Məhkəmə qərarları › İş №2(006)-710/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-710/2024

13.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-710/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi və ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən ləğv edilməsi barədə Cavabdehn xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmrinin etibarsız hesab edilməsi və başqa "İşəgötürənlə” müqavilə bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2019-cıı il tarixdən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdə məlumat toplusu üzrə operator vəzifəsinə qəbul olunmuşdur. İşəgötürən Cavabdeh MMC-nin 17 iyun 2023-cü il tarixli, K-05/23 saylı əmri ilə 24 may 2023-cü il tarixdən işdən kənarlaşdırıldığından xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" işçinin "təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması" bəndinə əsasən onunla bağlanılmış 18 mart 2019-cu il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Bununla da əmək hüquqları kobud şəkildə pozulmuşdur. Tələbi Cavabdeh MMC-nin xx.xx.2023-c il tarixli, KX-69-23 saylı əmrinin etibarsız hesab edilməsi və başqa “İşəgötürənlə" müqavilə bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın ödənilməsinin təmin edilməsindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmrinin etibarsız hesab edilməsi və başqa “İşəgötürənlə” müqavilə bağlaya bitmədiyi müddət üçün dəymiş ziyanın ödənilməsi tələbi təmin edilməlidir. Cavabdeh MMC-nin auditoru X8 xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102“ xidmətinə zəng edərək tanıdığı şəxslər tərəfindən şirkətə 12000 manat məbləğində maddi ziyanın vurulması barədə məlumat vermişdir. O, eyni zamanda Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək şirkətə məxsus Lənkəran nümayəndəliyində yoxlamalar apararkən uyğunsuzluqlar aşkar etdiyinə görə DİN-nin “102” xidmətinə zəng edərək məlumat verdiyini, həmin məsələlərin araşdırılmasında onlara köməklik edilməsini xahiş elmişdir. Cavabdeh MMC-nin auditoru X1 ŞRPŞ-nin Təhqiqat bölməsində izahat verərkən satış təmsilçiləri Telman Nağızadə, Ceyhun Əzizov və operator İddiaçı tərəfindən 12000 manat deyil, 15700 manat məbləğində ziyan vurulmasını bildirmişdir. Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Mahir Şahbazbəyli Cavabdeh MMC-nin auditoru X8 tərəfindən təqdim edilmiş ərizə və həmin ərizə əsasında toplanmış materiallar üzrə yuxarıda adları qeyd olunan şəxslər tərəfindən hər hansı bir cinayət əməlinə yol verilmədiyi üçün 14 may 2023-cü il tarixli qərarla cinayət işinin başlanılmasını rədd etmişdir. Deməli aparılan təhqiqat üzrə işçi tərəfindən maddi ziyanın vurulması öz təsdiqini tapmamışdır. Ona görə də mübahisə predmeti olan əmək müqaviləsinin ləğv edilməsi əmri etibarsız hesab edilməlidir. Yəni, konkret olaraq ziyanın məbləği sübutlar və dəlillərlə dəqiq müəyyən edilməlidir. Lakin, işəgötürən Cavabdeh MMC-nin “əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmrin surətindən işçinin təqsirli hərəkəti və ya hərəkətsizliyinin nədə ifadə olunması öz əksini tapmamışdır. “Vəzilə Təlimatı”na əsasən "məlumat toplusu üzrə operator” vəzifəsinə satışların analizi və iadə olunan malların təhvil alınması daxildir. Yəni, satış təmsilçiləri tərəfindən götürülən sifarişlərin siyahısı ona təqdim edilir, onun tərəfindən kompüter bazasına yerləşdirilir. Həmin bazadan anbar işçiləri sifarişləri götürür və istehlak mallarını satışa hazırlayır. Satış təmsilçisi həmin malları alıcılara təqdim edir və yığılan pul vəsaiti ona daxil olur. Daxil olmuş pul vəsaiti kassaya qoyulur və şirkətin göstərişi olduğu vaxtlarda yığılan pulları Bank vasitəsi ilə onlara ötürmüşdür. Yoxlamanın araşdırması nəticəsində həqiqətən də malların satış qiyməti ilə satılmadıqda və ya istehlak müddəti bitdikdə geri qoyulduqda geri qəbul edilən qiymətdə fərqlər yaranmışdır. Belə bir nəticənin olmasında onun və ya başqa birisinin heç bir təqsiri yoxdur. Bunun isə izahı belədir: birincisi, satılmayan və qayıdan mal ona deyil, anbara daxil olur və onun siyahısı anbardan ona təqdim edilir və o da onu bazaya daxil edir. İkincisi, qayıdan mal Cavabdeh MMC üzrə kompüterdə quraşdırılmış “1C Proqramı” vasitəsi ilə avtomatik idarə olunur və onların qayıdış qiyməti avtomatik qaydada təyin edilir. Yəni qayıdan malların qiymətinin təyin edilməsi bilavasitə Cavabdeh MMC-nin rəhbərliyinin səlahiyyətinə aid olan bir məsələdir. Malların qayıdış qiymətlərinin təyin edilməsi üzrə hər hansı bir işçi tərəfindən həyata keçirilə bilməz. Çünki quraşdırılmış “1C Proqram”ında dəyişiklik edilməsi yalnız rəhbərliyə aid olan bir məsələ olmaqla onun və ya haşqa birisinin səlahiyyətindən kənardadır. Yuxarıda göstərilənlərdən məlum olur ki, güzəştli satılan malın qiyməti ilə qayıdan malın qiymətinin təyin edilməsində onun heç bir rolu və səlahiyyəti yoxdur. İstəsə də “1C Proqramı”nda heç bir dəyişilik edə bilməz. Ona görədə Cavabdeh MMC-yə hər hansı bir miqdarda ziyan vurulmasında onun heç bir təqsiri və rolu yoxdur. Təqsir olmadıqda və sübut olmadıqda məsuliyyət də yoxdur. Məsuliyyət olmadıqda cəza da ola bilməz. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci “ç” maddəsi ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bağlanmış əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX-69-23 saylı əmrlə ləğv edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı ilə 18 mart 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX-69-23 saylı əmrlə ləğv edilmiş, elə həmin gün yəni 25 iyun 2023-cü il tarixdə onu son haqq hesabı əmək kartına köçürülmüşdür. Beləliklə K.Hamil 25 iyun 2023-cü il tarixdə əmək məcəlləsinin müvafiq maddəsi ilə işdən çıxarılmasından məlumatlı olmuşdur və Əmək Məcəlləsinə əsasən həmin tarix onun hüququnun pozulduğu aşkar etdiyi gün hesab olunur və həmin tarixdən etibarən 1 təqvim ayı ərzində əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-ci hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əlavə olaraq iddiaçı xx.xx.2023-cü il tarixdə 25 iyun 2023-cü il tarixli KX-69-23 saylı əmri və xx.xx.2023-cü il tarixdə emək kitabçasını rəsmi sürətdə almış və bir daha olaraq həmin tarixdən etibarən 1 təqvim ayı ərzində əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Lakin, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya təklifini göndərmiş, xx.xx.2023-cü il tarixdə ərizə ilə mediasiya qurumuna müraciət etmişdir, xx.xx.2023-cü il tarixdə mediasiya arayışı almışdır və xx.xx.2023-cü il tarixdə isə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçı 18 iyul 2023-cü il tarixdə Cavabdeh MMC-yə məktubla müraciət edərək onun 18 mart 2019-cu il tarixli əmək müqaviləsinin təsdiq edilmiş sürətini ona göndərilməsini xahiş edir və buda onu bildirir kı, K.Hamil onun əmək müqaviləsinin 70-ci “ç” maddəsi ləğv edilməsi ilə bağlı tam məlumatlı olmuşdur. İddiaçı ilkin olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət və Əmək Müfəttişliyi Xidmətinə Əmrin ləğv edilməsi ilə müraciət etmişdir buda onu bildirir ki, K.Hamil onun əmək müqaviləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə tam məlumatlı olmuşdur. Əlavə olaraq qeyd etmək lazımdır ki, 07 iyul 2023-cü il tarixdə X2 ona İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli blank nömrəsi AR № 073086 etibarnamə əsasında, K.Hamilə məxsus əmək kitabçasını şirkətdən təhvil almışdır. Yuxanda qeyd olunanlardan görünür ki, İddiaçı 20 noyabr 2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə cavabdehin nümayəndəsi X9 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nın TB tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh MMC-nin auditoru X4 xx.xx.2023-cü il tarixdə DİN-in 02 xidmətinə zəng etməklə tanıdığı şəxslər tərəfindən şirkətə 12 000 manat maddi ziyanın vurulması barədə məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru tərəfindən xx.xx.2023-cü il tarixdə “işçinin işdən kənar edilməsi” barədə verilmiş №K-05/23 əmrdən görünür ki, həmin əmr Cavabdeh MMC-də operator vəzifəsində işləyən İddiaçı cəmiyyətə ziyan vurması ilə bağlı faktın araşdırılması səbəbindən 24 may 2023-cü il tarixinə qədər işdən kənar edilməsi haqqında verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru tərəfindən xx.xx.2023-cü il tarixdə “əmək müqaviləsinin ləğv edilməsi” barədə verilmiş №KX-69-23 əmrdən görünür ki, həmin əmr Cavabdeh MMC ilə operator vəzifəsində işləyən İddiaçı arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (ARƏM-nin 72-ci maddəsinin "c" bəndi - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən xx.xx.2023-cü il tarixindən ləğv edilməsi haqqında verilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023cü il tarixli “əmək kitabçasının götürülməsinə dair” məktubdan görünür ki, Cavabdeh MMC ilə onun arasında bağlanılmış 18 mart 2019-cu il tarixli əmək müqaviləsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən 25 iyun 2023-cü il tarixdə cəmiyyətin KX-69-23 saylı, 25 iyun 2023-cü il tarixli əmri ilə ləğv edilmişdir. Tərəfindən bu günə qədər ona əmək kitabçasının gəlib götürülməsi bildirilsə də bunu etməmişdir. Qeyd olunanlarla əlaqədar olaraq təkrarən ondan işdən azad olunmuş işçi kimi xidməti istifadəsində olan avadanlıqların təhvil verilməsini (mövcud olduğu tədqirdə) və əmək kitabçasının götürülməsi xahiş olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanlanmış məktubda göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən müəssisəyə onun tərəfindən maddi ziyan vurulması barədə xx.xx.2023-cü il tarixində akt tərtib edildiyi, məsələ ilə bağlı araşdırma davam etdiyi müddətdə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək işdən kənar edildiyi, kənarlaşdırılma müddətində əmək haqqının ödənilmədiyi və onunla "xxxx" MMC-nin işəgötürəni arasında bağlanmış xx.xx.2019-cü il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrim kobud şəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin (intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər) tələbləri pozulduğundan "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) və 192.6-cı maddələrinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətcə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildirilir ki, xx.xx.2023-cü il tarixli 3-17-5/2-31L/05/2023 nömrəli göstəriş məktubu ilə Cavabdeh MMC-nin rəhbərliyinə son haqq-hesabın əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yenidən hesablanaraq tam ödənilməsini və 30 gün ərzində əmək müqavilənizə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, KX-69-23 nömrəli əmri ləğv edərək törədilmiş qanun pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə X7 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan İddiaçı Hüseyn oğlunun xx.xx.2016-cı il tarixdə adına açılmış ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə məlumat toplusu üzrə operator vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə (yaxud 72-ci müddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Hüquq İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı məktubda göstərilmişdir ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciəti X7 Xidmətinin Bakı Şəhər İdarəsində müvafiq qaydada araşdırılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbləri pozulduğundan “İntend’’ MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin məktuba qoşmada məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, İddiaçı Hüseyn oğlu qanunsuz olaraq işdən kənar edilmə müddətində əmək haqqları ödənilməmişdir. Həmçinin vətəndaşların müəssisəyə vurduqları ziyan xx.xx.2023-cü il tarixində aşkar edilmiş lakin, intizam tənbehi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbləri pozularaq faktın aşkar edildiyi tarixdən bir ay keçdikdən sonra xx.xx.2023-cü il tarixində tətbiq edilərək əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin məktuba qoşmada məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh MMC-nin direktoru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1700 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Məhkəmə iclasında, o cümlədən məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş işə əlavə edilmiş materiallardan müəyyən edildi ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Məcəllənin 72-ci maddəsində təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) göstərilməklə qəbul edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi özündə 3 əsası ehtiva edir: a) İşçi özünün əmək funksiyasını yerinə yetirmədikdə; b)İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə; c)Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin iddiaçı iddia tələbində əmrin ləğv edilməsini deyil, onun etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında ona iddia tələbinin dəqiqləşdirilməsi və bunun hüquqi nəticələri izah edilsə də, iddiaçı tələbinin iddia ərizəsində olduğu kimi baxılmasında israrlı olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair tələblərdə əmək müqaviləsinin ləğv edilməsinin əsasının olması zəruriliyi ilə yanaşı həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuşdur. Həmin maddənin 2-ci hissəsində maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi, qanunvericilikdə əmrin etibarsız hesab edilməsi sırf onun forma və məzmunu ilə bağlı əlaqədar olan məsələlərə aid edilmişdir. Məhkəmə iclasında əmrin etibarsızlığının və onun ləğvinin hüquqi əsasları və nəticələri iddiaçının nəzərinə çatdırılmaqla, məhkəmə verilmiş tələb üzrə işə baxmaqda davam etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsin əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə araşdırması zamanı mübahisələndirilən əmrin məzmununda onun etibarsızlığına səbəb olacaq hər hansı müddəa aşkar edilmədiyindən iddianın qeyd edilən hissədə təmin edilməsinə əsasın mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “başqa işəgötürənlə müqavilə bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın ödənilməsi” tələbinə münasibətdə qeyd edir ki, iddianın birinci hissəsində göstərilən əsaslar mövcud olmamaqla təmin edilmədiyindən, eləcə də əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi tələb edilmədiyindən, həmçinin iddiaçının başqa işəgötürənlə müqavilə bağlaya bilməməsinin səbəbini qeyd olunan əmrin çıxış etməsini göstərən sübutlar təqdim edilmədiyindən iddia bu hissədə də əsassız olmaqla təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, Cavabdeh MMC tərəfindən iddiaçıya əmək kitabçasının və istifadəsində olan avadanlıqların təhvil alınmasına dair ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun iddiaçı tərəfindən nə zaman almasına dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya sessiyasından iştiraka dəvət üçün qarşı tərəfə bildiriş göndərilmiş, xx.xx.2023-cü il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tədim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, iddia müddətinin keçməsi halları öz təsdiqini tapmadığından cavabdehin ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi və ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar