Məhkəmə qərarları › İş №2(006)-708/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-708/2025

16.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-708/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh MMC-ə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli 283 saylı əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında o, cavabdeh təşkilatda mühafizəçi vəzifəsində çalışmağa başlamışdır. Lakin, cavabdeh təşkilatla əmək münasibətlərində olduğu dövrdə daimi olaraq təzyiqlərə məruz qalmış və son olaraq, həmin təzyiqlər əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə işdən çıxmaq məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh əsassız olaraq hər dəfə onun əmək şəraitini razılığı olmadan dəyişdirmiş və normal işləməyi üçün şərait yaratmamışdır. Qeyd olunan qısnamalar nəticəsində cavabdeh nail olmuşdur ki, o, xx.xx.2023-cü il tarixində basqı altında "öz xahişi ilə" işdən çıxma ərizəsini yazmışdır. Əks təqdirdə, əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam veriləcəyi ilə cavabdeh onu hədələmişdir. Beləliklə, onunla cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verildiyini düşünürdü. Lakin, 2024-cü ilin avqust ayında "Kapital" adlı şirkətdə "mühafizəçi" vəzifəsinə müraciət etdikdə və həmin şirkətlə yeni əmək münasibətlərinə başlamaq istədiyi zaman ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sistemində onunla "xxxx" MMC-nin rəhbəri arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dair bildirişin xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verildiyi məlum olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixində "əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini" çap etdikdə "xxxx" MMC tərəfindən rəsmiləşdirmənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən aparıldığı ona məlum olmuşdur. Bu hal ona məlum olan kimi dərhal tərəfindən qanunvericiliyin tələblərinə əsasən cavabdehə “mediasiya prosesinin tətbiqi barədə” təklif göndərilmişdir. Həmin təklif əsasında tərəfindən Bakı 10 saylı Mediasiya Təşkilatına müraciət edilmiş və sözügedən Təşkilat tərəfindən mediator X7 təyin edilmişdir. Sözügedən Təşkilat tərəfindən təyin edilmiş mediator tərəfindən xx.xx.2024-cü il tarixli MŞB\10\2024-00472 saylı “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayış tərtib edilərək iddiaçıya verilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, o, cavabdehlə əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verildiyini və rəsmiləşdirmənin həmin qaydada aparıldığını bilirdi. Belə ki, xx.xx.2023-cü il tarixində "öz xahişi ilə" işdən çıxma ərizəsini yazdıqdan sonra tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət edilmiş və təyziq altında müvafiq ərizənin yazıldığını bildirmişdir. Qeyd olunan Xidmət tərəfindən aparılan araşdırma nəticəsində sonuncu tərəfindən ona xx.xx.2023-cü il tarixli 3-17-5/2-B-26326/2023 saylı məktub ünvanlanaraq, bildirilmişdir ki, "...Araşdırma zamanı "xxxx" MMC tərəfindən təqdim olurum sənədlərə əsasən Sizin xx.xx.2023-cü il tarixli işdən çıxma ərizənizdə əmək münasibətlərini dayandırmaq istədiyiniz günü göstərməmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinin (işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir) tələbini pozularaq xəbərdarlıq müddəti bitmədən xx.xx.2022-ci il tarixli əmək müqavilənizə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərin birinin təşəbbüsü) ilə xx.xx.2023-cü il tarixdə xitam verildiyi və Sizə son haqq hesab olaraq 218 manat vəsaitin kassa məxaric orderi vasitəsilə xx.xx.2023-cü il tarixində ödənildiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərini pozulması ilə əlaqədar "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, həmin Məcəllənin eyni maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN0023712 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. ... Eyni zamanda tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq" alt sisteminə baxış keçirilərkən Sizinlə "xxxx" MMC-nin rəhbəri arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dair bildirişin xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərin birinin təşəbbüsü) əsaslanmaqla qüvvədən düşdüyü müəyyən olunmuşdur." Göründüyü kimi, əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verildiyi müvafiq Xidmət tərəfindən ona ünvanlanmış məktubda da öz əksini tapmışdır. Bildirir ki, cavabdehlə əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verildiyi ona xx.xx.2024-cü il tarixində məlum olmuşdur və bununla yanaşı, qeyd etməyi zəruri hesab edir ki, həmin bəndlə əmək münasibətlərinə xitam verilməsi üçün heç bir əsas olmamışdır. Belə ki, onun cavabdehdən xahişi sonuncunun əməkdaşlıq etdiyi Azərbaycan Beynəlxalq Maarif Məktəbinə təhkim etməsi olmuşdur. Lakin, cavabdeh həmin məktəbdə göndərə bilmədiyini və bunu əsas götürərək öz xahişi ilə işdən ayrılmağını, əks təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verəcəyini bildirmişdir. Məlum olduğu kimi, qeyd olunan hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə əsas yaratmır. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" alt sistemində sonuncu əmək münasibətinə müvafiq maddə ilə xitam verildiyindən yeni işə düzələ bilmir. Əsassız əmr nəticəsində əmək fəaliyyətindən məhrum olur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki,o, təxminən 2023-cü ilin aprel ayında iş yerində ona qarşı təzyiq olduğunu və iş yeri onun razılığı olmadan dəyişdirildiyi üçün ərizə yazaraq işdən azad edilmişdir. İşdən azad edildikdən sonra iş yerinə getməmişdir. Gözləmişdir ki, ona təzminat pulu versinlər. X1 şikayət etmişdir. Təxminən 2023-cü ilin avqust ayında iş yerinə təzminat pulu üçün gedəndə ona yenə təklif etmişlər ki, başqa məktəbdə xidmət etsin. O isə buna etiraz etmiş, ərizə yazmışdır. Onun əmək kitabçasında qeydiyyat apararaq ona vermişlər. Bir müddət sonra başqa yerdə işə düzələndə ona demişlər ki, onun əmək müqaviləsinə əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilib. O, iş yerində heç bir pozuntuya yol verməmişdir. Əsassız olaraq onun barəsində belə əmr verilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, hazırki iş üzrə xx.xx.2025-ci il tarixdə keçiriləcək iclasda üzrlü səbəbdən iştirak edə bilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, sonuncu qeydlərə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə mühafizəçi qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə 283 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifələrinin kobud şəkildə pozduqda) tutduğu vəzifədən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən (sistemə daxil edilmə tarixi xx.xx.2023-cü il) görünür ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən Cavabdeh MMC-nin 283/K əmri əsasında (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 1735/2-B-26326/2023 nömrəli məkubdan görünür ki, araşdırma zamanı "xxxx" MMC tərəfindən təqdim olunmuş sənədlərə əsasən iddiaçının xx.xx.2023-cü il tarixli işdən çıxma ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinin (işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir) tələbini pozularaq xəbərdarlıq müddəti bitmədən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərin birinin təşəbbüsü) ilə xx.xx.2023-cü il tarixdə xitam verildiyi və iddiaçıya son haqq hesab olaraq 218 manat vəsaitin kassa məxaric orderi vasitəsilə xx.xx.2023-cü il tarixində ödənildiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərini pozulması ilə əlaqədar "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar MƏcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cii il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, həmin Məcəllənin eyni maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN0023712 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Sonda mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Bakı 10 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00472 İMS-də iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı əmrin ləğvi tələbi ilə bağlı mediasiyanın tətbiqi barədə xx.xx.2024-cü il tarixli təklifi Cavabdeh MMC-yə göndərilmiş və cavabdeh xx.xx.2024-cü il tarixdə bildirişi almışdır. Tərəflər arasında mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün olmamışdır. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının istəyinə və tələbinə uyğun olaraq iddiaçının əvvəllər işlədiyi Azərbaycan Beynəlxalq Maarif Məktəbinə işə bərpa etmək mümkün olmamışdır. Belə ki, adı çəkilən məktəbin rəhbərliyi iddiaçının mühafizəçi kimi həmin məktəbdə işləməsinə qəti surətdə razılıq vermir. İddiaçının "xxxx" MMC tərəfindən mühafizə olunan digər obyektlərdə işləmək fikri olmadığı üçün, ona ərizə yazaraq öz xahişi ilə işdən çıxmağı təklif edilmişdir. Əks təqdirdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna Cavabdeh MMC xx.xx.2024-cü il tarixli 65/K nömrəli məktubu ilə bildirmişdir ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də mühafizəçi peşəsi üzrə işləyib. Onun mühafizə xidməti göstərdiyi obyekt Azərbaycan Beynəlxalq Maarif Məktəbi olmuşdur. Xidmət göstərdiyi dövr ərzində çox saylı nöqsanları və problemli davranışları olduğu üçün məktəbin direktoru "xxxx" MMC-nin xidmət komandiri İslam Rəhimova müraciət edərək İddiaçı digər mühəfizəçi ilə əvəz edilməsini tələb etmişdir. Bu səbəbdən İddiaçı həmin məktəbin mühafizəsindən kənarlaşdırılmışdır. Ona, "xxxx" MMC-nin mühafizə etdiyi digər obyektlərində işləmək təklifi edilsə də, o israrla yalnız Beynəlxalq Maarif Məktəbində işləyəcəyini cavabdehdən tələb etmişdir. İddiaçı məktəbin mühafizəsindən uzaqlaşdırılması qərarı həmin məktəbin direktorunun tələbi olduğu ona dəfələrlə izah edilsə də, o yenə də tələbindən dönməmiş və məktəbdən başqa heç yerdə işləməyəcəyini bildirmişdir. Bu haqda İddiaçı xx.xx.2023-cü il tarixli izahatında da göstərmişdir. Bu səbəbdən "xxxx" MMC-nin rəhbərliyi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xx.xx.2023-cü il tarixli 283/K nömrəli əmrlə xitam verilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, iddiaçı bir daha bildirmişdir ki, o, köhnə iş yerinə - Azərbaycan Beynəlxalq Maarif Məktəbinə qaytarılsın. Təklif edilmiş digər iş obyektlərində fəaliyyət göstərmək istəmir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə gecə saat 11 radələrində xidmət komandiri İslam Rəhimov xidmət etdiyi Azərbaycan Beynəlxalq Maarif Məktəbinə gəlmişdir. Həmin zaman o, postda olmayaraq ərazidə olmuşdur. Bir qədər keçdikdən sonra o, ərazidən posta qayıtmış və ərazidə İslam Rəhimovu görmüşdür. O, iddiaçıdan soruşan zaman iddiaçı ona bildirmişdir ki, ərazidə idi və ayaqyoluna getmişdi. Öz postuna Elman Zülfüqarovu mühafizəçi çağırmağı lüzum bilməmişdir. Nöqsanını başa düşmüş və bir daha təkrarlanmayacağına söz vermişdir. xxxxxxx000401 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi əsasında Cavabdeh MMC-yə mühafizəçi vəzifəsinə qəbul edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru Elxan Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 159/K nömrəli əmrin çıxarışından görünür ki, İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 66/K nömrəli məktubuna əlavə edilmiş: -Cavabdeh MMC-nin direktoru Elxan Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 283/K nömrəli əmrin çıxarışından görünür ki, İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. -xx.xx.2023-cü il tarixli 03 saylı kassa məxaric orderindən görünür ki, İddiaçı son haqq hesabı təşkil edən 218 manatı həmin tarixdə qəbzə imza edərək qəbul etmişdir. -Cavabdeh MMC tərəfindən X5 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırova ünvanlanmış xx.xx.2023-cü il tarixli 27/K nömrəli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən "xxxx" MMC da mühafizəçi peşəsi üzrə işləyib. Xidmət göstərdiyi obyekt "xxxx" MMC (məktəb) olmuşdur. O, işlədiyi bir il müddətində xidmət göstərdiyi obyektdə dəfələrlə nöqsanlara yol vermişdir. Belə ki, tərəflərindən keçirilən gecə yoxlamaları zamanı İddiaçı dəfələrlə postu tərk etdiyi müşahidə olunmuşdur və bu haqda ondan yazılı izahatı alınmışdır. Nəhayət tərəflərindən mühafizə olunan "xxxx" MMC-nin rəhbərliyi, xidmət zamanı buraxdığı çoxsaylı nöqsanlarına görə mühafizəçi İddiaçı digər mühafizəçi ilə əvəzlənməsini onlardan xahiş etmişdir. İddiaçı "xxxx" MMC-dən çıxarılaraq "xxxx" MMC-nin mühafizə xidməti göstərdiyi digər obyektlərinə göndərilməsi barədə təklif edilsə də o, bu təkliflərdən imtina etmiş və öz xahişi ilə işdən çıxma ərizəsini rəhbərliyə təqdim etmişdir. İddiaçı ərizəsinə əsasan xx.xx.2023-cü il tarixli 159\K saylı əmrlə (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmiş və dərhal ona istifadə etmədiyi əmək məzuniyyətinə görə düşən məbləğin ödənilməsi təmin edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2 və 3-cü hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 84-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası,həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il,əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi, digər sözlə ifadə etdikdə onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar mövcud olmalıdır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı tərəfindən yuxarıda sadalanan hallara dair əsaslar müəyyən edilməmişdir. İşçinin işdən məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslardan hansına görə işdən azad edilməsi, hansı pozuntuya yol verilməsi və ümumiyyətlə əmrin verilməsinə əsas olan heç bir hal öz əksini tapmamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq işçinin bu əsasla işdən azad edilməsi barədə əmrin verilməsinədək işəgötürən tərəfindən zəruri tədbirlər görülməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, istər işəgötürən tərəfindən tərtib edilmiş müvafiq əmrdə işçinin məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə əsas olan hallar göstərilməmiş, istərsə də məhkəmə tərəfindən işçinin qeyd edilən əsaslarla azad edilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim edilməsinə dair işəgötürənə ünvanlanmış sorğulara verilmiş cavablarda işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsini zəruri edən əsaslara dair sübutlar təqdim edilməmişdir. İşin araşdırılmış hallarından və həmçinin iddiaçının izahatından aydın olur ki, iddiaçı onun xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən işdən azad edilməsi barədə məlumatlı olduqdan sonra işəgötürən qarşısında hər hansı əmək funksiyasını icra etməmişdir. Hüquqlarının pozulmasına dair X4 müraciət etmiş, həmin orqan da işçinin işdən azad edilməsi zamanı işəgötürən tərəfindən yol verilmiş pozuntuları müəyyən etmişdir. X2 aparılmış araşdırma zamanı işçinin xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilməsi zamanı yol verilmiş əmək qanunvericiliyinin tələblərinin pozulmasının aradan qaldırılması üçün işəgötürənə verilmiş vaxt ərzində işəgötürən bu məsələnin həlli istiqamətində xx.xx.2023-cü il tarixdə işçini yenidən vəzifəsinə bərpa etmişdir. Qeyd edilən hallar X3 İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir. Bununla yanaşı İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasından müəyyən edilmişdir ki, şəxsin xx.xx.2023-cü il tarixdə işdən azad edilərək xx.xx.2023-cü il tarixdə yenidən işə bərpa edilməsinə dair qeydiyyat aparılmamışdır. İddiaçı hazırki cavabdeh olan işəgötürəndə əmək fəaliyyətinə dair qeydlər onun xx.xx.2022-ci ildə işə qəbul edilməsi və xx.xx.2023-cü il tarixdə işdən azad edilməsindən ibarətdir. Hər bir halda sonradan ləğv edilməsindən asılı olmayaraq işçinin xx.xx.2023-cü il tarixdə işdən azad edilməsinə dair əmrin qeydiyyatı əmək kitabçasında aparılmamış, əmək kitabçası işdən azad olunduğu gün işçiyə təqdim edilməmiş, sonradan isə müfəttişliyin işəgötürəni inzibati məsuliyyətə cəlb etməsi nəticəsində işəgötürən həmin işçini xx.xx.2023-cü il tarixdə işə bərpa etsə də, yenə də müvafiq qeydiyyatı aparmamışdır. İddiaçı bildirməsinə görə o, xx.xx.2023-cü il tarixdə işdən azad edildikdən sonra həmin işəgötürəndə əmək fəaliyyətini davam etdirməmişdir. Yalnız 2023-cü ilin avqust ayında təzminat tələbi üçün həmin işəgötürənə yaxınlaşdıqda, işəgötürən ona əmək funksiyalarının icrası üçün məkanı bildirsə də, o bu təklifdən imtina etmişdir. İddiaçıya həmin vaxt qeydiyyat aparılaraq təqdim edilmiş əmək kitabçasını yeni düzəldiyi iş yerinə təqdim etmiş, həmin yeni iş yerində onun əvvəlki iş yerindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyi onun diqqətinə çatdırılmışdır. İddiaçının irəli sürdüyü dəlilləri təkzib edəcək sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə bir daha qeyd edir ki, Əmək Məcəlləsinin tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsasən işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsinin zəruriliyini məhz işəgötürən əsaslandırılmalıdır. Lakin, hazırki icraat zamanı işəgötürən İddiaçı xx.xx.2023-cü il tarixdə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsini zəruri edən əsasları və buna dair sübutları (habelə işçinin işdən azad olunduğu gün ona ödənilməli son haqq-hesabının ödənilməsini təsdiq edən sənədləri) təqdim etməmişdir. Məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməsi əsassız olduğundan, mübahisələndirilən əmr ləğv edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 283 saylı əmri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə Cavabdeh xx.xx.2023-cü il tarixli 283 saylı əmri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar