Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-659/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1 iştirakları ilə İddiaçı X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh Məşdud Məsuliyyətli Cəmiyyətinə qarşı «müqavilənn ləğv edilməsi və pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh Məşdud Məsuliyyətli Cəmiyyətinə qarşı «müqavilənn ləğv edilməsi və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 53,32 kv.m. sahəsi olan, yaşayışa yararlı və 13.000 manat məbləğində dəyəri olan bir mərtəbəli fərdi yaşayış evinin üzərinə ikinci mərtəbənin tikilməsi və evin ümumi qaydada təmir edilməsi üçün Cavabdeh MMC direktoru cənab X8 ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsi əsasında razılaşmışlar. Həmin müqavilənin ümumi dəyəri 30.000 manat müəyyən edilmişdir və həmin məbləğin 5000 manatı müqavilə bağlanıldığı tarixdə Cavabdeh MMC direktoru cənab X3 müvafiq bank hesabına Milliön elektron ödəmə sistemi vasitəsilə ödənilmişdir. Qalan 25.000 manat vəsait isə müqaviləyə əsasən aylara bölünməklə cavabdeh tərəfə ödənilməlidir. Məcburiyyət qarşısında qalaraq Cavabdeh MMC-yə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə səbəb cavabdeh tərəfindən qanunsuz hərəkətlərə məruz qalmasıdır. Belə ki, Cavabdeh MMC ilə podrat müqaviləsi bağlandıqdan sonra, yəni xx.xx.2022-ci il tarixdə evinin 2-ci mərtəbəsi tikilməsi və təmiri üçün Cavabdeh MMC-nin direktoru cənab X4 təhvil vermişlər. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin direktoru cənab X3 rəhbərliyi ilə iddiaçının evi sökülmüş və evindən sökülmüş təxminən 4000 manat dəyərində ikinci əl tikinti materialları cavabdeh tərəfindən ötürülmüşdür. Bundan sonra aradan bir neçə gün keçməsinə baxmayaraq iddiaçının evinin tikintisi üçün heç bir iş görülmədiyindən narahat olub iddiaçı Cavabdeh MMC-nin direktoru X8 ilə telefon əlaqəsi saxlamış, tikinti işlərinın aparılmamasının səbəbini soruşmuşdur. Abid Əsədov tikinti işlərinin yaxın zamanlarda aparılacağını bildirsə də, hazırkı dövrədək evinin tikintisi üzrə heç bir iş görülməmişdır və artıq Abid Əsədov telefon zənglərinə cavab vermir. Cavabdeh MMC-nin direktoru X3 yuxarıda göstərilən qanunsuz hərəkətlərinə görə iddiaçı ağır maddi vəziyyətə düşmüşdür, hal-hazırda ailə üzvləri ilə birlikdə ayı 300 manat kirayədə qalır. Odur ki, Cavabdeh MMC-nin direktoru X3 qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi və cavabdehə ödənilmiş 5.000 manat pulun, həmçinin evindən sökülmə yolu ilə apardığı 4000 manatlıq tikinti materialının geri qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi Cavabdeh MMC iddiaçının marağına aid olan heç bir iş görməmişdir, əksinə evini sökərək sokulmuş materialları özü ilə aparmışdır. Cavabdeh MMC tərəfindən edilmiş qanununsuz hərəkətlərə hüquqi qiymət verilməsi üçün barədə Abşeron Rayon Polis İdarəsinə verilmiş şikayət ərizəsinə Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X5 baxaraq xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Cavabdeh MMC ilə xx.xx.2022-ci il ildə bağlanmış Podrat müqaviləsinin cavabdehin hərəkətsizliyinə və qanunsuz hərəkətlərinə görə ləğv edilməsi, evindən söküb apardığı materialların əvəzi olaraq 4000 manat pulun iddiaçıya qaytarılması, cavabdehə ödənilmiş 5000 manat pulun iddiaçıya geri qaytarılması, ödənilmiş 110 manat rüsumun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən 53,32 kv.m. sahəsi olan yaşayışa yararlı və 13.000 manat dəyərində olan birmərtəbəli fərdi yaşayış evinin üzərində 2-ci mərtəbənin tikilməsi və evin ümumi qaydada təmir olunması üçün Cavabdeh MMC-nin direktoru X8 ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsi əsasında razılaşma əldə olunmuşdur. Həmin müqavilənin ümumi dəyəri 30.000 manat müəyyən edilmiş və həmin məbləğin ilkin olaraq 5.000 manatı müqavilə bağlandığı tarixdə cavabdeh şirkətin direktoru X3 müvafiq bank hesabına “Milliön” vasitəsi ilə ödənilmişdir. Qalan 25.000 manat vəsaitin isə müqaviləyə əsasən aylara bölünərək ödənilməsi razılaşdırılmışdır. Ancaq cavabdeh şirkət üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Beləki, xx.xx.2022-ci il tarıxdə qeyd olunan ohdəliyin icrası üçün evi cavabdeh şirkətə təhvil vermişlər. xx.xx.2022-ci il tarixdə X3 rəhbərliyi ilə ev sökülmüş və evdən sökülmüş 4000 manat dəyərində ikinciəl tikinti materiallar cavabdeh şirkət tərəfindən götürülmüşdür. Bundan sonra bir müddət cavabdeh tərəfindən evin tikilməsi ilə əlaqədar heç bir tədbir görülmədiyindən xəbər tutaraq X8 ilə əlaqə saxlas da, o, ona yaxın vaxtlarda evin tikintisi üçün lazımi tədbirlərin görüləcəyini vəd etmişdir. Ancaq buna baxmayaraq bu günə kimi cavabdeh şirkət tərəfindən həç bir tədbir görülməmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan «Sifarişçi» qismində İddiaçı ilə «Podratçı» qismində Cavabdeh MMC-nin direktoru X8 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, Podratçı Sifarişçiyə məxsus ünvan 3 ünvanında yerləşən həyət evinin tikinti və təmir işlərinin aparılması məqsədilə müqavilənin 1 saylı Əlavəsində göstərilən təmir və abadlıq işlərinin icrasını öhdəsinə götürmüşdür.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən Podratçı işlərin icrasını müqavilənin 3.2-ci bəndində göstərilən ödəniş həyata keçirildikdən sonra 3 gün ərzində başlamalı və başlama tarixindən 70 iş günü ərzində sifarişçinin yeni tələbləri olmadığı halda tam yerinə yetirilməlidir.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin dəyəri (material və işçilik daxili) 30.000 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra, Sifarişçi təmir işlərinin aparılması üçün Podratçıya ilkin ödəniş olaraq 5000 manat ödəniş edir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə dəyərinin qalan hissəsi isə 25.000 manat təmir işləri təhvil verildiyi tarixdən 48 ay müddətində hər ay 520 manat ödəniş edir 10.İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəmə qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə X3 hesabına cəmi 5000 manat pul köçürülmüşdür. 11.İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 53,32 kv.m. sahəsi olan, yaşayışa yaralı və 13.000 manat məbləğində dəyəri olan bir mərtəbəli fərdi yaşayış evinin üzərinə ikinci mərtəbənin tikilməsi və evin ümumi qaydada təmir edilməsi üçün Cavabdeh MMC direktoru ilə bağlanmış xx.xx.2022-ci il tarixli Podrat müqaviləsinin icrasında üzrə yaranmış problemlərin məhkəmədən kənar həll edilməsini təklif edir. Əks halda müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
12. İş materiallarında olan Abşeron RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ilə Cavabdeh MMC-nin direktoru X4 aralarında yaranmış mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə İddiaçı (sifarişçi) ilə Cavabdeh MMC-nin direktoru X8 (podratçı) arasında podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən həyət evinin tikinti və təmir işlərinin aparılması məqsədilə təmir və abadlıq işlərinin icrasını öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən həmin işlərə görə sifarişçi podratçıya 30000 manat məbləğində pulun ödənilməsi, sifarişçi təmir işlərinin aparılması üçün podratçıya ilkin ödəniş olaraq 5000 manat ödəniş etməsi, qalan hissəsi isə 25.000 manat təmir işləri təhvil verildiyi tarixdən 48 ay müddətində hər ay 520 manat ödəniş etməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən müqaviləyə əsasən 5000 manat pul ödəmiş, lakin cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyi tam icra edilməmişdir. Hazırda iddiaçı podrat müqaviləsinin ləğv edilməsini, evindən söküb apardığı materialın əvəzi olaraq 4000 manat və cavabdehə ödənilmiş 5000 manat pulun tutulmasını xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci madəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
17. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
19. Tərəflər arasında bağlanılmış podrat müqaviləsinin 2.1-ci bəndinə əsasən podratçı işlərin icrasını müqavilənin 3.2-ci bəndində göstərilən ödəniş həyata keçirildikdən sonra 3 gün ərzində başlamalı və başlama tarixindən 70 iş günü ərzində sifarişçinin yeni tələbləri olmadığı halda tam yerinə yetirilməlidir.
20. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsində nəzərdə tutulmuş işlərin başlanılması üçün sifarişçi tərəfindən podratçıya 5000 manat məbləğində pul ödənilmişdir. Lakin podratçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən мüqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
24. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən тərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
25. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilədən imtinası cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olduğu üçün, yəni cavabdeh üzərinə götürdüyü işləri müəyyən olunmuş vaxt ərzində görmədiyi üçün və bu işlərin görülməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmadığı üçün, iddiaçı müqavilənin ləğv edilməsi və pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur.
26. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş ayrı-ayrılıqda olan ümumilikdə isə 5000 manat təşkil edən pul hazırki Cavabdeh MMC-yə ödənilmişdir.
27. Belə ki, podrat müqaviləsindən görünür ki, Cavabdeh MMC-nin hesabı "xxxx" ASC-də olmuş (həm şirkətin, həm də qanuni təmsilçinin hesabları üzrə) və həmin məbləğlər də sırf müqavilədə qeyd olunan hesablardan birinə köçürülmüşdür. (pulu qəbul edən şəxsin Cavabdeh MMC-nin qanuni təmsilçisi olması da həmçinin nəzərə alınaraq).
28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğv edilməsi və cavabdehə ödənilmiş 5000 manat pulun iddiaçıya geri qaytarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.
29. Məhkəmə iddia tələbinin evdən söküb apardığı materialların əvəzi olaraq 4000 manat pulun qaytarılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz.
30. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən evdən sökülmə yolu ilə 4000 manat məbləğində tikinti materialların apardığını göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, evdən söküb apardığı materialların əvəzi olaraq 4000 manat pulun qaytarılması hissəsində tələb təmin edilməməlidir.
31. Azərbaycan Respublikası MPM-nin 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3).
32. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
34. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
35. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır.
36. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
37. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsi ləğv edilməli, Cavabdeh MMC-dən 5000 (beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. «Dövlət rüsumu haqqında» AR Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir.
40. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (70 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov