Məhkəmə qərarları › İş №2(006)-6549/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6549/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6549/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə aktiv öhdəliyin olmaması barədə arayışın verilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3 MMC-yə qarşı «kredit müqaviləsi üzrə məlumatların reyestrdən silinməsi barədə məlumatın verilməsinin həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17.03.2015-ci il tarixli, İPK 06 saylı kredit müqaviləsinə əsasən iddiaçıya hazırda ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən ona altı ay müddətinə illik 24 faiz 80.000 euro məbləğində kredit verilmişdir. 13.07.2016-cı il tarixdə iddiaçı tərəfindən qeyd edilən banka 92.996,22 euro məbləğində ödəniş aparıldı və ona banka hər hansı bir borcunun olmadığı bildirilmişdir. Bir müddət sonra ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edilərək, iddiaçıdan qeyd edilən kredit müqaviləsi üzrə 22.097 euro, 8775 euro faiz borcu, cəmi 31.982 euro məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini öyrənmişdir. Həmin iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.11.2019-cu il tarixli 9636 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müqavilə müddətinin bitdiyi 17.09.2015-ci il tarixə iddiaçının Cavabdeh1 ASC-nə olan borcu 87.999,67 euro məbləğində müəyyən edilmiş, o cümlədən əsas kredit borcu 79.999,67 euro, faiz borcu 8.000 euro təşkil etmişdir. Həmçinin həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddiaçıya müqavilə müddətinin bitdiyi 17.09.2015-ci il tarixdən sonrakı müddətdə, yəni 13.07.2016-cı il tarixdə 92.996,22 euro ödəniş aparılmış və həmin ödəniş nəzərə alındıqda onun iddiaçıya olan borcu müəyyən edilmir, əksinə iddiaçı tərəfindən 4996,55 euro məbləğində artıq ödəniş aparılmışdır. Yasamal rayon Məhkəməsinin 2(004)-198/2019 saylı, 19.12.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiaçıya qarşı olan kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair iddiası rədd edilmişdir. Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5691/2020 saylı 05.03.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Yasamal rayon Məhkəməsinin 2(004)-198/2019 saylı, 19.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4654/2020 saylı, 27.10.2020-ci il tarixli qərarı ilə iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5691/2020 saylı 05.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yuxarıda qeyd etdiyi müvafiq məhkəmə qərarlarından sonra ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, Cavabdeh3 MMC-nin məlumat bazasında iddiaçının adına əks olunan kredit məlumatlarının silinməsini xahiş etmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğedicisi olan Əmanətlərin Sığortalanması Fondu iddiaçıya yazılı şəkildə bildirmişdir ki, sözügedən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Həmçinin həmin təşkilat tərəfindən ona yaranmış məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən ləğv prosesində olan Cavabdeh1 ASC ilə iddiaçı arasında bağlanmış 17.03.2015-ci il tarixli, İPK 06 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin Mərkəzi Reyestrində qeyd edilmiş məlumatların reyestrdən silinməsi barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi öhdəliyinin ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan Cavabdeh1 ASC ilə iddiaçı arasında bağlanmış 17.03.2015-ci il tarixli İPK 06 saylı kredit müqaviləsi üzrə aktiv öhdəliyinin olmaması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-6549/2021 saylı, 08.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı digər cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Cavabdeh3 MMC-yə qarşı tələbi müəyyən edilmədiyindən iddia tələbi onlara münasibətdə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddia tələbi qeyri müəyyən olduğundan və mübahisə olmadığından iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh3 MMC qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-198/2019 saylı 19.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 145 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, müqavilə müddətinin bitdiyi 17.09.2015-ci il tarixə İddiaçı Cavabdeh1 ASC-nə olan borcunun 87.999,67 euro məbləğində, o cümlədən əsas kredit borcu üzrə 79.999,67 euro, faiz borcu üzrə 8.000 euro olması, İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə müqavilə müddətinin bitdiyi 17.09.2015-ci il tarixdən sonrakı müddətdə, 13.07.2016-cı il tarixdə 92.996,22 euro məbləğində ödəniş aparılması və hazırda Cavabdeh1 ASC-nə borcunun olmaması, əksinə 4996,55 euro məbləğində artıq ödənişin aparıldığı müəyyən edilmişdir. İşin bu halları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin 18.11.2019-cu il tarixli, 9636 nömrəli ekspert rəyinə əsasən öz təsdiqini tapmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2691/2020 saylı, 05.03.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-198/2019 saylı 19.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4654/2020 saylı,27.10.2020-ci il tarixli qərarı ilə ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 05.03.2020-ci il tarixli 2(103)-2691/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş 29.06.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı 17.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 22.096,57 euro, kreditin faiz məbləği 25.881,81 euro təşkil edir. İş üzrə ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış 03.06.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış 17.03.2015-ci il tarixli 0-6-**********0000İ00007 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 80.000 avro məbləğində kredit verilmişdir. Birdirirlər ki, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırmış və Yasamal rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli, 2(004)-198/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.03.2020-ci il tarixli 2(103)- 2691/2020 saylı qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli, 2(004)-198/2019 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 27.10.2020-ci il tarixli 2(102)- 4654/2020 saylı qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 05.03.2020ci il tarixli 2(103)-2691/2020 saylı qətnaməsini qüvvədə saxlamışdır. Sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında 17.03.2015-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinə əsasən iddiaçıya 80.000 avro məbləğində kredit verilmişdir. Qanuni qüvvəyə minmiş Yasamal rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 ASC-yə borcun olmaması, əksinə 4996,55 avro məbləğində artıq ödənişin aparıldığı müəyyən edilərək, iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh3 MMC-nin çıxarışına əsasən iddiaçının 17.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 22.096,57 avro, kreditin faiz məbləği 25.881,81 avro təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 17.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmişdir və onun banka heç bir borc məbləği qalmamışdır. Lakin Cavabdeh3 MMC-dən verilən çıxarışda onun 17.03.2015-ci il tarixli müqaviləsi üzrə 22.096,57 avro kreditin qalıq məbləği və 25.881,81 avro faiz borcu olmasını qeyd edilmişdir. Bu səbəbdən müqavilə üzrə onun aktiv öhdəliyinin olmaması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Məhkəmə qeyd edir ki, borclu tərəfindən kredit müqaviləsi üzrə kreditor qarşısında olan öhdəliyin icra edildiyi öz təsdiqini tapmışdır və iddiaçının adının MKR məlumatlarına əsasən borcalanın aktiv öhdəlikləri siyahısında göstərilməsi iddiaçının bundan sonra digər banklardan kredit götürmək imkanını məhdudlaşdırılması ilə nəticələnəkdir ki, buda iddiaçının hüquqularının pozulması deməkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 17.03.2015-ci il tarixli, İPK 06 saylı kredit müqaviləsi üzrə aktiv öhdəliyinin olmaması barədə arayışın Cavabdeh3 MMC-yə verilməsi öhdəliyi ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 17.03.2015-ci il tarixli, İPK 06 saylı kredit müqaviləsi üzrə aktiv öhdəliyinin olmaması barədə arayışın Cavabdeh3 MMC-yə verilməsi öhdəliyi ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar