Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-645/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun vəkili X9, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X8 iştirakları ilə İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (ilkin iddia iddia üzrə iddiaçı) İddiaçı qarşı "qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarılması tələbi"nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ASC-də sürücü işləməklə 1994cü il tarixdə cavabdeh olan Cavabdeh ASC-yə bir ədəd çek verməklə həmin cəmiyyətə səhmdar olmuşdur. Bu barədə nizamnamə tərtib edilsə də, iddiaçıya nizamnamə verilməmiş, yalnız hər altı aydan bir iclas olmaqla, iclaslarda olmuşdur. Bu müddət ərzində, yəni 1994-cü ildən 2020-ci il tarixə kimi iddiaçıya heç bir divident ödənilməmiş, 2020-ci ilin may ayında iddiaçıya 200 və 500 manat pul ödənilmişdir. Bu barədə cavabdeh təşkilat iddiaçıya rəsmi olaraq bildirmişdir ki, onların fəaliyyəti dayandırılmış, iddiaçıya dəymiş ziyan cəmiyyət tərəfindən tam ödənilmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya münasibətdə qanunvericilik prinsiplərin tələblərini gözləməmiş, qanunvericiliyin tələblərinə zidd olaraq dividentlərin iddiaçıya vaxtı-vaxtında ödənilməsi təmin edilməmişdir. Eləcə də cavabdeh təşkilat maliyyə vəziyyətinə dair iddiaçını qanunvericiliklə müəyyən edilmiş qaydada cavablandırmamış, şirkətin fəaliyyəti haqqında məlumat almaq hüququn məhdudlaşdırmışdır. Eyni zamanda, müəssisə fəaliyyətini dayandırsa, iddiaçının səhmdar kimi cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq hüququ vardır. Bu barədə müvafiq təşkilatlara müraciət edildikdən sonra Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(006)-5956/2016 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2(102)-462/2014 saylı qətnaməsinə əsasən Cavabdeh ASC ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən səhmdarlara dəymiş ziyanın ödənilməsi üçün müəyyən məbləğdə pul ödənilmişdir. Həmin pul üzrə səhmdarlara müəyyən məbləğdə ödənilməsi nəzərdə tutulsa da, bu günə kimi iddiaçıya ödəniş edilməmişdir. “Cavabdeh" ASC-nin səhmləri üzrə dividendlərin ödənişi ilə bağlı müraciətlər edilsə də, müəssisənin ziyanla işləməsi ilə əlaqələndirilmiş və iddiaçıya 2020-ci ilin may ayına kimi heç bir məbləğdə pul ödənilməmişdir. Cavabdeh ASC istehsal gücü kifayət qədər yüksək olmaqla uzun illər ziyanla işləyə bilməz. Lakin əsassız olaraq uzun illərdir ki, dividendlər iddiaçıya ödənilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən 1994-cü ildən hal-hazıra kimi ödənilməyən dividendlərin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti İddiaçı qarşı "qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarılması tələbi"nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin binası xx.xx.2012-ci il tarixində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş və söküntü üçün heç bir kompensasiya ödənilməmişdir. ASC hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmiş, xx.xx.2013-cü il tarixdə Nəsimi Rayon Məhkəməsi Cəmiyyətin xeyrinə 2(006)- 278/2013 saylı qərar qəbul etməklə ödəniləcək məbləğin Bakı şəhər İcra Hakimiyyətinin fondundan tutulmaqla Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən zərərin ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin də, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh ASC-nin cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və X3 qarşı “pulun tutulması tələbinə dair” iddiası təmin edilərək Azərbaycan Respublikası dövlət büdcəsi hesabına iddiaçı Cavabdeh ASC-yə 4.587.000 manat məbləğində pulun ödənilməsinin təmin edilməsi qət edilmişdir. Həmin qətnamə ilə də müəyyən edilmişdir ki, CavabdehSC-yə məxsus qeyri-yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi ilə əlaqədar Cavabdeh ASCyə kompensasiya kimi 4.587.000 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. X4 da Cavabdeh ASC-də 18 ədəd səhmi olduğu üçün məhkəmə qətnaməsinə əsasən dövlət tərəfindən ASC-yə ödənilən ziyanla bağlı kompensasiya məbləğindən onun payına düşən 0,0163%miqdarında, yəni 735 manat pul iki dəfəyə, yəni xx.xx.2019-cu il tarixdə 500 manat və xx.xx.2019cu ildə isə 235 manat ona ödənilmişdir. Bununla bağlı X10 xx.xx.2019-cu il tarixdə ASC-nin adına öz xətti ilə ərizə yazaraq göstərmişdir ki, aldığı 735 manatı ASC-nin binasının söküldüyünə görə ona məxsus olan 18 ədəd səhmin kompensasiyasıdır. X2 olduğu ASC faktiki mövcud deyildir və fəaliyyət göstərmir. Həmçinin, X10 da ASC-də olan səhmlərinə görə kompensasiyasını artıqlaması ilə almışdır. Lakin dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarılma üçün heç bir iş görmür. Əksinə, səhmlərinə görə ona düşən məbləği almasına baxmayaraq, ASC-yə qarşı 1994-cü ildən hal-hazıra kimi ödənilməyən dividendlərin ödənilməsi barədə əsassız iddia qaldırır. Halbuki, Cavabdeh ASC fəaliyyət göstərmədiyi üçün heç bir gəliri olmamış və buna görə hər hansı dividentdən söhbət gedə bilməz. X1 görə ona düşən məbləği almasına baxmayaraq, səhmdar kimi qiymətli kağız mülkiyyətçilərinin reyestrində adının qalmasından istifadə edərək məhkəməyə bu cür iddia qaldırması kimi hərəkəti hüquqdan suiistifadədir. Halbuki, qanunvericiliyə görə hüquqdan sui-istifadəyə yol verilmir. Göstərilənlərə əsasən X5 Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin qiymətli kağız mülkiyyətçilərinin reyestrindən Cavabdeh ASC-nin səhmdarı kimi adının çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun vəkili X13 ilkin iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini, qarşılıqlı iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X12 qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, ərizə təqdim edərək ilkin iddia tələbinə iddia müddəti tətbiq edilərək, tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "Cavabdeh" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məxaric xəzinə orderindən görünür ki, X11 "Cavabdeh" ASC-nin səhmdarı kimi binanın sökülməsi ilə əlaqədar ayrılmış puldan 500 manat almışdır. İş materiallarında olan "Cavabdeh" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məxaric xəzinə orderindən görünür ki, X11 "Cavabdeh" ASC-nin səhmdarı kimi binanın sökülməsi ilə əlaqədar ayrılmış puldan 235 manat almışdır. İş materiallarında olan X5 "Cavabdeh" ASC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizdə qeyd edilmişdir ki, ASC-də ona məxsus 18 ədəd səhm vardır. Bu səhmlərin hesabına bina söküldüyünə görə 747 manat kompensasiya hesablanmışdır. Bundan 1,6 bank faizi çıxıldıqdan sonra ona çatası 735 manatın 500 manatını xx xxxx 2019-cu il tarixdə, 135 manatını isə xx xxxxxx 2019-cu il tarixində almışdır. İş materiallarında olan "Cavabdeh" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, "Cavabdeh" ASC-nin 2002-ci ildən 2012-ci ilin aprel ayının 9-na kimi heç bir gəliri olmamış, qeyd edilən tarixdə isə ASC-nin inzibati binası Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Ona görə də həmin dövrlərdə səhmdarlara dividend ödənilməmişdir. İş materiallarında olan "Cavabdeh" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, X11 Bakı şəhəri, Xətai prospekti 42 ünvanında yerləşən "Cavabdeh" ASC-nin səhmdarı olmuşdur. O, "Cavabdeh" ASC-yə 18 ədəd səhm (0,0163%) qoymuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5956/2016 saylı qətnaməsi əsasında X6 düşən pay onun qoyduğu səhmin %-nə görə, yəni 0,0163%-ə 735 manatdır və həmin pulu xx xxxx 2019-cu ildə 500 manat, xx xxxxxx 2019-cu il tarixdə 235 manat (500+235) almışdır. Beləliklə, onun payına düşən 735 manat pulun hamısını almışdır. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 "Cavabdeh" ASC-də 18 ədəd səhmi olmuşdur. Həmin ASC-nin 2012-ci il tarixində sökülməsi ilə əlaqədar 4.587.000 manat kompensasiya hesablanmışdır. X4 da Cavabdeh ASC-də 18 ədəd səhmi olduğu üçün dövlət tərəfindən ASC-yə ödənilən ziyanla bağlı kompensasiya məbləğindən onun payına düşən 0,0163%- miqdarında, yəni 735 manat pul iki dəfəyə, yəni xx.xx.2019-cu il tarixdə 500 manat və xx.xx.2019-cu ildə isə 235 manat olmaqla, ona ödənilmişdir. Göründüyü kimi iddiaçının dividend tələb etdiyi "Cavabdeh" ASC fəaliyyət göstərmədiyi üçün heç bir gəliri də olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.7-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququ vardır. Həmin Məcəllənin 1077.1-ci maddəsinə əsasən səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Məhkəmə səhmdarın dividenti cəmiyyətin xalis mənfəətindən almalı olduğunu, xalis mənfəətin isə vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yarandığını nəzərə alaraq hesab edir ki, ASC fəaliyyət göstərmədiyi üçün cəmiyyətin səhmdarlara dividend verməyə xalis mənfəəti aşkar edilməmişdir. Mülki Məcəllənin 106-3.9-cü maddəsinə əsasən, əgər səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz. Bundan əlavə, ilkin iddia üzrə iddiaçı 1994-cü ildən hal-hazıra kimi ödənilməyən dividendlərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. xx.xx.2000-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi iddia müddəti 3 il müəyyən edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Eyni Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair ilkin iddia tələbi qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasn mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Eyni Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göstərilən Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti mövcud olmadığından, eyni zamanda İddiaçı tərəfindən ASC-də olan səhmlərinə görə kompensasiya aldığından, qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin qiymətli kağız mülkiyyətçilərinin reyestrindən "Cavabdeh" ASC-nin səhmdarı kimi adı çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin qiymətli kağız mülkiyyətçilərinin reyestrindən "Cavabdeh" ASC-nin səhmdarı kimi adı çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin qiymətli kağız mülkiyyətçilərinin reyestrindən "Cavabdeh" ASC-nin səhmdarı kimi adı çıxarılsın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-645/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-645/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver