Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6660/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı "öhdəliklərin icra edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı "öhdəliklərin icra edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrini əhatə edən 987-ci məhəllə, H.Ələsgərov küçəsi 31/33 ünvanında inşa edilmiş yaşayış binasında müqavilə əsasında dəyərini tam olaraq ödəməklə mənzillər almışlar. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrini əhatə edən 987-ci məhəllə, H.Ələsgərov küçəsi 31/33 ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin dəyərini qalıq olmadan 100% ödəmələrini təsdiq edən maliyyə arayışları mövcuddur. Lakin, qeyd edilən binanın 5 ildən artıqdır ki, inşa edilməsinə baxmayaraq hələdə mənzillər MTK tərəfindən sakinlərə təhvil verilməmişdir. Hazırda həmin binada heç bir təmir-inşaat işləri getmir. Habelə, həmin binada pəncərələrin çərçivələri qoyulsa da, şüşələnmə işləri aparılmayıb, binanın kommunikasiya xətləri isə tam birləşdirilməyib. Belə ki, binanın kanalizasiya, içməli su, işıq və qaz xətləri ana xətlərə birləşdirilməyib, lift sistemində, pilləkən və pilləkən qəfəslərində, mərətəbə hollarında işlər başa çatdırılmamış və MTK tərəfindən bina istismara qəbul üçün Dövlət qəbul komissyasına təqdim edilməmişdir. Dəfələrlə bununla bağlı iddiaçılar tərəfindən MTK sədrinə müraciət olunsa da, heç bir nəticə olmayıb. İddiaçlar hesab edir ki, Cavabdeh MTK tərəfindən binanın pəncərələrinin şüşələnmə işləri tamamlanmalı, kanalizasiya, içməli su, işıq və qaz xətləri ana xətlərə birləşdirilməli, lift sistemində, pilləkən və pilləkən qəfəslərində, mərətəbə hollarında işlər başa çatdırılmalı və bina istismara qəbul üçün Dövlət qəbul komissyasına təqdim edilməklə, dəyəri tam olaraq ödənilmiş mənzillər tam şəkildə təhvil verilməlidir. Hazırkı irəli sürülmüş iddia tələbələri binanın digər mülkiyyətçilərinin mənafeyinə və xeyrinə olduğu üçün, həmin tələbləri irəli sürməyə iddiaçıların subyektiv hüquqları var. Belə ki, müvafiq olaraq İddiaçı4 ilə 04.03.2021-ci il tarixli, İddiaçı5 ilə 25.02.2020-ci il tarixli, İddiaçı6 ilə 17.01.2014-cü il tarixli, İddiaçı3 ilə 04.10.2018-ci il tarixli, İddiaçı2 ilə 13.02.2018-ci il tarixli, İddiaçı1 ilə 31.05.2017-ci il tarixli ayrı-ayrılıqda Cavabdeh MTK ilə tərəflər arasında bağlanmış mənzil tikintisi haqqında müqavilələrə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrini kəsişdiyi 987ci məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının qeyd olunan iddiaçılara münasibətdə müvafiq olaraq 14-cü mərtəbəsində yerləşən 78 №-li, 2-ci mərtəbəsində yerləşən 1 №-li mənzilləri, 16-cı mərtəbəsində 2 otaqlı mənzili, 9-cu mərtəbəsində 43 №-li mənzili, mansard mərtəbəsində 80 m2 mənzili, 16-cı mərtəbə 90 №li mənzili iddiaçıların mülkiyyətinə verməyi, iddiaçılar isə, həmin mənziləri qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdələrinə götürürlər. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddət ərzində üzərinə düşən öhdəlikləri (kanalizasiya, içməli su, işıq və qaz xətləri ana xətlərə birləşdirilməyib, lift sistemində, pilləkən və pilləkən qəfəslərində, mərətəbə hollarında işlər başa çatdırılmamış və MTK tərəfindən bina istismara qəbul üçün Dövlət qəbul komissyasına təqdim edilməmişdir) icra etmədiyi üçün, həmin öhdəliklərin icra edilməsi vəzifəsi məcburi qaydada ona həvalə edilməlidir. Qeyd olunmalıdır ki, cavabdehin müqavilə ilə icra etmədiyi işlər həyati işlərdir, yəni binaya köçüb yaşamaq üçün zəruridir. Həmin işlərin görülməməsi binada yaşayışı qeyri-mümkünsüz edir, mənzil barəsində mülkiyyətçilərin istədiyi kimi sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən iddiaçılar hesab edir ki, bütün bunlara son qoyulmalı və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin məcburi qaydada icra edilməsi vəzifəsi qoyulmalıdır. Eyni zamanda qeyd olunur ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi iddiaçıların mülkiyyət hüquqlarını, yəni mənzil üzərində yaranmış istifadə və sahiblik hüquqlarını pozur. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Göründüyü kimi qanunun yuxarıda göstərilən tələblərinə əsasən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi iddiaçıların həm gözlənilən mülkiyyət hüquqlarını, eyni zamanda mənzil üzərində artıq yaranmış istifadə və sahiblik hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilən binanın pəncərələrinin şüşələnmə işlərinin tamamlanması, kanalizasiya, içməli su, işıq və qaz xətlərinin ana xətlərə birləşdirilməsi, lift sistemində, pilləkən və pilləkən qəfəslərində, mərətəbə hollarında işlərin başa çatdırılması və binanın istismara qəbul üçün Dövlət qəbul komissyasına təqdim edilməsi vəzifəsinin Cavabdeh MTK üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, texniki səhv nəticəsində cavabdehin adının səhv yazıldığını və cavabdehin adının Cavabdeh MTK kimi dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi (direktoru) X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən işlərin görülməməsinin müəyyən səbəbləri olmuşdur. Binanın ətrafında olan torpaq sahəsində gedən digər tikinti işlərinə görə məhkəmə mübahisəsi olmuş və tikinti işləri yarım qalmışdır. Pandemiyaya görə də tikinti işlərin görülməsi yubanmışdır. Binanın ümumi elektrik xətti yarımstansiyaya qoşulmuş, "xxxx" ASC-dən texniki baxış alınmış, suyun verilməsi üçün işlər görülür. Lift işlək vəziyyətdədir. Kanalizasiya xətləri isə müvəqqəti olaraq qoşulmuşdur. Həmçinin, İddiaçı4 evində təmir işləri görülür, digər iddiaçıların evləri isə artıq təmir olunmuşdur. Eyni zamanda, 2 il ərzində mənzilləri sahiblərinə təhvil verməli olduqlarını, hazırda tikinti işlərinin tamamlanması üçün işlərin görüldüyünü, yanvar ayına qədər yarım qalan işlərin tamamlanacağını bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı4 arasında 04.03.2021-ci il tarixdə, İddiaçı5 arasında 25.02.2020-ci il tarixdə, İddiaçı6 arasında 16.01.2014-cü il tarixdə, İddiaçı3 arasında 04.10.2018-ci il tarixdə, İddiaçı2 arasında 13.02.2018-ci il tarixdə, İddiaçı1 arasında 31.05.2017-ci il tarixdə ayrı-ayrılıqda bağlanmış mənzil tikintisi haqqında müqavilələrə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının müvafiq olaraq 14-cü mərtəbəsində yerləşən 78 №-li mənzilini, 2-ci mərtəbəsində yerləşən 1 №-li mənzilini, 16-cı mərtəbəsində 2 otaqlı mənzilini, 9-cu mərtəbəsində 43 №-li mənzilini, mansard mərtəbəsində 80 m2 mənzilini, 16-cı mərtəbəsində 90 №-li mənzili iddiaçıların mülkiyyətinə verməyi, iddiaçılar isə həmin mənziləri qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdələrinə götürürlər. Cavabdeh MTK tərəfindən İddiaçı4 04.03.2021-ci il tarixdə verilmiş, İddiaçı5 25.02.2020-ci il tarixdə verilmiş, İddiaçı6 17.01.2014-cü il tarixdə verilmiş, İddiaçı3 04.10.2018-ci il tarixdə verilmiş, İddiaçı2 15.02.2018-ci il tarixdə verilmiş, İddiaçı1 31.05.2017-ci il tarixdə verilmiş maliyyə arayışlarından görünür ki, payçılar tərəfindən mənzillərin dəyəri qalıq olmadan 100 % ödənilmişdir. Cavabdeh MTK ilə iddiaçılar arasında bağlanılmış mənzil tikintisi haqqında müqavilələrə əsasən kooperativ mənzillərin payçıların adına özəlləşdirilməsi üçün tələb olunan sənədləri təqdim etməyi, mənzillərdə yaşamaq üçün normal şəraitin yaradılması, həmin mərtəbəyə liftin qalxmasının təmini, ana xətdə su olmaq şərti ilə mənzillərin su, elektrik enerjisi və qaz ilə təmini, mənzilləri yaşamaq üçün sahiblərinə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qununla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən müqavilənin şərtlərinə əməl edilməmiş, götürdüyü öhdəliklər yerinə yetirilməmiş, iddiaçılara mənzillərində yaşamaq üçün normal şərait yaradılmamış və mənzillərin özəlləşdirilməsi üçün tələb olunan sənədlər təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilən binanın pəncərələrinin şüşələnmə işlərinin tamamlanması, kanalizasiya, içməli su, işıq və qaz xətlərinin ana xətlərə birləşdirilməsi, lift sistemində, pilləkən və pilləkən qəfəslərində, mərətəbə hollarında işlərin başa çatdırılması və binanın istismara qəbul üçün Dövlət qəbul komissyasına təqdim edilməsi vəzifələri Cavabdeh MTK-nın üzərinə öhdəlik kimi qoyulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilən binanın pəncərələrinin şüşələnmə işlərinin tamamlanması, kanalizasiya, içməli su, işıq və qaz xətlərinin ana xətlərə birləşdirilməsi, lift sistemində, pilləkən və pilləkən qəfəslərində, mərətəbə hollarında işlərin başa çatdırılması və binanın istismara qəbul üçün Dövlət qəbul komissyasına təqdim edilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə öhdəlik kimi qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-6660/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6660/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver