Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6570/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı *** Açıq Səhmdar Cəmiyyətinin cavabdeh A.S.A. qızına qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı *** Açıq Səhmdar Cəmiyyəti A.S.A. qızına qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, *** ASC tərəfindən cavabdeh A.S.A. qızına (abonent kodu: **********50) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 08 avqust 2021-ci il tarixinə 735,90 (yeddi yüz otuz beş manat, doxsan qəpik) manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri suölçən cihazın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana 05.03.2007-ci il tarixində MİNOL-15 markalı, ******* nömrəli suölçən cihaz quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borc yaranmışdır. *** ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 08 sentyabr 2021-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Göstərilənlərə əsasən cavabdeh A.S.A. qızından 735,90 (yeddi yüz otuz beş manat, doxsan qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin *** ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan *** ASC-nin 08.09.2021-ci il tarixli ətraflı abonent kartından görünür ki, A.S.A. qızının istifadə etdiyi xidmətlərə görə *** ASC-yə 735,90 (yeddi yüz otuz beş manat, doxsan qəpik) manat məbləğində borcu vardır. *** ASC-nin A.S.A. qızına ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, A.S.A. qızı borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, A.S.A. qızına *** ASC tərəfindən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə cavabdehin istifadə etdiyi xidmətlərə görə 735,90 (yeddi yüz otuz beş manat, doxsan qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan İstifadə Qaydaları”nın 4.1.3-cü bəndinə əsasən istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh A.S.A. qızından 735,90 (yeddi yüz otuz beş manat, doxsan qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 765,90 (yeddi yüz altmış beş manat, doxsan qəpik) manat məbləğində pul alınaraq iddiaçı *** ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh A.S.A. qızından 735,90 (yeddi yüz otuz beş manat, doxsan qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 765,90 (yeddi yüz altmış beş manat, doxsan qəpik) manat məbləğində pul alınaraq iddiaçı *** ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-6570/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6570/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver