Məhkəmə qərarları › İş №2(006)-6300/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6300/2025

08.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6300/2025 08.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1912.03.08 təvəllüdlü anası X1 həmin tarixdə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə daxil olmuş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 1.7-ci bəndində göstərilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. İşdən görünür ki, məhkəməyə ünvanlanan ərizədə ərizəçi qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan müvafiq orqanı maraqlı şəxs qismində göstərməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30 - 40-7-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində qiymətləndirilən və qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumunun dərəcələri ayrı-ayrılıqda müəyyən edilmişdir. Ərizəyə əlavə edilmiş dövlət rüsumu haqqında qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumunun hazırkı iddia üzrə ödənilməsi müəyyən olunmur. Belə ki, elektron informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, Ərizəçi ərizəsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-5666/2025 nömrəli qərardadına əsasən, ərizəçi tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməməsi əsası ilə ərizə baxılmamış saxlanılmışdır. Qərardadda hazırda ərizəyə əlavə edilmiş qəbzdə əks olunan rüsum məbləğinin ərizəçiyə geri qaytarılması da qərara alınmışdır. Belə olan halda məhkəmə həmin rüsumun hazırki iş üzrə ödənilməməsini müəyyən etməklə, qərardadla qaytarılması nəzərdə tutulan rüsumun məbləğinin başqa iş üzrə nəzərə alınmasını yolverilən hesab etmir. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar hazırki işin məhkəmə icraatını qeyri-mümkün edir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya sadalanan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə, ərizənin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar