Məhkəmə qərarları › İş №2(006)-6668/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6668/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6668/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş ziyana görə 200 114 AZN məbləğində pul vəsaitinin və 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, Cavabdeh 05.01.2012-28.08.2015-ci illərdə İddiaçı ASC-nin (bundan sonra- ABB) Qaradağ filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmiş, xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, tamah məqsədilə rəsmi sənədləri oğurlamaqla məhv etmişdir. Cavabdeh törətdiyi əməllərlə bağlı cinayət təqibi aparılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-844/2017 saylı, 02.10.2017-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 313-cü, 326.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 2 il 6 ay müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi-məhsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Qeyd edilən hökmdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.03.2017-ci il tarixli 3200/4407/6884 saylı rəyinə əsasən Bankin rəydə qeyd edilən müştərilərinin adına rəsmiləşdirilmiş müvafiq bank sənədlərində imzaların onlara aid olmadığı müəyyən edilmişdir. Həmin imzaların Cavabdeh tərəfindən saxtalaşdırıldığı hökmlə təsdiq edilmişdir. Nəticədə imzalar saxtalaşdırılmaqla rəsmiləşdirilmiş kredit və zaminlik müqavilələri üzrə ABB-yə hökmün qəbul edildiyi tarixə ümumilikdə 200 114 AZN maddi ziyan vurulduğu müəyyən edilmişdir. Hökmlə həmin müştərilərin adına rəsmiləşdirilmiş kredit və zaminlik müqavilələrinin və digər bank sənədlərinin imzaların saxtalaşdırılması yolu ilə rəsmiləşdirildiyi öz təsdiqini tapdığından Bank həmin müştərilərdən hər hansı ödəniş tələb etmək üzrə subyektiv hüquqa malik deyil. Cavabdeh tərəfindən isə Banka vurulmuş maddi zərər bu günə qədər Banka ödənilməmişdir. Vurulmuş ziyan Banka ödənilmədiyindən Bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə-etiraz yazaraq bildirmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-844/2017 saylı, 02.10.2017-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2-ci, 313-cü, 326.1-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş, sonra cəzası 1 il azaldılaraq 10 ildə saxlanılmışdır. Bank ondan şikayət edən dövr eləcə də, istintaq zamanı ziyanın ödənilməsi ilə bağlı bankın nümayəndəsinə vaxt verilməsini xahiş etmişdir. Lakin məhkəmə bu imkanı yaratmamışdır. Həbsdə saxlanılmasını nəzərə alaraq zərəri ödəməsi üçün imkanı olmadığından iddia ərizəsinin baxılmamış saxlanılması və ya həbsdən azad edilənə qədər dondurulmuş saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2017ci il tarixli hökmünə əsasən Cavabdeh 178.3.2-ci, 313-cü, 326.1-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərədə tutulmasın Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddədə qeyd olunub ki, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəyə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı ASC-yə maddi zərər dəymişdir. Odur ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 200.114 manat əsas və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 200.114 (iki yüz min yüz on dörd ) manat əsas və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar