Məhkəmə qərarları › İş №2(006)-6981/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6981/2021

29.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6981/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 30 mart 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş və nikahları barədə onlara şəhadətnamə verilmişdir. Lakin heç zaman tərəflər ər-arvad münasibəti qurmamışlar. İddiaçı cavabdehi şəxsən tanımamış və onu valideynləri ondan xəbərsiz yəni qarşı tərəf haqqında kifayət qədər məlumatsız olduğu halda ərə verməyə çalışmışlar. “Covid 19” pandemiyası ilə əlaqədar hər iki tərəfin valideynləri onsuzda toy məclisi olmadığı üçün tez-tələsik onları nikaha daxil olmağa sövq etmişlər. Nikaha daxil olduqları vaxtdan cavabdeh Türkiyə Respublikasında yaşamış və qəti şəkildə iddiaçı onu görməmişdir. Artıq cavabdeh barədə ətraflı öyrəndikdən sonra məlum oldu ki, cavabdehin Türkiyə Respublikasında öz ailəsi, öz işi vardır. Niyyəti ailə qurmaq olmamış və iddiaçı da qəti şəkildə görmədiyi və tanımadığı insanla formal nikahda qalmışdır. İddiaçı yanılaraq aldanmışdır. Göstərilənlərə əsasən iddiaçı ilə Cavabdeh arasında Bakı nikah evi tərəfindən bağlanmış 30.03.2021-ci il tarixli nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X2 və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini və növbəti iclasların onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X1 ərizə təqdim edərək, bildirmişdir ki, iddia tələbi ilə razıdır. Nikahın etibarsız sayılmasına etiraz etmir. Eyni zamanda, növbəti iclasların onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Səadət Sarayı (Bakı nikah evi) tərəfindən 30.03.2021-ci il tarixdə verilmiş AZ-İİ № 416294 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 176 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 30 mart 2021-ci il tarixində rəsmi nikaha daxil olmalarına baxmayaraq, faktiki olaraq ailə qurmamışlar, aralarında formal olaraq nikah bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Qeyd olunan Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Ailə Məcəlləsinin 26.1.7-ci maddəsinə əsasən saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Həmçinin, Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdehin nümayəndəsi nikahın etibarsız sayılmasına razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında nikah bağlanarkən Cavabdeh ailə qurmaq niyyəti olmamış, nikah Qeydiyyat Şöbəsində qeydə alındıqdan dərhal sonra ölkəni tərk etmiş və bir daha qayıtmamışdır. Onlar faktiki olaraq ailə kimi bir yerdə yaşamamışlar. Ona görə də iddia tələbi təmin edilməli və İddiaçı ilə Cavabdeh arasında 30 mart 2021-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evində) akt qeydləri kitabında 176 nömrə ilə qeydə alınmış nikah etibarsız sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 30 mart 2021-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evində) akt qeydləri kitabında 176 nömrə ilə qeydə alınmış nikah etibarsız sayılsın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar