84 saylı mənzilə dair istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq küçəsi, ev 70 ünvanında yerləşən 84 saylı mənzilə dair istifadə hüququ itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq küçəsi, ev 70 ünvanında yerləşən 84 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar