Məhkəmə qərarları › İş №2(006)-691/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-691/2024

16.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-691/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməsi ilə bağlı "xxxx" ASC-nin 29 sentyabr 2023-cü il tarixli, k/23 04763 nömrəli əmrinin ləğv edilməsi, onun X5 Təchizatı və satışı İdarəsininin X3 Paylayıcı şəbəkə sahəsinin bölməsində növbətçi elektrik montyoru işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 aprel 2015-ci il tarixdən "X5 təchizat və satış İdarəsininin X3 Paylayıcı şəbəkə sahəsinin bölməsində növbətçi elektrik montyoru işləmişdir. Onun heç bir təqsiri olmayan işlə əlaqədar olaraq onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə çıxaracaqları ilə hədələyərək məcbur edib 27 sentyabr 2023-cü il tarixdən işdən öz istəyi ilə azad olması ilə bağlı ərizəsini almışlar. Bundan sonra 29 sentyabr 2023-cü il tarixdə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə işdən azad etmişlər. İşlədiyi dövrdə həmişə nizam-intizamı ilə fərqlənmiş, barəsində işlədiyi müddətdə heç bir intizam tənbeh tədbiri seçilməmişdir. O, təsirlər nəticəsində işdən azad edilmişdir. Özü Qarabağ müharibəsi veteranıdır. Ailəsinin maddi vəziyyəti pisdir. Buna baxmayaraq ona təzyiqlərlə ərizə yazdırılmış və nəticədə işdən azad edilmişdir. O, 02 oktyabr 2023-cü ildə “Azərişıq" ASCnin sədrinə ərizəsinin əsassız hesab edilməsi və işinin davam etdirmək istəyi ilə bağlı müraciət göndərmişdir. Mediasiya təklifi göndərsə də, buna cavab verilməmişdir və 01 noyabr 2023~cü il tarixdə keçirilən mediasiya iclasında cavabdeh tərəfindən heç bir şəxs iştirak etməmişdir. Buna görə də müvafiq arayış verilmişdir. Cavabdeh bu əmrləri qəbul edərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 və 69 maddələrinin tələbləri kobud şəkildə pozmuşdur. Buna görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin normaları tətbiq edilməklə işə bərpa edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı öz arzusu ilə işdən azad olunması barədə ərizə təqdim etmiş və bunun əsasında işdən azad olunmuşdur. O, iddia tələbində göstərdiyi dəlillərə dair sübut təqdim etməmişdir və odur ki, onların heç bir hüquqi əsası yoxdur. Bu əsasla da iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin sədrinə ünvanlanmış ərizənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən səhhəti ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin sədri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli k/23-04763 saylı əmrin surətindən görünür ki, həmin əmr Qərb RETSİ-nin X3 YG yarımstansiyalar üzrə 35/10 kVF-luq Göyəzən y/st-nın növbətçi elektrik montyorunun əmək müaviləsinə öz xahişi ilə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (xx.xx.2023-xx.xx.2023-cü iş ilinə görə 9 t/g istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi və əmək haqqı) ödənilməsinin təmin edilməsi haqqında verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 76.1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmə araşdırmasında müəyyən olundu ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilməsinə əsas iddiaçının öz təşəbbüsü olmuş, o, işəgötürənə yazılı ərizə ilə müraciət etməklə “səhhəti ilə bağlı” onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, bunun əsasında da işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının işəgötürən tərəfindən aldadılaraq, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə çıxaracaqları ilə hədələyərək məcbur edib 27 sentyabr 2023-cü il tarixdən işdən öz istəyi ilə azad olması ilə bağlı ərizə yazdırması dəlilləri işin hər hansı halı ilə öz təsdiqini tapmamış, buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən işdən azad edilməsinə dair "xxxx" ASC-nin sədri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli k/23-04763 saylı əmrinin ləğv edilməsi üçün əsaslar mövcud olmadığından təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, bu hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar