Məhkəmə qərarları › İş №2(006)-689/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-689/2021

31.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-689/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 oğlunun, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı1 Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbi»nə; müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 cavabdeh İddiaçı1 qarşı "cehiz əşyalarının evdən çıxarılması tələbi"nə dair iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 22.09.2013-cü ildə rəsmi nikaha girib, onun Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi- 1061, ev 6, mənzil 31-də yerləşən yaşayış sahəsinə köçmüş, keçən ilin payızına kimi, yəni onunla münasibəti pozulana kimi həmin mənzildə onun ailə üzvü qismində yaşamışdır. Tərəflərin birgə nikahdan 13.10.2014- cü il təvəllüdlü Xədicəxanım Məmmədzadə və 04.04.2016-cı il təvəllüdlü Fatiməxanım Məmmədzadə adlı iki uşaqları var. Uşaqlar həmin mənzildə yaşadıqları zaman doğulmuşlar. Həmin mənzil dövlət reyestində qeydə alınmadığından Cavabdeh, özünün deməsinə görə, yalnız mənzilə ilkin alqı-satqı müqaviləsi bağlayıb, evin dövlət reyestində qeydiyyata alınmasını gözləyir. İddiaçının Daşınmaz əmlakın dövlət reyestri xidmətindən aldığı məktubda da evin dövlət qeydiyyatına alınmaması bildirilmişdir. Ötən il tərəflər arasında ziddiyyət yarandığından onlar faktiki ayrılmışlar, nikahları Goranboy Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Göstərilənlərə əsasən iddiaçının uşaqları Xədicəxanım Məmmədzadə və Fatiməxanım Məmmədzadə ilə Bakı şəhəri, Həsən Əliyev küçəsi 1061, ev 6, mənzil 31-də yerləşən yaşayış sahəsinə köçürülmələri barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 cavabdeh İddiaçı1 qarşı "cehiz əşyalarının evdən çıxarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 yuxarıda göstərilən ünvan üzərində mülkiyyət hüququ olmaqla 05.09.2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatına alınmışdır. Həmin evdən 2014-cü ildə qardaşı və onun həyat yoldaşına müvəqqəti yaşaması üçün icazə vermişdir. İddiaçı1 İddiaçı2 qardaşı Cavabdehla ailə münasibətlərinə girmiş və birgə nikahlarında iki uşaqları anadan olmuşdur.Hazırda tərəflər arasında nikah Goranboy Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdehin hazırda cehiz əşyaları İddiaçı2 evində qalmaqla mülkiyyət hüququnu məhdudlaşdırır. Dəfələrlə həmin əşyaların gəlib götürülməsini xahiş etsə də, hazırkı vaxta kimi əşyalarını götürmür. Belə ki, cavabdehə məxsus adı çəkilən həmin cehiz əşyaları bunlardır: divan -2 ədəd kiçik, böyük 1 ədəd, 1 ədəd kreslo, 1 ədəd stol (jurnalnı), 1 ədəd televizor altlığı, 1 ədəd şkaf, 1 ədəd kamot güzgüsü, 1 ədəd stol dəsti (6 stulla birlikdə), 9 ədəd kiçik vaza və 1 ədəd böyük vaza (meyvə qabı), 1 ədəd kofe dəsti (12 fincanla birlikdə), 4 ədəd süfrə (skater), 1 ədəd tozsoran maşını, 1 ədəd paltar şkafı 5 qapılı, 1 ədəd iki nəfərlik çarpayı, 2 tunba, 1 kamot güzgü, 1 stolu, 1 ədəd uşaq çarpayısı və tumbuçkası, 5 ədəd yastıq, 4 ədəd –örtük (ədyal), 1 ədəd ütü altlığı, 6 ədəd don və jaket, 1 ədəd kurtka, 3 ədəd şalvar, 1 ədəd şkaf uşaq üçün 3 qapılı, 3-4 dəst paltar uşaq üçün, 1 ədəd uşaq arabası, 7 dəstə xalça (3 ədəd kiçik və 4 ədəd orta), 1 ədəd döşək, 1 ədəd pərdə, 1 ədəd soyuducu (sarp) 2 qapılı, 1 ədəd paltar yuyan maşını, 1 ədəd qabyuyan, 1 ədəd stol, 4 ədəd stul, 2 qazan dəsti, 1 boşqab dəsti, uşaq üçün ayaqqabı, 2 cüt papaq, 6-cüt qadın ayaqqabıları. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməklə, İddiaçı1 məxsus adı çəkilən hazırda mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 6 mənzil 31-də yerləşən cehiz əşyalarının evdən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı1 tələbinin təmin edilməməsini, öz iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə olan sübutlara qiymət verərək belə hesab edir ki, İddiaçı1 iddia ərizəsi təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 iddia ərizəsi təmin edilməlidir. İşin materiallarında olan Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 20.07.2020-ci il tarixdə verilmiş AZ-T № 131603 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 04 oktyabr 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı1dır. İşin materiallarında olan Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 20.07.2020-ci il tarixdə verilmiş AZ-T № 131604 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 04 aprel 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı1dır. İş materiallarında olan Goranboy Rayon Məhkəməsinin 2(045)-1220/2019 saylı, 05.12.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı1 arasında 22 noyabr 2013-cü il tarixdə bağlanmış və Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanması haqqında akt qeydləri kitabında 840 sayla qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra 04 oktyabr 2014-cü il təvəllüdlü X2 və 04 aprel 2016-cı il təvəllüdlü X4 anaları İddiaçı1 yanında qaldıqlarının müəyyən edilməsi, Cavabdeh 05.12.2019-cu il tarixdən başlayaraq, hər ay 04 oktyabr 2014-cü il təvəllüdlü X2 və 04 aprel 2016-cı təvəllüdlü X1 ötrü hər biri üçün 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı1 verilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra olunması qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 1061-ci məhəllə, ev 6, mənzil 31 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 43,M11, m1) İddiaçı2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində reyestr kitabında ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə, İddiaçı1 iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki işdən göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri 2013-cü ildə yarandığından Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Digər tərəfdən, mənzilə köçürülmə tələbi Cavabdeh qarşı irəli sürülmüşdür ki, həmin şəxs iş üzrə cavabdeh ola bilməz, çünki yuxarıda qeyd olunduğu kimi mübahisəli mənzilin mülkiyyətçisi deyildir. Belə olan halda, göstərilənlərdən aydın olur ki, İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 1061-ci məhəllə, ev 6, mənzil 31-ə dair istifadə hüququnu əldə etməmişdir. İddiaçı mübahisəli mənzildən istifadə hüququnu əldə etmədiyinə görə də onun yaşayış sahəsinə köçürülmə haqqındakı iddia tələbi təmin edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 mülkiyyətçi İddiaçı2 qanunvericiliklə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs deyildir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 iddia tələbi təmin edilməməlidir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mübahisələndirilən mənzil İddiaçı2 mülkiyyəti olduğundan İddiaçı1 məxsus cehiz əşyalarının həmin mənzildə qalması İddiaçı2 mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 "cehiz əşyalarının evdən çıxarılması tələbi"nə dair iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı1 Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbi»nə dair iddia tələbi təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 cavabdeh İddiaçı1 qarşı "cehiz əşyalarının evdən çıxarılması tələbi"nə dair iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 6 mənzil 31-də yerləşən cehiz əşyaları - divan -2 ədəd kiçik, böyük 1 ədəd, 1 ədəd kreslo, 1 ədəd stol (jurnalnı), 1 ədəd televizor altlığı, 1 ədəd şkaf, 1 ədəd kamot güzgüsü, 1 ədəd stol dəsti (6 stulla birlikdə), 9 ədəd kiçik vaza və 1 ədəd böyük vaza (meyvə qabı), 1 ədəd kofe dəsti (12 fincanla birlikdə), 4 ədəd süfrə (skater), 1 ədəd tozsoran maşını, 1 ədəd paltar şkafı 5 qapılı, 1 ədəd iki nəfərlik çarpayı, 2 tunba, 1 kamot güzgü, 1 stolu, 1 ədəd uşaq çarpayısı və tumbuçkası, 5 ədəd yastıq, 4 ədəd –örtük (ədyal), 1 ədəd ütü altlığı, 6 ədəd don və jaket, 1 ədəd kurtka, 3 ədəd şalvar, 1 ədəd şkaf uşaq üçün 3 qapılı, 3-4 dəst paltar uşaq üçün, 1 ədəd uşaq arabası, 7 dəstə xalça (3 ədəd kiçik və 4 ədəd orta), 1 ədəd döşək, 1 ədəd pərdə, 1 ədəd soyuducu (sarp) 2 qapılı, 1 ədəd paltar yuyan maşını, 1 ədəd qabyuyan, 1 ədəd stol, 4 ədəd stul, 2 qazan dəsti, 1 boşqab dəsti, uşaq üçün ayaqqabı, 2 cüt papaq, 6-cüt qadın ayaqqabıları həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbi»nə dair iddia tələbi təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 cavabdeh İddiaçı1 qarşı "cehiz əşyalarının evdən çıxarılması tələbi"nə dair iddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 6 mənzil 31-də yerləşən cehiz əşyaları divan -2 ədəd kiçik, böyük 1 ədəd, 1 ədəd kreslo, 1 ədəd stol (jurnalnı), 1 ədəd televizor altlığı, 1 ədəd şkaf, 1 ədəd kamot güzgüsü, 1 ədəd stol dəsti (6 stulla birlikdə), 9 ədəd kiçik vaza və 1 ədəd böyük vaza (meyvə qabı), 1 ədəd kofe dəsti (12 fincanla birlikdə), 4 ədəd süfrə (skater), 1 ədəd tozsoran maşını, 1 ədəd paltar şkafı 5 qapılı, 1 ədəd iki nəfərlik çarpayı, 2 tunba, 1 kamot güzgü, 1 stolu, 1 ədəd uşaq çarpayısı və tumbuçkası, 5 ədəd yastıq, 4 ədəd –örtük (ədyal), 1 ədəd ütü altlığı, 6 ədəd don və jaket, 1 ədəd kurtka, 3 ədəd şalvar, 1 ədəd şkaf uşaq üçün 3 qapılı, 3-4 dəst paltar uşaq üçün, 1 ədəd uşaq arabası, 7 dəstə xalça (3 ədəd kiçik və 4 ədəd orta), 1 ədəd döşək, 1 ədəd pərdə, 1 ədəd soyuducu (sarp) 2 qapılı, 1 ədəd paltar yuyan maşını, 1 ədəd qabyuyan, 1 ədəd stol, 4 ədəd stul, 2 qazan dəsti, 1 boşqab dəsti, uşaq üçün ayaqqabı, 2 cüt papaq, 6-cüt qadın ayaqqabıları həmin mənzildən çıxarılsın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar