Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-643/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Sətləb qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialını və Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyini maraqlı şəxs qismində cəlb etdiyi «iş stajı faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialını maraqlı şəxs qismində qeyd etməklə, «iş stajı faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhər İcra Hakimiyyəti «Yaşıllıqtikinti» İdarəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə 16 fevral 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.1977-ci il tarixdən xx.xx.2001-ci il tarixə qədər Bakı şəhər İcra Hakimiyyəti «Yaşıllıqtikinti» İdarəsində briqadir (iş icraçısı) vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2022-ci ildə Bakı şəhəri Ziya Bünyadov 38, 4 saylı «Dost Mərkəzi» Sosial Təminat Agentliyinə təqaüdünün təmin olunması barədə müraciət etmişdir. Əsas məqsəd təqaüdünün 04 mart 2022-ci ildən qüvvədə qalması və hesablanmasıdır. O, 01 sentyabr 1979-cu il tarixdən 24 noyabr 2001ci il tarixədək dövlət idarələrində işləmişdir. Sonra isə bu günə qədər iş adamı kimi fəaliyyət göstərir. Axırıncı iş yeri «Yaşıllıqtikinti» idarəsi olub. Aylıq əmək haqqı 3.000 manatdan çox olub. Başqa ölkədə yaşayıb işlədiyi üçün həmin idarədən əmək kitabçasını almamışdır. Əmək fəaliyyətinin təsdiqlənməsi üçün o, işlədiyi təşkilatlara müraciət etmişdir. Əvvəlcə Qazax rayonu 2-ci Şıxlı kəndi Mehdi Hüseyn adına üzümçülük sovxozuna müraciət etmişdir. Oradan işlədiyi və hərbi xidmətdə olduğuna dair və hərbi xidmətdən sonra da həmin sovxozda işlədiyinə aid arxiv arayışı verilmişdir. Daha sonra Bakı şəhəri «Yaşıllıqtikinti» idarəsinə müraciət etmişdir. «Yaşıllıqtikinti» idarəsindən bütün sənədlərin Bakı şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verildiyi bildirilmiş və İcra Hakimiyyətinə müraciət etməsi tövsiyə olunmuşdur. O, bu məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə zəng vurmuşdur. Ona ərizə ilə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, ərizə ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Arxiv idarəsindən ona 28 gündən sonra cavab yazılaraq bildirilmişdir ki, arxivi su basması nəticəsində «Yaşıllıqtikinti» idarəsinin bütün əmək kitabçaları məhv olmuşdur. Bakı şəhəri 4 saylı «Dost mərkəzi»ndən ona zəng vuraraq bildirmişlər ki, məsələ ilə əlaqədar məhkəməyə müraciət etsin. O, 31 yanvar 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə 3-4 dəfə iştirak etmişdir. Axırıncı məhkəmə baxışı 23 sentyabr 2022-ci il tarixdə olmuşdur. İnzibati məhkəmədə 8-9 ay baxılmış və işə baxan hakim bildirmişdir ki, o, yaşadığı ünvandakı yerli məhkəməyə müraciət etməlidir. İşlədiyi müddətdə iş yoldaşlarından ən azı iki nəfər şahid olmalıdır ki, onun işlədiyi təsdiq olunsun. O, 03 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Hakim C.Musayeva xx.xx.2022-ci il tarixdə qərardad çıxararaq, bu işə Bakı İnzibati Məkəməsində baxılmasını göstərmişdir. O, yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu gün də, çoxsaylı həmkarları «Yaşıllıqtikinti» idarəsində çalışırlar. Sonuncular həmin müddətdə işlədiyini təsdiq edərlər. Bakı şəhərində bir çox parkların salınmasında onun çox böyük əməyi olmuşdur. Məsələn, Nəsimi rayonunda Sovet İttifaqı qəhrəmanı Rixard Zorqe parkının salınmasında. 1979-cu ildə Nəsimi rayonu keçmiş tramvay dairəsindəki parkı onun briqadası salmışdır. 1982-ci ildə 9-cu mikrorayonda 9 mərtəbəli binaların ətrafındakı ağacların hamısını özü əkdirmişdir. Ən əsası təzə Avtovağzalın ətrafındakı meşəni, Xocahəsən gölünün ətrafındakı meşəni, on illərlə salınmasında 50 % əməyi olmuşdur. Faktlar çoxdur. 9 ay ərzində əldə etdiyi bütün sənədləri məkəməyə təqdim etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatda bildirdi ki, ərizəni qəbul etmir. Belə ki, Ərizəçi iddia ərizəsində xx.xx.1977ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhər İcra Hakimiyyəti «Yaşıllıqtikinti» İdarəsində işlədiyini iddia edir. Arxivi su basması nəticəsində əmək kitabçasının məhv olduğunu bildirərək «Yaşıllıqtikinti» idarəsində işləməsi faktını təsdiq edən hər hansı bir sənəd olmamasını əsas gətirərək məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, Ərizəçi ərizəsi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qavdada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd edilən qanunvericilik normasının məzmunundan göründüyü kimi xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktlar müəyyən edilən zaman iki şərt nəzərə alınır: ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədənkənar qaydada əldə etməyin mümkün olmaması nəzərdə tutulur. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü halları iki qrupa bölünür: hüquqi əhəmiyyətli faktlar müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar; hüquqi əhəmiyyətli faktlar müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri (vermədikəri) hallar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək staiını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə evni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir; ən azı iki nəfər sahid olmalı; şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli): ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, sözügedən qərarın 3.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmədən ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialının nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, şahid X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi ilə Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyində bir yerdə işləmişdirlər. xx.xx.1984-cü ildən orada işləyir. Ərizəçi isə ondan neçə il qabaqdan orada işləmişdir. 2001-ci ilin aprel ayına kimi bir yerdə işləmişdirlər. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi ilə Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyində bir yerdə işləmişdirlər. 1978-ci ildən orada işləyir. Ərizəçi isə ondan qabaq orada işləmişdir. 2001-ci ilin aprel ayına kimi bir yerdə işləmişdirlər. Ərizəçi briqadir (iş icraçısı) vəzifəsində işləmişdir. İş materiallarına əlavə olunmuş əmək haqqında kitabçaların surətlərindən görünür ki, şahidlərin ifadələri mötəbər sübut növüdür. Belə ki, X2nun əmək kitabçasından göründüyü kimi, o, xx.xx.1978-ci il tarixdən başlayaraq iddiaçı ilə eyni idarədə işləmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 26 yanvar 2022-ci il tarixli R-2-112 saylı məktubundan görünür ki, Ərizəçi 06 yanvar 2022-ci il tarixli R-2-112 saylı ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsinin sənədləri 2016-cı ildə BŞİH-in arxivini su basması nəticəsində məhv olmuşdur. Ərizəçidən qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialının 16 mart 2022-ci il tarixli **********7 saylı məktubundan (yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə) görünür ki, ərizəçinin 4 saylı Bakı «DOST» Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, «X5» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta staj əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda. Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. «Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, əmək fəaliyyəti dövrləri məhkəmənin qanuni qüvvəyə minmiş qərari ilə təsdiq edildikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən ərizəçinin adında aktiv VÖEN hesabı (**********) olduğu, məşğul şəxs hesab edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. «İnzibati icraat haqqında» Azerbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda, qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olması ərizəçiyə izah edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, Ərizəçi həqiqətən xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhər İcra Hakimiyyəti «Yaşıllıqtikinti» İdarəsində briqadir (iş icraçısı) vəzifəsində işləmiş, lakin ona aid əmək kitabçası Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsinin sənədləri 2016-cı ildə BŞİH-in arxivini su basması nəticəsində məhv olduğundan, bu faktı digər qaydada təsdiq edən sənədləri əldə etmək mümkün deyildir. Bu səbəbdən, ərizəçi qeyd olunan dövr ərzində işləməsi faktını başqa qaydada müəyyən edə bilmir. «X5» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda,pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə , müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri, təqdim olunmuş sənədlərə təsdiq olundu ki, Ərizəçi xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhər İcra Hakimiyyəti «Yaşıllıqtikinti» İdarəsində briqadir (iş icraçısı) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhər İcra Hakimiyyəti «Yaşıllıqtikinti» İdarəsində briqadir (iş icraçısı) vəzifəsində işləməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Digər hissədə ərizə təmin edilə bilməz. Çünki, ərizəçinin iş yoldaşlarının əmək kitabçalarında olan qeydlər yalnız xx.xx.1978-ci ildən sonrakı dövrü əhatə edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhər İcra Hakimiyyəti «Yaşıllıqtikinti» İdarəsində briqadir (iş icraçısı) vəzifəsində işləməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-643/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-643/2023
20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver