Məhkəmə qərarları › İş №2(006)-668/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-668/2024

06.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-668/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair" ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair" ərizə ilə məhkəməyə müraciət edərək, onun 1985-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1961 - ci il fevral ayının 20 - də Ermənistan SSRİ nin Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. X1, anası isə X3 olmuşdur. Ailədə 8 uşaq olmuşlar. 1978 - ci ildə Əzizbəyov kənd orta məkəbini bitirmişdir. 1979 - cu ildə hərbi xidmətə getmişdi. Hərbi xidmətini Rusiya SSRİ - nin Leninqrad şəhərində xidmət etmişdir. 1981 - ci ildə hərbi xidməti başa vurduqdan sonra yaşadığı Amasiya rayonunun Əzizbəyov kəndinə qayıtmışdı. İki il orada yaşadıqdan sonra 1983 cü ildə Zaqatala Paltexnik texnikomunun Sənaye və Mülki tikinti ixtisasına qəbul olunmuşdu. 1986 – cı ilə kimi həmin texnikomda oxumuş və oranı həmin ildə bitirmişdir. Texnikomda təhsil aldığı müddətdə qohumları yaşadığı Balakən rayonu Qullar kəndində yaşamışdır. 20 iyun 1985 - ci ildə Ermənistan SSRİ - nin Amasiya rayonunun Əzizbəyov kəndindən qeydiyyatdan çıxmışdır. 23 avqust 1985 - ci ildə daimi yaşadığım Balakən rayonu Qullar kəndinə qeydiyyata alınmışdır. 21 yanvar 1987 - ci il tarixində həmin ünvandan qeydiyyatdan çıxaraq ünvan 1qilliyi dövründə isə Azadlıq küçəsi hazırki isə Heydər Əliyev prospekti 41 saylı evin 11 saylı mənzilində qeydiyyata alınmaqla yaşamışdır. Onu da qeyd edir ki, bu günə olan müddətdə qədər o, SSRİ- nin İİİ-СЛ № 637656 seriyalı pasportu ilə yaşamıdır. 1986 - cı ildə Balakən rayonunda yaşayan qohumu X6 ilə ailə həyatı qurmuşdur. Bu barədə Balakən rayonu Qullar kənd VVAQ şöbəsindən 11 fevral 1986 - cı il tarixli İİİ - ЖГ № 436272 seriyalı nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan 3 qız övladları anadan olmuşdur. Hazırda övladlarının hər biri ailəlidir. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyirəm ki, 2008 ci ilin əvvəlinə kimi onlar ailəvi olaraq Balakən rayonunda daimi yaşamışlar. 2008 – ci ilin əvvəlindən isə həyat yoldaşı X2 adına Bakı şəhərində aldıqları ünvan 2 ünvanında bu günə kimi yaşamaqdadılar. Ailə üzvləri ölkə vətəndaşı olduğu üçün onlar sözügedən ünvan üzrə qeydiyyata alınmış olsalar da, onun Azərbaycan dövlətinə vətəndaşlığı bu günə kimi tanınmadığı üçün qeydiyyatı mümkün olmamışdır. Bu faktı Balakən rayon mənzil istismar sahəsi sahəsinin xx.xx.2023 -cü il tarixli 04 saylı arayışı, Bakı Şəhəri, Nəsimi rayon 65 saylı Mənzil – Kommunal istismar sahəsinin xx.xx.2023- cü il tarixli 93saylı arayışı və SSRİ- nin İİİ-СЛ № 637656 seriyalı pasportunda qeydiyyat haqqında məlumatlar təsdiq etməkdədir. Qeyd etmək istəyir ki, ölkəmiz 1991-ci ildən müstəqil olmasına baxmayaraq o, 2022-ci ilə qədər heç bir zaman vətəndaşlığının tanınması barədə aidiyyatı orqanlara müraciət etməmişdir. Ömrünün çox hissəsi bazarlarda piştaxta arasında satıcılıq etməklə keçib. Heç bir zaman rəsmi işlər üzrə hər hansı məsələsi olmamışdır. O da həqiqətdir ki, həyat yoldaşı dəfələrlə şəxsiyyət vəsiqəsi məsələsinin həll olunmasını ondan tələb etsə də bu məsələyə hər zaman biganə yanaşmışdır. Hətta Bakı şəhərinə köçdükdən sonra belə yenidən bazarda satıcı olaraq öz işinə davam etdiyindən, sonradan da şəxsi evlərdə santexnik kimi xidmət göstərməyi ona bu işin həll olunmasına arxayın salaraq bu günə kimi zamanı uzatmışdır. Onu da bildir ki, o, 1983-cü ildən bu günə kimi Azərbaycan Respublikasının ərazindən heç bir zaman çıxmamış, yuxarıda qeyd etdiyi ünvanlarda ailsi ilə birlikdə yaşamışdır. Ölkəmizdə dövlət və bəzi özəl səhiyyə sektoru sığorta hesablı olmuşdur. 2022-ci il tarixdə səhətində yaranmış bəzi narahatlıqlarla bağlı müxtəlif həkimlərə sığorta hesabına müraciət etsə də onun ölkə vətəndaşlığı olmadığı üçün bundan imtina olunmuşdur. Ermənistan SSRİ - nin Amasiya rayonunun Əzizbəyov kəndində doğulsa da milliyət olaraq Azərbaycanlı olmuşdu və 1983 - cü ildən 1991-ci ilin 18 oktyabrınadək Azərbaycan SSRİ-nin ərazisində, 1991-ci ilin oktyabr ayının 18 - dən müstəqil Azərbaycan Respublikasının ərazisində rəsmi qeydiyyatda olmaqla faktiki olaraq vətəndaş kimi, lakin rəsmi olaraq vətəndaşlığı olmayan şəxs kimi yaşamışdır. 2022-ci ilin mart ayında tərəfindən iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası, Dövlət Miqrasiya Xidmətinə ölkə vətəndaşlığına mənsubiyyətinin olmasına dair müraciət edilsə də, heç bir əsas olmadan xx.xx.2022 - ci il tarixdə bundan imtina olunmuşdur. Buna baxmayaraq bu məsələnin əlavə sübutlar əsasında yenidən araşdırılması məqsədilə tərəfindən Dövlət Miqrasiya Xidmətinə xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. İş üzrə maraqlı şəxsin ona göndərmiş olduğu xx.xx.2023-cü il tarixli 3-37/2-B-18/26-1-01-1837/2023 saylı məktubu ilə bildirilmişdir ki, hazırkı məsələ üzrə onun 1985-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmama faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Bu faktın bu günə kimi müəyyən edilməməsi bir vətəndaş olaraq bir sıra hüquqlarının həyata keçirilməsinə maneə yaratmaqdadır. Daha sonra ərizəçi İddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onun 1983-cü il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və hazırda heç bir dövlətin vətəndaşlığına mənsub olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətininin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.1961-ci il tarixli, 404522 saylı doğum haqqında tibbi şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961ci ildə Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. İş materiallarında olan Zaqatala Texnikomonun ИТ 022043 saylı diplomunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 31 mart 1986-cı ildə ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan НЗ ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1979-cu ildən 1981-ci ilədək Leninqrad şəhərində xidmət etmişdir. İş materiallarında olan Balakən rayonu Qullar kənd VVAQ şöbəsinin 11 fevral 1986cı il tarixli İİİ-ЖГ 436272 seriyalı nikah şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 11 fevral 1986-cı ildə nikah bağlamış və həmin nikah 07 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Balakən rayonu mənzil istismar sahəsinin xx.xx.2023-cü il tarixli 04 saylı arayışından görünür ki, İddiaçı Balakən rayonu əvvəlki Azadlıq küçəsi 41/11 indiki H.Əliyev prospekti 41 saylı binanın 11-ci mənzilində 1988-ci il tarixindən qeydiyyatda olmuşdur. İş materiallarında olan SSRİ-nin İİİ-СЛ 637656 seriyalı pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, qeydiyyat haqqında məlumatlar təsdiq etməkdədir. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayon 65 saylı Mənzil-Kommunal istismar sahəsinin xx.xx.2023-cü il tarixli 93 saylı arayışından görünür ki, İddiaçı 2008-ci ildən qeydiyyatsız H.Seyidzadə küçəsi, 18 saylı evin 70-ci mənzilində yaşayır. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından və xx.xx.2023-cü il tarixli, 3-37/2-B-18/26-1-01-1837/2023 sayl məktubundan görünür ki, xx xxxxxx 1961-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hazırki işdə ərizəçi əlində olan heç bir dövlətin vətəndaşı olmadığını və daima Azərbaycan Respublikasında yaşamış olmasını kifayət qədər əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsin əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanununun 14-cü maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Mülki iş materialları ilə sübut olunur ki, ərizəçi İddiaçı heç bir dövlətin vətəndaşı deyil və 1983-cü ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, İddiaçı 1983-cü il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, İddiaçı 1983-cü il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307-ci maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. İddiaçı 1983-cü il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar