Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-699/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «ezamiyyə xərci» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «ezamiyyə xərci» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» QSC-dən ona ödəməli olduqları, lakin qanunsuz və əsassız olaraq ödəmədikləri 3.150 manat məbləğində ezamiyyə xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, «xxxx» QSC-nin Sərnişin Daşımaları Departamenti Bakı vaqon deposunun daxili avadanlıqlar çilingəri vəzifəsində çalışır. «xxxx» QSC-nin xx.xx.2018-ci il tarixli S-36E saylı əmri ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək xidməti tapşırığın icrası ilə əlaqədar Türkmənistan Respublikasına 4 gün və İran İslam Respublikasına 21 gün ezam olunmuşdur. Ezamiyyət başa çatdıqdan sonra ona ezamiyyə xərcinin 40 %-i həcmində 2.158 manat, 59 manat viza xərcini şəxsən o ödəməli olduğundan, 2.099 manat ödəniş edilmiş, 60 faiz həcmində 3.150 manat məbləğində ezamiyyə xərci isə ödənilməmişdir. Bununla da, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Q-01 saylı Qərarının İİİ hissəsinin 3-cü bəndinin tələbləri pozulmuşdur. Belə ki, həmin Qərarın 3-cü bəndinə əsasən işçi xarici ölkə ərazisi ilə getdiyi zaman ondan asılı olmayan səbəblərə görə tam 1 gün və artıq müddətə yolda ləngiyirsə, həmin müddət üçün ona ezamiyyə xərclərinin 1 günlük norması ərazisində ləngidiyi ölkə üçün müəyyən edilmiş normalar üzrə ödənilir. Yuxarıda qeyd olunan qərara müvafiq olaraq «xxxx» QSC-nin İnsan resursları İdarəsinin rəis müavini Ləman Babayevanın «xxxx» QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradova ünvanladığı məktubunda onun müşayiət etdiyi vaqonların sərnişin tipli oturacaq vaqonları olduğuna görə onun yatmaq üçün yerlə təmin olunmadığı bildirilmiş və bu səbəbdən də, ona ezamiyyə xərclərinin 100 % həcmdə ödənilməli olduğu xahiş olunmuşdur. Lakin bütün yuxarıda qeyd olunanlara baxmayaraq, cavabdeh ona ezamiyyə xərcini yalnız 40 % həcmində ödəmiş, 60 % həcmində hissəsini ödəməkdən imtina edir. Onu da məhkəmənin diqqətinə çatdırır ki, onun gedib gəldiyi eyni yolu gedib gələnlərə və digər xarici ölkələrə gedib gələnlərə ezamiyyə xərcləri 100 % həcmində ödənilsə də, ona qarşı niyəsə qanunsuzluğa yol verilir. Beləliklə, cavabdeh, qanunsuz, əsassız və ədalətsiz hərəkətləri ilə onun hüquqlarını pozmuşdur. Yuxarıda qeyd olunan ölkələrə onun ezam olunduğu şərait isə qanunla müəyyən edilmiş qaydada ona 100 % həcmində ezamiyyə xərci verilməli olduğunu nəzərdə tutur. Bununla əlaqədar o, cavabdehə və müxtəlif instansiyalara müraciət etsə də, hər dəfə ona sonda cavabdeh tərəfindən əsassız imtina edilmişdir. Belə ki, cavabdehin sonuncu məktubunda «Ezamiyyə müddətində xidməti tapşırığınız qatarı tərk etmədən qatarın müşayiət edilməsindən ibarət olduğundan Sizə Cəmiyyət tərəfindən müşayiət etdiyiniz qatarın tərkibində olan müvafiq vaqonda qalmağınız üçün zəruri şərait yaradılmış, buna görə də Sizə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Q-01 saylı qərarı ilə təsdiq edilmiş «X2»nın tələbinə əsasən ezam edildiyiniz ölkələrə münasibətdə ezamiyyə normasının 40 %-i həcmində ezamiyyə xərcinin ödənişi həyata keçirilmişdir» məzmunlu xx.xx.2020-ci il tarixli imtina məktubu ilə ona çatacaq 100 % ezamiyyə xərci verilməsindən imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəməyə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə ərizə təqdim edərək, izahatında bildirdi ki, iddia qanunvericiliyin tələbləri pozularaq verildiyindən qanunsuz və əsassızdır, buna görə də rədd edilməlidir. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək xarici ölkələrdə ezamiyyətdə olmuşdur və ona ezam olunduğu yer üzrə günlük ezamiyyə normasının 40 faizi həcmində ezamiyyə xərci ödənilmişdir. Lakin o, məhkəmədə iddia qaldıraraq ezamiyyə xərcinin 60 % hissəsini də tələb etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə məzuniyyətdən qayıtmış, lakin xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş 1 illik iddia müddətini buraxmışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə, Mülki Məcəllənin 375.2-ci maddəsinə istinad edən cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçı məhkəməyə 1 ildən sonra müraciət etmiş və iddia müddətini buraxmışdır. Həmçinin, İddiaçı iddia müddətini buraxmayacağı halda da irəli sürdüyü tələb tamamilə əsassızdır. Çünki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş «X2»nın 6-cı bəndinə əsasən işçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir. İddiaçı tərəfindən xərclədiyi vəsaitlə əlaqədar qanunvericilikdə tələb olunan sənədlər təqdim edilməmişdir və belə olan halda ona əlavə ezamiyyə xərcinin verilməsinin heç bir hüquqi əsası yoxdur. Göstərilən səbəblərdən, iddia rədd olunmalıdır. İddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı «xxxx» QSC-nin Sərnişin Daşımaları Departamenti Bakı vaqon deposunun çilingəri kimi həmin QSC-nin xx.xx.2018-ci il tarixli S-36E saylı əmri ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək xidməti tapşırığın icrası ilə əlaqədar Türkmənistan Respublikasına və İran İslam Respublikasına ezam olunmuşdur. İddiaçı «xxxx» QSC-yə müraciət edərək, ezamiyyə xərcinin bir hissəsinin ödənildiyini Cəmiyyətin aidiyyəti səlahiyyətli şəxslərinin nəzərinə çatdıraraq, həmin xərcin qalan hissəsinin ödənilməsini xahiş etmişdir. «xxxx» QSC xx xxxx 2020-ci il tarixli 7522 saylı məktubu ilə İddiaçı müraciətinə cavab verərək qeyd etmişdir ki, İddiaçı eyniməzmunlu müraciətlərinə xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli məktubları ilə cavab verilmişdir. Təkrar olaraq iddiaçının nəzərinə çatdırılmışdır ki, ezamiyyə müddətində xidməti tapşırığı qatarı tərk etmədən qatarın müşayiət edilməsindən ibarət olduğundan ona Cəmiyyət tərəfindən müşayiət etdiyi qatarın tərkibində olan müvafiq vaqonda qalması üçün zəruri şərait yaradılmış, buna görə də ona Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Q-01 saylı qərarı ilə təsdiq edilmiş «X2»nın tələbinə əsasən ezam edildiyi ölkələrə münasibətdə ezamiyyə normasının 40 %-i həcmində ezamiyyə xərcinin ödənişi həyata keçirilmişdir. İddiaçı qeyd olunan məsələ ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia ərizəsi məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş 1 illik iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür (buraxılmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «ezamiyyə xərci» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «ezamiyyə xərci» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-699/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-699/2021
10.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver