Məhkəmə qərarları › İş №2(006)-695/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-695/2024

16.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-695/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi olmaqla, Cavabdeh Sədrəddin oğluna qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Sədrəddin oğluna qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və ailə üzvləri qızı İddiaçı3, oğlu İddiaçı2 ilə 1997-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 119-da yerləşən tikiş fabrikinin 1-ci mərtəbə 5-ci mənzildə yerləşən yataqxanada həm qeydiyyatda olub, həm də yaşayırlar. Ağdam rayonundan 1993-cü ildən məcburi köçkün olmuşlar. Ailə üzvü 4 nəfərdən ibarət olub. Amma xx.xx.2023-cü ildə yoldaşı İİ qrup Qarabağ əlili Hümbətəliyev Taleh vəfat etmişdir. Başları onun dəfn mərasiminə qarışdığı üçün rayonda olarkən evini Natiq adında şəxs zəbt edibdir. Evinə girmək istəyərkən onları döyüb təhqir etdi. İş Nəsimi rayon 20 saylı polis bölməsindədir. Buna baxmayaraq cavabdehin günahı üzündən mənzilini istifadə etmək hüququnu həyata keçirə bilmir. Küçələrdə qalmışdır. Belə ki, Natiq adlı şəxs zorakılıq tətbiq etdiyi üçün o, evinə girə bilmir. Yaşama hüququnun bərpa edilməsini xahiş edir. Daha sonra İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbinin yaşayış yerindən çıxarılması kimi qeyd edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə verərək, Cavabdeh Sədrəddin oğlunun Nəsimi rayonu, Mərdanov qardaşları 119 ünvanında tikiş fabrikinin yataqxanasının binasının 1-ci mərtəbə, 5-ci otağından çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 iddia tələbini müdafiə etmiş, bildirmişlər ki, cavabdehlə aralarında olan razılığa əsasən həmin otağı müvəqqəti olaraq onun istifadəsinə vermişlər, lakin sonradan cavabdeh otağa görə ödəniş etməmiş və cavabdehdən otağı tərk etmələrini tələb etmişlər, lakin cavabdeh bundan imtina etmişdir. Həmin otaqda onlar 1997-ci ildən məskunlaşmışlar, odur ki, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh Sədrəddin oğlu izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə həmin yataqxanada məskunlaşaraq yaşayır, iddiaçıların mübahisələndirdikləri otağı o, əvvəlcə kirayə götürmüşdür, sonradan isə Taleh Hümbətəliyevlə razılaşaraq həmin otağı Talehə müəyyən məbləğdə pul verməklə almışdır. Sonradan isə hazırki iddiaçılar ondan həmin otağın qaytarılmasını tələb etmişlər. Hazırda həmin otağın açarları ondadır, çünki o, həmin otağı Talehə pul verib almışdır. Cavabdeh iddiaya etiraz təqdim edən cavabdeh bildirmişdir ki, o, oğlu Xəzər Cabbarovu evləndirdikdən sonra onun üçün yaşayış sahəsi axtarırdı. Həmin vaxt qonşular ona bildirdilər ki, Talehin otağı neçə vaxtdır ki, boşdur. Onların bir neçə evləri var, onsuz da o otağı istifadə etmirlər, pul təklif eləsə, otağı ona satarlar. Nəticədə o, Talehlə görüşüb bu barədə danışdı. Taleh ona bildirdi ki, yoldaşı ilə danışıb, ona cavabını deyəcək. Bir neçə gündən sonra Taleh ona ailəlikcə razı olduqlarını bildirərək, otağın ona verilməsi üçün ondan 5000 manat pul istədi. Lakin onlar nəticə olaraq 4350 manata razılaşdılar və o, təxminən iyul-avqust aylarında ilkin olaraq 3000 manatı tanışları İsmayılov Mehmanın və Sarıyev Şəhadətin iştirakı ilə Talehə verdi. Qeyd edir ki, 1290 manat vəsaiti isə hissə-hissə oğlu Talehin oğlu olan İddiaçı2 əlbəəl və yaxud Kapital bank kartına ödəmişdir və axırıncı dəfə ödədiyi 100 manat bunun sübutudur. Hazırda Talehə 60 manat borcu var və o, həmin vəsaiti ödəməyə hazırdır. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı iddia ərizəsində bildirir ki, onların başı dəfn mərasiminə qarışdığı zaman o, otağı zəbt edib, lakin yuxarıda qeyd etdiyi, iddianın əsassız və yalan olmağını sübut edir. Təqdim etdiyi ödəniş qəbzindən açıqaşkar görünür ki, o, iddiaçının oğlu İddiaçı2 adına olan bank hesabına pul ödəmişdir, bu isə o deməkdir ki, bank hesabının nömrəsini ona onlar özləri veriblər. Onun bütün ödənişləri barədə iddiaçının xəbəri ola-ola iddiaçı ondan əlavə pul tələb edir və vermədiyi üçün yalançı iddia ilə məhkəməyə müraciət edir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin nümayəndəsi X12 izahatında bildirmişdir ki, hazırki iş üzrə tərəflər daha əvvəlki dövrlərdə məskunlaşmış şəxslər olduqlarından Komitə onların məskunlaşması ilə bağlı hər hansı fikir bildirə bilməz. Belə ki, şəxslər 90-cı illərdə yaşayış sahəsində məskunlaşmışlar və Komitənin bu iddia tələbi ilə bağlı bir mövqeyi mövcud deyildir. Komitə yalnız Dövlət Proqramı əsasında verilmiş mənzillərlə bağlı mübahisələrin tənzimlənməsində iştirak edir. Hazırki mübahisədə isə həmin otaqda tarix etibarilə daha əvvəl məskunlaşmış şəxs nəzərə alınmalıdır. İş materialları: Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nəsimi rayon sektorunun verdiyi xx.xx.2023-cü il tarixli, 862 nömrəli arayışdan görünür ki, İddiaçı1 Ağdam rayonundan məcburi köçkündür. İddiaçı1, İddiaçı2, İddiaçı3 Nəsimi rayonu, Mərdanov qardaşları 119 ünvanında müvəqqəti qeydiyyatdadırlar. Ailə 1997-ci ildən hal-hazıradək yuxarıdakı ünvanda məskunlaşmış və yaşamışlar. Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nəsimi rayon sektorunun verdiyi xx.xx.2023-cü il tarixli, 908 nömrəli Arayışdan görünür ki, Cabbarov X14 rayonundan məcburi köçkündür. Cavabdeh Sədrəddin oğlu, X7, X22, X17, X1 qardaşları 119 ünvanında müvəqqəti qeydiyyatdadırlar və hazırda orada yaşayırlar (köməkçi binanın bir otağı və 1-ci mərtəbə 5-ci otaq). Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nəsimi rayon sektorunun verdiyi xx.xx.2023-cü il tarixli, 935 nömrəli arayışdan görünür ki, Cabbarov X14 rayonundan məcburi köçkündür. Cavabdeh Sədrəddin oğlu, X7, X22, X8, X1 qardaşları 119 ünvanında 1995-ci ildən müvəqqəti qeydiyyatdadırlar və yaşayırlar. Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nəsimi rayon sektorunun verdiyi xx.xx.2024-cü il tarixli, 168 nömrəli arayışdan görünür ki, İddiaçı1 Ağdam rayonundan məcburi köçkündür. İddiaçı1, İddiaçı2, İddiaçı3 Nəsimi rayonu, Mərdanov qardaşları 119 ünvanında müvəqqəti qeydiyyatdadırlar. Ailə 1997-ci ildən hal-hazıradək yuxarıdakı ünvanda məskunlaşmış və yaşayırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixdə verilmiş **********13 saylı arayışdan görünür ki, X2 daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. xx.xx.1999-cu il tarixli arayışın surətindən görünür ki, Ağdam rayon sakini X4 ailə üzvləri X19, X5 və İddiaçı2 ilə birlikdə “Bakıxanov tikiş” ATSC-nin sanatoriyaprofilaktoriyasında müvəqqəti məskunlaşmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Qaçqınlar və X11 079551 nömrəli məcburi köçkün ailəsinin qeydiyyat vərəqəsindən görünür ki, X4 ailə üzvləri ilə birlikdə Ağdam rayonu, Qarazeynallı kəndindən məcburi köçkündürlər. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə X5 və Cavabdeh Sədrəddin oğlunun qarşılıqlı şikayətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X20 ifadə verərək bildirmişdir ki, cavabdehgilin məhəlləsində, yəni Mərdanov qardaşları 119 ünvanında qazilərin görüşdüyü çayxana mövcuddur. Onlar orada cavabdehlə tez-tez görüşürlər. İddiaçıları tanımır. Cavabdeh bu ilin yay aylarında qeyd etdiyi çayxanada Taleh adlı şəxsdən oğlu üçün ev almaq istədiyini və bunun üçün onun pula ehtiyacı olduğunu bildirdi. O, Talehi ümumiyyətlə görməmişdir və tanımır. Cavabdehin oğlunun toy vaxtını xatırlamır. Cavabdeh Talehlə ilkin olaraq üç min manat, ümumilikdə isə beş min manat məbləğin ödənilməsi barədə razılığa gəlmişdilər. O da buna görə cavabdehə beş yüz manat məbləğində borc verdi. Cavabdehin Talehə pul verdiyini özü şəxsən görməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadə verərək bildirmişdir ki, cavabdehi şəxsi və işgüzar əlaqələri əsasında 1995-ci ildən tanıyır. Taleh Hümbətəliyevi bu ilin yay aylarında cavabdehgilin məhəlləsində yerləşən çayxanada görmüşdür. Cavabdehin oğlu evlənmişdi və cavabdeh oğlu üçün ev almaq istəyirdi. Cavabdeh ona Talehdən mənzili almaqla bağlı razılığa gəldiyini bildirdi. Cavabdeh və Taleh onların əyləşdiyi masadan kənarlaşaraq, birlikdə razılığa gəlmək üçün söhbət etdilər. Cavabdeh Talehə çayxananın həyətində təxminən üç min manat ödəmiş və qalıq hissəni də hissəhissə olaraq Talehə ödəyirdi. O, özü bilavasitə pulun verilməsini gördüyünü tam olaraq xatırlamır. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 ifadə verərək bildirmişdir ki, cavabdehin məhəlləsində Cəsarət adlı şəxsin çayxanası var. Oraya mütəmadi gedib-gəlir. Cavabdehi on ildən artıq müddətdir ki, tanıyır. Taleh bəyi 2023-cü ilin yay aylarında günorta saat təxminən 12:00-dan sonra görmüşdür. Həmin zaman qazilərlə çayxanada oturmuşdular və cavabdeh də onlarla idi. Taleh bəy gələndə cavabdeh çölə çıxdı və daha sonra qayıtdı. Taleh bəy çayxanaya gəldi və cavabdeh ona çayxananın içərisində üç min manat pul verdi. O, Şəhadət və Əhməd bəy də pulun verilməsini gördülər. Pulu nə üçün verdiyini soruşanda cavabdeh ev alacağını onlara bildirdi. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.2-ci maddəsinə əsasən mlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 165.1-ci maddəsinə əsasən Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.11-ci maddəsinə əsasən hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamının 2-ci bəndinə əsasən aidiyyəti dövlət orqanlarına tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana və yaxud müvəqqəti yaşamaq məqsədilə tikilmiş yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyət formasından asılı olmayaraq 1992- 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ilk növbədə iddiaçıların mübahisəli yaşayış sahəsi barədə iddia tələbi ilə çıxış etmək hüququ, yəni iddia tələbinə subyektiv hüququnun olması məsələsinə belə qiymət verir ki, mübahisəli yaşayış sahəsi həm məhkəməyə təqdim edilmiş sənədlərə, həmçinin də elə cavabdehin özünün də bildirdiyinə görə ilkin olaraq X2 müvəqqəti məskunlaşması üçün verilən yaşayış sahəsi olmuşdur. Bu işin mübahisəsiz halıdır ki, T.Hümbətəliyev Ağdam rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsində cavabdehdən daha əvvəlki dövrdə məskunlaşıb yaşamışdır. T.Hümbətəliyev vəfat etdikdən sonra isə həmin yaşayış sahəsinə dair hüquqlara onunla birlikdə orada məskunlaşmış ailə üzvləri də malikdir. Yəni məhkəmə hesab edir ki, hazırda iddiaçıların onların sahibliyinə və isitfadəsinə verilmiş mübahisəli yaşayış sahəsindən cavabdehin çıxarılmasını tələb etməyə subyektiv hüquqları mövcuddur. Nəzərə alınmalıdır ki, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçıların mübahisəsi gedən yaşayış sahəsi üzərində subyektiv hüququnun mövcud olub-olmadığı əhəmiyyət kəsb edir; subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra isə, bu hüququ pozan şəxsin hərəkətlərinin qanuni olub-olmadığı aydınlaşdırılaraq müvafiq qərar verilməlidir. Məhkəmə iddiaçının irəli sürdüyü dəlilləri məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarla və qanunvericiliyin müəyyən etdiyi əsaslarla təhlil edərək bu qənaətə gəlir ki, iddiaçılar mübahisəli yaşayış sahəsində cavabdehə münasibətdə daha əvvəlki dövrdə məskunlaşdıqlarından və iddiaçıların mübahisəli yaşayış sahəsinə hüquqları cavabdehə münasibətdə daha əvvəl təsbit edildiyindən iddiaçıların həmin yaşayış sahəsinə hüquqları tanınır. Digər məsələ isə artıq cavabdehin irəli sürdüyü dəlillərlə bağlıdır ki, məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlillərlə bağlı aşağıdakıları bildirir. Əvvəla cavabdeh özü də iddiaçıların bildirdiyi bəzi məqamlarla razılaşmış və bildirmişdir ki, onun iddiaçılarla olan razılığına əsasən həmin yaşayış sahəsi müvəqqəti olaraq onun istifadəsinə verilmişdir. Bu halı iddiaçılar özləri də təsdiq etmişlər. Yəni iddiaçılar cavabdehə müəyyən şərtlərlə həmin yaşayış sahəsindən istifadə etməsinə razılıq vermişlər. Lakin sonradan tərəflər arasında bu razılaşma bu və ya digər səbəbdən pozulmuşdur. Bu məqamda xüsusilə vurğulamaq lazımdır ki, məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş və onun həmin ünvanda sanki 1995-ci ildən məskunlaşaraq yaşamasına dair hal elə cavabdehin özünün mübahisəli yaşayış sahəsinə məhz iddiaçıların razılığı ilə sahiblik və istifadə etməyə başlamasına dair dediyi fikirlərlə təkzib edilmişdir. Çünki cavabdeh həmin yataqxanada lakin başqa otaqda məskunlaşdığını, mübahisəli otağı isə oğlunun ailəsi üçün iddiaçılardan kirayə məqsədilə götürmüşdür. İşin mübahisəsiz halı cavabdehin mübahisəli yaşayış sahəsindən məhz iddiaçıların razılığı ilə istifadə və sahiblik etməsi faktıdır. Cavabdehin mübahisələndirdiyi hal isə mübahisəli yaşayış sahəsi üçün iddiaçıların ailə üzvü olmuş, mərhum Taleh Hümbətəliyevlə razılaşaraq sanki həmin yaşayış sahəsini ondan satın almasıdır. Bununla bağlı cavabdehin sübutu yalnız şahid ifadələrindən ibarət olmuşdur. Şahid ifadələri isə faktı təsdiq edən yeganə sübut kimi qiymətləndirilə bilməz. Üstəlik də şahidlərin ifadələri onların hadisənin şahidi olmalarından daha çox sanki Cavabdeh onlara dediyi məlumatlardan qaynaqlanmışdır. Belə ki, şahidlərin ikisi pulun verilməsini birbaşa görmədiklərini bildirsələr də, digər şahid M.İsmayılov isə ifadəsində digər iki şəxsin də pulun verilməsinin şahidi olduqlarını bildirmişdir. Məhkəmə öz növbəsində şahidlərin ifadələrindəki ziddiyyəti onların Cavabdeh iddia etdiyi kimi yaşayış sahəsinə görə pulun ödənilməsi prosesində birbaşa iştirak etmədiklərindən irəli gələn hal kimi qiymətləndirir. Cavabdeh mübahisəli yaşayış sahəsinə görə İddiaçı2 kart hesabına pul yükləməsinin onun yaşayış sahəsi üçün mərhum T.Hümbətəliyevlə aralarındakı razılaşmaya görə cəmi razılaşdırılmış 4350 manat məbləğində puldan qalan məbləğlərin ödənişinin həyata keçirilməsi ilə bağlı olmasına dair irəli sürdüyü dəlillərlə bağlı bildirir ki, tərəflər arasında mübahisəli yaşayış sahəsindən müvəqqəti istifadəyə dair razılaşmanın mövcudluğu fonunda cavabdehin İddiaçı2 kart hesabı barədə məlumatlı olması və müvafiq hesaba ödənişlər edilməsi qəbul edilən haldır, lakin bu ödənişlər mütləq şəkildə mübahisəli yaşayış sahəsinin cavabdehə daimi istifadə və sahibliyə verilməsinə əsas verən hal kimi qiymətləndirilə bilməz. Hətta nəzərə alınmalıdır ki, həmin yaşayış sahəsi mərhum T.Hümbətəliyevlərin ailəsinə müvəqqəti məskunlaşma üçün verilmiş sahədir və onlar həmin sahəni bu və ya digər şəkildə digər şəxsə özgəninləşdirə bilməzlər. Həmçinin məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixdə İddiaçı2 hesabına 100 manat məbləğində edilmiş ödəniş qəbzi məhkəmə tərəfindən tərəflər arasında mübahisəli yaşayış sahəsi ilə bağlı müvəqqəti istifadəyə dair razılaşmanı təsdiq edən sübut kimi qəbul edilir və daha əvvəlki dövrlərlə bağlı isə cavabdeh ödənişlərə dair hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallar ondan ibarətdir ki, iddiaçılar 1997-ci ildən etibarən məcburi köçkün kimi məskunlaşdıqları Mərdanov qardaşları 119 ünvanında yerləşən yataqxananın 1-ci mərtəbəsində yerləşən 5ci otaqdan istifadə etmişlər, sonradan onlarla cavabdeh arasında əldə edilmiş razılığa əsasən həmin yaşayış sahəsi müvəqqəti istifadə üçün cavabdehə verilmiş, hazırda tərəflər arasında razılaşma pozulmuşdur və iddiaçılar həmin sahədən cavabdehin çıxarılması tələbini irəli sürmüşlər. Məhkəmə hesab edir ki, hazırda iddiaçılar həmin yaşayış sahəsinin onların sahiblik və istifadəsinə qaytarılması məqsədilə cavabdehin həmin sahədən çıxarılması tələbini irəli sürməkdə haqlıdırlar. Məhkəmə həmçinin cavabdehin də məcburi köçkün statusuna malik olan bir şəxs kimi hüquqlarının pozulmasının yolverilməz olduğunu və onun faktiki olaraq özünün də bildirdiyi kimi həmin yataqxanada başqa yaşayış sahəsi ilə təmin olunduğunu nəzərə alır. Mübahisənin həlli cavabdehin mübahisəli Mərdanov qardaşları 119 ünvanında yerləşən yataqxananın 1-ci mərtəbəsində yerləşən 5ci yaşayış otağından çıxarılmasından ibarətdir, cavabdehin həmin yataqxanada məskunlaşdığı digər otaqdan istifadə hüquqları isə toxunulmazdır. Məhkəmə qərarının ədalətli olması şərtlərindən ilki tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə müəyyən olunan hallar odur ki, cavabdehin hərəkətləri nəticəsində tərəflər arasındakı ədalətli tarazlıq pozulmuşdur. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Sədrəddin oğlu Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 119 tikiş fabrikinin yataqxanasının binasının 1-ci mərtəbə, 5-ci otağından çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sədrəddin oğlu Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 119 tikiş fabrikinin yataqxanasının binasının 1-ci mərtəbə, 5-ci otağından çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar