Məhkəmə qərarları › İş №2(006)-6723/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6723/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6723/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X1 nümayəndəsi və vəkili Vəkil2 Rüfət oğlunun, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İlkin iddia üzrə iddiaçı X1 ilkin iddia üzrə Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X2 qarşı «girov biletinin etibarsız hesab edilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi altında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkarlıq fəaliyyətinin əsas istiqaməti lombard kreditinin verilməsidir. Belə ki, Cavabdeh ailəsi ilə uzun müddət davam edən tanışlıq münasibətləri vardır. Bu səbəbdən Cavabdeh çox ciddi maliyyə sıxıntıları olmasına görə iddiaçıdan ona girov qoymadan borc pul verilməsini xahiş etmişdir. Bu məqsəd ilə iddiaçı Cavabdeh ƏİX seriyalı, 310717 nömrəli, 03 fevral 2021-ci il tarixli "Girov bileti əsasında 220.000 manat borc pul vermişdir. Həmin vəsait iki ay müddətində iddiaçıya geri qaytarılmalıdır. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri icra etməkdən imtina etmişdir. İddiaçı bu səbəbdən məcbur qalıb pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda Cavabdeh iddiaçıya olan borcu 220.000 manat təşkil edir. Bu borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh ödənilməli olan 220.000 manat məbləğində borcun və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, Cavabdeh X2 qarşı «girov biletinin etibarsız hesab edilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onun çox ciddi maliyyə sıxıntıları olması səbəbindən özünə məxsus qızıl-zinət əşyalarını girov qoymaqla lombarddan kredit götürmək qərarına gəlmiş və nəticədə özünü lombard kreditlərinin verilməsi ilə məşğul olan şəxs kimi tanıdıqları oğlunun tanışı olan cavabdeh (iddiaçı) Əkbər Həsənova müraciət edərək 150.000 (bir yüz əlli min) manat ona kredit verilməsini istəmişdir. Cavabdeh lombard kreditinin verilməsi üçün anası X4 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzilin girov qoyulmasını ondan tələb etmişdir, lakin daşınmaz əmlakların lombard girovu qoyulması mülki qanunvericiliyin tələblərinə zidd olduğundan lombard fəaliyyəti ilə məşğul olan iddiaçı Əkbər Həsənov onlardan anası Zoya Bədəlovanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzili onun adına alqı-satqı etməsini və bunun müqabilində 150.000 manat kredit verilməsini və 150.000 manatın faizi ilə birlikdə 220.000 manatın ona qaytarılacağı halda mənzili onlara geri alqısatqı edəcəyini təklif etmişdir. İddiaçı çox ciddi maliyyə sıxıntılarının olması səbəbindən bu təklifi qəbul etmək məcburiyyətində qalmış və nəticədə anası X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzili ünvan 2 kontorunda 03.11.2020-ci il tarixdə AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 100.000 (bir yüz min) manata iddiaçı Əkbər Həsənova alqı-satqı etdi və həmin alqı-satqı müqaviləsi əsasında 11.11.2020-ci il tarixdə Əkbər Həsənova Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2021-ci ilin fevral ayında iddiaçı cavabdeh Əkbər Həsənovla danışıq apararaq ona alqı-satqı edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzilin anasına məxsus olduğunu və həmin evi qaytararaq onun Əkbər Həsənova 220.000.00 (iki yüz iyirmi min) manat borcun etiraf edilməsi haqqında Əkbər Həsənovla notariat kontorunda kredit müqaviləsi bağlanmasını ondan xahiş etdi, lakin Ə.Həsənov notariat kontorunda borc müqaviləsinin bağlanması ilə bağlı dövlət rüsumu ödəyəcəyini bildirərək, həmin borcun lombard krediti kimi girov bileti əsasında verilməsini ondan tələb etdi və razılaşdılar. Aralarında olan razılaşmaya əsasən güya Əkbər Həsənov sahibkarlıq fəaliyyətinin əsası kimi lombard kreditlərinin verilməsi üçün aralarında 150.000 (bir yüz əlli min) manat borcun qarşılığı olaraq 220.000 (iki yüz iyirmi min) manat borcun olması ilə bağlı lombard müqaviləsi bağladılar. Amma buna baxmayaraq, Əkbər Həsənov aralarında olan şifahi razılaşmaya əsasən anası Zoya Bədəlovaya məxsus evi geri qaytarmadı və buna əsas kimi onlara borc verdiyi 150.000 (bir yüz əlli min) manat borcun qarşılığı olaraq 220.000 (iki yüz iyirmi min) manat faiz borcunun hesablandığını və həmin məbləği də onlardan tələb etdiyini bildirdi. Beləliklə girov müqaviləsini Əkbər Həsənova verilmiş 150.000 manat borcun qarşılığı olaraq girov qismində öz adına 03.11.2021 tarixdə alqısatqı etdiyi və 11.11.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əldə edərək çıxarış aldığı özünə məxsus mənzili 03.11.2021-ci il tarixdə girov bileti əsasında Cavabdeh mülkiyyəti kimi göstərib mənzili girov götürməsi onu göstərir ki, 220.000 manat borcun iddiaçıya verilməsinə dair ƏİX seriyalı, 3107717, 03.02.2021-ci il tarixli “Girov” bileti saxtadır və ondan 220.000.00 manat borc pulu tələbi ilə bağlı iddiası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən X1 iddiaçıya qarşı 220.000 (iki yüz iyirmi min) manat borc pulun verilməsinə dair 03.02.2021-ci il tarixli, ƏİX seriyalı, ******* “Girov” biletinin etibarsız hesab edilməsi və X1 iddiaçıdan 220.000 (iki yüz iyirmi min) manat borc tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X1 nümayəndəsi və vəkili Vəkil2 Rüfət oğlu ilkin iddianı müdafiə edərək, iddianın təmin olunması, qarşılıqlı iddianın isə əsassız hesab edilərək rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianı qəbul etməyərək, habelə qarşılıqlı iddia tələbini müdafiə edərək ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. İş materiallarında olan 03 fevral 2021-ci il tarixli, ƏİX 310717 saylı girov biletinin surətindən görünür ki, Cavabdeh həmin tarixdə ünvan 1-ni X2 girov kimi qoymuş və bunun müqabilində ona qeyd olunan lombard tərəfindən 220.000 manat məbləğində pul vəsaiti verilmişdir. İş materiallarındakı notariat qaydasında təsdiq olunmuş 03 noyabr 2021-cü il tarixdə ünvan 2 ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 X7 tərəfindən X2 100.000 manat məbləğinə satılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(006)-5292/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X7 və Cavabdeh iddiaçı X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan 3 otaqlı mənzildən çıxarılmaları, iddiaçı X1 mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinin (faktiki istifadə və sahiblik etməsi) təmin edilməsi qət edilmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Göstərilən Məcəllənin 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının anasına məxsus olmuş və daşınmaz əmlak hesab olunan ünvan 1 lombard olaraq fəaliyyət göstərən X2 220.000 manat pulun qarşılığında girov qoyulmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, girov əsas öhdəliyin təmini üsuludur. Rəsmi reyestrdə qeydiyyata alınmalı olan əmlaklar, o cümlədən hazırki işdə olduğu kimi mənzil girovun deyil, ipotekanın predmeti ola bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, girov biletində borcun təminatı kimi çıxış edən Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, 1 saylı evin 20 saylı mənzili alqı-satqı müqaviləsi əsasında X1 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qeyd olunan Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi X5 qanunvericiliyə əsasən daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini həyata keçilməli olduğu halda, Cavabdeh verilmiş kreditin təmin edilməsi məqsədilə daşınmaz əşyanı girov kimi qəbul etmişdir. Bu hal 03.02.2021-ci il tarixli, ƏİX seriyalı, ******* saylı girov biletinin etibarsız hesab olunması üçün əsas hesab olunmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, girov biletinin təmini üsulu kimi çıxış edən daşınmaz əmlak alqı-satqı müqaviləsi əsasında X1 adına rəsmiləşdirilmişdir. Belə olan halda, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməli, X1 Cavabdeh qarşı 220.000 (iki yüz iyirmi min) manat borc pulun verilməsinə dair 03.02.2021-ci il tarixli, ƏİX seriyalı, ******* saylı girov bileti etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı X1 ilkin iddia üzrə Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X2 qarşı «girov biletinin etibarsız hesab edilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. X1 Cavabdeh qarşı 220.000 (iki yüz iyirmi min) manat borc pulun verilməsinə dair 03.02.2021-ci il tarixli, ƏİX seriyalı, ******* saylı girov bileti etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar