Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-64/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hesablanmış ödənişin, ödənilmiş son haqqhesabın yenidən hesablanması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-də işlədiyi illər üzrə əmək məzuniyyəti günləri üçün ona hesablanmış ödənişin və ona ödənilmiş son haqq-hesabın yenidən hesablanması barədə və aradakı fərqin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, 06 fevral 2018-ci ildə “N.A.N.T." Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi bağlayaraq işləməyə başlamışdır. 05 may 2021-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) işdən çıxarılmışdır. İşlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. İş fəaliyyəti ilə əlaqədar intizam məsuliyyətinə cəlb edilməmişdir. Cavabdeh MMC-də işlədiyi müddət ərzində əmək məzuniyyətinə çıxmamışdır. İşdən çıxarıldıqdan sonra istifadə etmədiyi əmək məzuniyyətinə görə pul və həmçinin ona ödənilməli olan son haqq-hesab verilmədi. Bundan sonra o, aidiyyəti üzrə şikayət etdi. İstifadə etmədiyi əmək məzuniyyətinə görə pulun verilməməsi və həmçinin ona ödənilməli son haqq-hesabın verilməməsi ilə əlaqədar ƏƏSMN yanında X3 Xidmətinə ərizə ilə müraciət etdi. Şikayəti üzrə ƏƏSMN yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırılma aparıldı. Araşdırma nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC-nin məsul şəxsləri tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. 03 avqust 2021-ci ildə "xxxx" MMC-nin rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək və barələrində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Bundan sonra "xxxx" MMC-nin əməkdaşları tərəfindən onun kart hesabına 799 (yeddi yüz doxsan doqquz) manat vəsait köçürülmüşdür. Lakin, hesab edir ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ona verilən 799 (yeddi yüz doxsan doqquz) manat vəsait çox azdır. ***-**** manat arasında əmək haqqı almışdır. Əgər 2 il üçün məzuniyyət hesablanarsa, o, 1800-2400 manat məzuniyyət pulu almalı idi. Bundan əlavə olaraq son hesablaşma hesabı almalı idi. Lakin, məzuniyyət pulunu və son hesablaşma hesabını ona kəsrlə veriblər. Hesab edir ki, aradakı fərq cavabdeh təşkilat tərəfindən ödənilməlidir. "xxxx" MMC-nin rəhbərliyi istifadə etmədiyi əmək məzuniyyətinə görə pulun miqdarı və həmçinin ona ödənilməli olan son haqq hesabın miqdarı barədə rəsmi olaraq yazılı formada heç bir məlumat verməmişdir. Bundan əlavə olaraq qeyd edir ki, ƏƏSMN yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşları tərəfindən "xxxx" MMC-də araşdırılma aparılarkən ona dəymiş maddi ziyanın miqdarı barədə heç bir məlumat verilməyib. Buna görə vəsatətlə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC barədə şikayətinin araşdırılması üçün, Sabirabad rayonunda yerləşən Mediasiya Şurasına müraciət etdi. Ərizəsi mediator M.T.Ramazanov tərəfindən icraata götürüldü. X4 tərəfindən ona 14 sentyabr 2021-ci il tarixdə, 21/1723 saylı "X1 İştirak Edilməməsi" barədə arayış verdilər. Çünki, "xxxx" MMC-nin əməkdaşları Mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Bu barədə Mediasiya Şurası tərəfindən verilmiş "X1 İştirak Edilməməsi barədə Arayış”-da qeyd edilmişdir. Əvvəllər eyni tələblə bağlı Bakı şəhəri Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin, Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(007)- 4681/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər özünə qaytarılıb. Sözügedən qərardadda göstərilib ki, "N.A.N.T.” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonunda yerləşir. Ona görə də iddia ərizəsi, aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilməlidir. Odur ki, Nəsimi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, İddiaçı ilə N.A.N.T. Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 6 fevral 2018-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. İddiaçının əmək müqaviləsinə 5 may 2021-ci il tarixində öz təşəbbüsü əsasında Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçıya əmək fəaliyyəti dövründə istifadə etmədiyi əmək məzuniyyətləri üçün ödənişlər də daxil olmaqla son haqqhesab olaraq 1624,17 (min altı yüz iyirmi dörd manat on yeddi qəpik) manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən edilmiş ödəniş məbləğinin düzgünlüyü Nəsimi rayon məhkəməsi tərəfindən işə cəlb olunmuş ekspertin rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, 9 dekabr 2022-ci il tarixli 9/2636 nömrəli ekspert rəyinə əsasən cavabdeh tərəfindən iddiaçıya orta işdənçıxarma müavinəti və son haqq hesab olaraq 1624,17 (min altı yüz iyirmi dörd manat on yeddi qəpik) manat ödəniş edilməlidir. Cavabdehin bu məbləği iddiaçıya tam ödəməsinə baxmayaraq, iddiaçı əsassız olaraq məhkəməyə müraciət etmiş, ona yalnızca 799 manat ödəniş olunduğunu bildirmişdir. Cavabdehin öz öhdəliyini tam şəkildə yerinə yetirməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MMCdə xx.xx.2018-ci il tarixdə 3 ay müddətinə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. - İddiaçı məxsus 0139836№-li Əmək kitabçasının surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2021-ci il tarixli 98 K-Ç №-li Əmrdən və əmək müqaviləsi bildirişindən görünür ki, 98 K-Ç№-li, xx.xx.2021-ci il tarixli Əmrlə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. - xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, İddiaçı məxsus əmək kitabçası həmin tarixdə ona təhvil verilmişdir. - xx.xx.2018-ci il tarixli, 25/K №-li, xx.xx.2019-cu il tarixli, 14/M №-li, xx.xx.2019-cu il tarixli, 32/M №-li, xx.xx.2019-cu il tarixli, 50/M №-li və xx.xx.2020-ci il tarixli, 40/K №-li Əmrlərdən görünür ki, İddiaçı həmin tarixlərdə əmək məzuniyyəti hüququndan istifadə etmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı may 2020-ci ildən aprel 2021-ci il tarixə kimi 12 ay 12 ay ərzində tam ayların əmək haqqı cəmi 5866.59 (12 ay) : 12:30.4 = 16.08 (1 günlük orta əmək haqqı) xx.xx.2021-ci il tarixində əmək müqaviləsinə xitam verilib. Əmək müqaviləsinə xitam verilənədək işçinin istifadə etmədiyi məzuniyyət günlərinin sayı 23 gün təşkil edir. 2021-ci il üçün may ayı üçün işlədiyi günlərin sayı – 3 gün Oklad 319,55:17 (may ayına düşən iş günləri) * 3 gün (işlədiyi gün sayı) = 56.39 + 23 gün istifadə edilməmiş məzuniyyət 369.84 (23*16.08) = 1360.69 gross məbləğ (ödəniləcək 1218.21 net + aprel ayı əmək haqqı 405.6=1624.17 azn) - X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə "xxxx" MMC tərəfindən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq onun son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməmişdir. Bununla da yol verilmiş qanun pozuntusu ilə bağlı "xxxx" MMC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. - "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı məxsus bank hesabına "xxxx" MMC tərəfindən 1624,17 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - xx.xx.2021-ci il tarixli “X1 iştirak edilməməsi barədə” Arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, 10.00 saatlarında keçirilməsi nəzərdə tutulan X1 N.A.N.T” MMCnin nümayəndəsi iştirak etməmiş, lakin İddiaçı X1 iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator:R.Musa). - Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, 9/2636 №-li Ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan son haqq-hesab və bank çıxarış məlumatlarından göründüyü kimi İddiaçı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilərkən ona işdənçıxarma müavinəti və son haqq-hesab olaraq 1624,17 manat son haqq-hesab məbləğinin hesablanması və ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı cavabdeh müəssisədə xx.xx.2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlayaraq satış təmsilçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə İddiaçı öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. Həmin müddət ərzində xx.xx.2018-xx.xx.2021-ci illər ərzində məzuniyyət hüququndan istifadə etmişdir. Hazırda İddiaçı ona son haqq-hesabın az məbləğdə ödənildiyini iddia edərək son haqq-hesabın yenidən hesablanmasını və aradakı fərqin ona ödənilməsini tələb edir. Belə ki, iddiaçının dəlillərinə əsasən ona 799 manat ödəniş olunmuşdur, halbuki, 1800-2400 manat məzuniyyət pulu hesablanmalı idi. Cavabdeh iddiaya etiraz edərək iddia qaldırılana kimi iddiaçıya xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən ona məxsus bank hesabına "xxxx" MMC tərəfindən 1624,17 manat məbləğində pul vəsaiti köçürülməsini və qaldırılmış iddianın əsassız olmasını bildirir və məhkəmə yazılı surətdə müraciət edərək öz öhdəliyini tam şəkildə yerinə yetirməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi hallara dair təqdim etdiyi sübutlara qiymət verilməsi zərurəti ilə əlaqədar iş üzrə müvafiq ekspertiza təyin edilmiş və məhkəməyə təqdim edilən 09 dekabr 2022-ci il tarixli, 9/2636 №-li ekspert rəyindən də aydın olmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilərkən ona işdənçıxarma müavinəti və son haqq-hesab olaraq 1624,17 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Məhkəmə hesab edir ki, ekspert rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar, eləcə də ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə şübhələr müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, araşdırma zamanı iddiaçının əmək müqaviləsinə "xxxx" MMC tərəfindən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq onun son haqq-hesabının, eləcə də istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr sonuncu iş günü ona ödənilməməsi ilə bağlı hüquqlarının pozulması halı olsa da, faktiki olaraq bu ödənişlər gecikmə ilə də olsa ödənilməsi faktı öz təsdiqini tapmışdır. Qeyd edilən ödənişlərin sonuncu iş günü iddiaçıya ödənilməməsi ilə bağlı isə işin materiallarından göründüyü kimi artıq cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Başqa sözlə, ona işlədiyi illər üzrə əmək məzuniyyəti günləri üçün hesablanmış ödənişi və ona ödənilmiş son haqq-hesabı düzgün hesablanaraq verildiyi halda, bu ödənişlərin ona kəsrlə verilməsinə və bununla da cavabdeh tərəfindən hüquqlarının pozulmasına dair dəlillərinin əsaslı olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının əsassız olması nəticəsinə gəlir. Cavabdehin öz öhdəliyini tam şəkildə yerinə yetirməsi faktı öz təsdiqini tapsa da, Bu halın mövcudluğu iş üzrə icraata xitam verilməsi üçün deyil, qaldırılmış iddianın əsassız olduğu üçün rədd edilməsinə əsasdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hesablanmış ödənişin, ödənilmiş son haqqhesabın yenidən hesablanması və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-64/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-64/2023
21.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver