Məhkəmə qərarları › İş №2(006)-6347/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6347/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6347/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Kredit Bürosuna, üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “öhdəliyin qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Kredit Bürosuna, üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “öhdəliyin qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə cavabdehin ləğvedicisi olduğu Cavabdeh1 ASC arasında 21 iyul 2009-cu il tarixli, 1582 saylı kredit müqaviləsi bağlanmışdır. Sözügedən kredit müqaviləsi üzrə pul öhdəliyinin yerinə yetirilməməsi səbəbindən ləğvetmə prosesində olan Cavabdeh1 ASC ona qarşı Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsi tərəfindən 1582 saylı müqavilə üzrə kredit borcunun tələb edilməsi üçün müəyyən edilmiş iddia müddətinin ötürülməsi əsası gətirilərək iddia tələbinin rədd edilməsinə dair 2(002)- 425/2015 saylı, 05.02.2015-ci il tarixli qətnamə qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. Sözügedən qətnamənin artıq 6 ildən çox bir müddətdir ki, qanuni qüvvəyə minməsinə baxmayaraq, Mərkəzləşdirilmiş Kredit Reyestrinin sistemində adını 1582 saylı kredit müqavilə üzrə hələ də aktiv kredit ödəyiciləri siyahısında saxlanılmışdır. Halbuki, məsələ ilə bağlı tərəfindən Cavabdeh1 ASC-nin ləğvedicisi cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna sözügedən kredit müqaviləsi üzrə pul öhdəliklərinin (Hesab nömrəsi: (00)**********01582) Mərkəzləşdirilmiş Kredit Reyestri sistemində passiv öhdəliklər siyahısına keçirilməsinə dair müraciət edilsə də, sözügedən qurum tərəfindən müraciətdən heç bir əsas təqdim edilmədən və qanunsuz şəkildə imtina edilmişdir. Nəticədə, onun aktiv kredit ödəyicisi kimi göstərilsə də bu kredit müqaviləsi üzrə pul öhdəliyinin davam etdirmiş kimi görünməsinə səbəb olur. Dolayısı ilə yaranmış situasiya hər hansı bir istehlak və ya digər məqsədlər üçün kreditin əldə edilməsi yönündə banklar qarşısında sahib olduğum hüquqların qeyri-qanuni əsaslarla məhdudlaşdırılması ilə nəticələnə və digər predmetini pul vəsaiti təşkil edən müqavilələrin borclu tərəfi iştirak edə bilmə hüququma maneə törətməkdədir. Qanunvericiliyə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklər əsasında müqavilə tərəflərinə müəyyən məhdudiyyətlər tətbiq edilə və bu məhdudiyyətlərin tətbiq edilmə müddəti adətən öhdəliyə xitam veriləcək zamana kimi davam edə bilər. Öhdəliklərə müddətin ötürülməsi səbəbindən xitam verilməsi səbəbi ilə öhdəliklərdən törəyən məhdudiyyətlər də qanunvericiliyə əsasən aradan qaldırılır. Lakin hazırkı vəziyyətdə sözügedən kredit müqaviləsi -üzrə tələb hüquqları müddətin ötürülməsi səbəbindən xitam edildiyi halda, bank tələb hüququnun xitamı ilə razılaşsa belə, müqavilə üzrə öhdəliklərdən törəyən məhdudiyyətləri qradan qaldırmamaqdadır. Bu məhdudiyyətlərin aradan qaldırılmasının tələb edilməsinə qaxmayaraq, qarşı tərəf Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə onların üzərinə qoyulmuş belə bir öhdəliyin olmadığı əsasını gətirərək tələbdən imtina etmişdir. Qeyd edək ki, sözügedən qətnamədə qarşı tərəfin üzərinə belə bir öhdəliyin qoyulmasının birbaşa ifadə edilməməsi, həmin öhdəliyin olmadığı anlamına gəlməməkdədir, çünki kredit müqaviləsi üzrə tələbin xitamı eyni zamanda şəxs qarşısında qoyulmuş məhdudiyyətlərin də xitamıdır. Qarşı tərəfin bu cür yanaşması isə qanunvericiliyə əsasən birbaşa hüquq pozuntusudur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 552.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblərə 5 illik iddia müddəti tətbiq olunur. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 527-ci maddəsi öhdəliklərə xitam vermə əsaslarından bəhs edir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Belə ki, iş materiallarında olan iddiaçı X2 ilə cavabdeh LPO Cavabdeh1 ASC arasında 21 iyul 2009-cu il tarixli, 1582 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə istehlak məqsədi üçün 5000 manat kredit verilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(002)- 425/2015 saylı, 05.02.2015-ci il tarixli qətnaməsindən görünür ki, kredit borcunun tələb edilməsi üçün müəyyən edilmiş iddia müddətinin keçdiyi üçün iddia tələbi rədd edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi hallar onun məhkəməyə təqdim etdiyi sənədlərlə ilə tam sübuta yetirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(002)-425/2015 saylı, 05.02.2015-ci il tarixli qətnaməsi ilə, kredit borcunun tələb edilməsi üçün müəyyən edilmiş iddia müddətinin keçdiyi üçün iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Qaradağ Rayon Məhkəməsinin 05.02.2015-ci il tarixli, 2(002)-425/2015 saylı qətnaməsinə uyğun olaraq (00)**********01582 hesab nömrəli kredit borcu Mərkəzləşdirilmiş Kredit Reyestrinin sistemində passiv öhdəliklər siyahısına keçırılməsi barəsində öhdəliyin Cavabdeh1 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Qaradağ Rayon Məhkəməsinin 05.02.2015-ci il tarixli, 2(002)-425/2015 saylı qətnaməsinə uyğun olaraq (00)**********01582 hesab nömrəli kredit borcunun Mərkəzləşdirilmiş Kredit Reyestrinin sistemində passiv öhdəliklər siyahısına keçırılməsi barəsində öhdəliyin Cavabdeh1 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu üzərinə qoyulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar