Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6300/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı Əlı̇ yev Saleh İltı̇ zam oğlunun, cavabdeh İsmayılov Elçı̇ n Rafail oğlunun iştirakları ilə İddiaçı Əlı̇ yev Saleh İltı̇ zam oğlunun cavabdeh İsmayılov Elçı̇ n Rafail oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yev Saleh İltı̇ zam oğlu cavabdeh İsmayılov Elçı̇ n Rafail oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə “Bank of Baku" ASC arasında bağlanmış 13.05.2014-cü il tarixli kredit sazişinə əsasən bank borcluya 15 ay müddətində, illik 27% olmaqla 5.000 (beş min) ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kreditin təminatı kimi 13.05.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən iddiaçı birgə məsuliyyətlə zamin durmuşdur. Borclu Cavabdeh bank qarşısında götürdüyü öhdəliyini vaxtında və lazımı qaydada icra etmədıynə görə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 20.08.2015-ci il tarixli, 2(001)-11105/2015 saylı məhkəmə əmri ilə kredit üzrə ödənilməmiş 2.557,75 ABŞ dollarından ibarət əsas və 1.049,64 ABŞ dollarından İbarət olan faiz borcunu ödəmək öhdəliyi iddiaçının üzərinə qoyulmuşdur. Maddi çətinliklərinin olmasına baxmayaraq, zamin kimi üzərimə qoyulmuş öhdəlikləri yerinə yetirməklə banka olan kredit borcunu aylıq maaşından tutulmaqla və ya nağd olaraq ödəmişdir. Belə ki, Bakı Dövlət Universitetinin Binəqədi Rayon Məhkəməsinə ünvanladığı 12 aprel 2019-cu il tarixli, 25 saylı məktubla təsdiq edilmişdir ki, iddiaçının aylıq maaşından 2015-ci ilin sentyabr-dekabr aylarında 382,28 manat, 2016-cı ildə 2.201.68 manat və 2017-ci ildə 186.86 manat olmaqla, cəmi 2.650.81 (iki min altı yüz əlli) manat tutulmaqla, "xxxx" ASC-nin 8 saylı ödəniş sənədi əsasında 03.08.2021-ci ildə 650 (altı yüz əlli) manat,17.07.2021-ci il tarixdə 200 manat və 12.07.2021-ci il tarixdə 300 USD (mövcud məzənnə ilə 510 manat) iddiaçı tərəfindən nağd ödənilməklə, zaminlik öhdəliyi üzrə cəmi 3.500.81 (üç min beş yüz) manat və 300 ABŞ dolları (mövcud məzənnə ilə 510 manat) banka ödənilmişdir. İddiaçı uzun illərdir ki, müəllim kimi fəaliyyət göstərir. İddiaçı tələbələrinə keyfiyyətli təhsillə bərabər humanist, vətənpərvər, insani hissləri aşılamağa çalışmışdır. Cavabdeh bu keyfiyyəti bildiyindən ona zamin durmağından yararlanaraq şəxsi istifadəsi üçün götürdüyü kreditini iddiaçının ödəməyə məcbur qalmağını bilərəkdən planlı şəkildə həyata keçirmiş və bundan sona yaşadığı ünvanı dəyişərək hazırda yaşadığı ünvanda yerləşməklə üzərinə qoyulmuş məsuliyyətdən qəsdən yayınmışdır. Cavabdehin hərəkətləri nəticəsində maddi ziyanla yanaşı iddiaçıya həm də mənəvi zərər dəymişdir. Belə ki, iddiaçının böyük ailənin normal yaşayışının təminatında çətinlikləri yaranmış, bankın borcunu ödəmək üçün özü "xxxx" ASC-dən və “Unibank”dan kreditlər götürməyə məcbur olmuş, yaxınlarından dəfələrlə borc olaraq pullar götürmək məcburiyyətində qalmış və indiyə qədər tam qaytara bilməmişdir. Bundan başqa, iddiaçı iş yerində aylıq maaşından pul tutularaq kredit borcuna yönəldilməsi kollektivin böyük hissəsinə məlumdur. Bu və digər yanakı təsirlər nəticəsində iddiaçının psixoloji gərginliyi, ürəkdamar xəstəlikləri kəskinləşib və xroniki hala çevrilib, iztirab çəkmiş, yuxuları pozulub, hazırda 2-ci qrup əlildir. İddiaçının çəkdiyi mənəvi sarsıntı və iztirabların hər hansı pul məbləği ilə ölçülməsi nisbi xarakter daşısa da, özünün və doğmalarının bir qədər təskinliyi naminə cavabdehə qarşı mənəvi ziyanı 5.000 (beş min) manat məbləğində dəyərləndirir. Göstərilənlərə əsasən Cavabdeh əvəzinə zaminlik öhdəliyi üzrə "xxxx" ASC-yə ödənilmiş cəmi 3.500.81 (üç min beş yüz) manat və 300 ABŞ dolları (mövcud məzənnə ilə 510) manat, 5.000 (beş min) manat məbləğində mənəvi ziyan və 30 manat dövlət rüsumu üçün ödənilmiş məbləğin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəblul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı İltı̇ zam oğlu iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İsmayılov Elçı̇ n Rafail oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, uzun müddətdir ki, işsizlikdən əziyyət çəkir. Bu yaxınlarda yeni bir işlə təmin olunmuşdur. Hal-hazırda aylıq 80-100 AZN arası pulu iddiaçıya qaytara bilər. Odur ki, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2015ci il tarixli, 2(001)-1105/2015 saylı məhkəmə əmri ilə Cavabdeh və İddiaçı müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 2557,75 ABŞ dolları əsas, 1049,64 ABŞ dolları faiz borcu, cəmi 3607,39 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) və məhkəmə xərci kimi ödənilmiş 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 10.08.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" ASC-də zamin olduğu 13.05.2014-cü il tarixli, MK/62674/40/10 (kredit məbləği 5000 ABŞ dolları) saylı kredit müqaviləsi üzrə qalıq borc tam ödənildiyi üçün zaminlik öhdəliyi ləğv edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 10.08.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(001)- 1105/2015 saylı məhkəmə əmrinə əsasən borclular Cavabdeh və İddiaçı "xxxx" ASC-yə olan borcunu tam olaraq ödəmişdir. İş materiallarında olan Bakı Dövlət Universiteti tərəfindən verilmiş 18.04.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı əmək haqqından 2015-2017-ci illərdə 2650,81 manat məbləğində pul tutulmuşdur. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcuna görə "xxxx" ASC-yə 300 ABŞ dolları məbləğində pul ödənilmişdir. Beləliklə, işin materiallarından da göründüyü kimi Cavabdeh və ""xxxx" ASC ilə 13 may 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, İddiaçı Bank ilə borclu arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə zamin duraraq borclunun bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Borclu Cavabdeh kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə Bank kredit müqaviləsinin şərtlərini əsas götürərək zaminə borcun ödənilməsi təklifini irəli sürmüş, zamin İddiaçı razılaşaraq borclu Cavabdeh banka olan borcunu ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı cavabdehin əvəzinə banka 3500,81 manat və 300 ABŞ dolları pul ödəmişdir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 474.1 və 474.2-ci maddələrinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Göstərilən Məcəllənin 475.1 və 475.2-ci maddələrinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh əvəzinə Banka ödəmiş olduğu pulu (3500,81 manat və 300 ABŞ dolları) Cavabdeh geri tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “5.000 (beş min) manat məbləğində mənəvi ziyanın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tələbinin həmin hissəsinni əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələb qismən təmin edilməli, cavabdeh İsmayılov Elçı̇ n Rafail oğlundan 3500,81 (üç min beş yüz manat, səksən bir qəpik) manat, 300 (üç yüz) ABŞ dolları və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3530,81 (üç min beş yüz otuz manat, səksən bir qəpik) manat və 300 (üç yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq iddiaçı Əlı̇ yev Saleh İltı̇ zam oğluna verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İsmayılov Elçı̇ n Rafail oğlundan 3500,81 (üç min beş yüz manat, səksən bir qəpik) manat, 300 (üç yüz) ABŞ dolları və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3530,81 (üç min beş yüz otuz manat, səksən bir qəpik) manat və 300 (üç yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq iddiaçı Əlı̇ yev Saleh İltı̇ zam oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6300/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6300/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver